SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Mehriban Əliyeva: Azərbaycana gələn turistlərin sayı ilbəil artır

Mehriban Əliyeva: Azərbaycana gələn turistlərin sayı ilbəil artır

Tarix:

15-09-2017, 15:32

/ 86 942 dəfə oxundu.
Mehriban Əliyeva: Azərbaycana gələn turistlərin sayı ilbəil artır

Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva Yaponiyanın xarici işlər nazirinin parlamentari müavini Manabu Hori ilə görüşüb.
M. Əliyeva M. Horinin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi üzrə yeni sazişin imzalanmasında iştirakını məmnunluqla qeyd edib.
Bu il Azərbaycanla Yaponiya arasında diplomatik əlaqələrin 25 illiyinin qeyd olunduğunu deyən M. Əliyeva iki ölkə arasında inkişaf edən münasibətlərin dostluğa, qarşılıqlı maraqlara əsaslandığını və bir çox sahələri əhatə etdiyini bildirib. Diqqətə çatdırıb ki, bu illər ərzində neft sahəsində əməkdaşlıq üzrə yaxşı təcrübə toplanıb və qeyri-neft sektorunda da əməkdaşlıq üçün böyük potensial var.
Yaponiyanın innovasiyalar və texnologiyaların inkişafı sahəsində dünya lideri olduğunu vurğulan M. Əliyeva deyib ki, bu və digər sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində münasibətləri inkişaf etdirmək üçün yaxşı imkanlar mövcuddur: “Müxtəlif xalqların bir-birini daha yaxından tanıması üçün Azərbaycan humanitar sahənin inkişafına önəm verir və bu baxımdan, təhsil sahəsində əməkdaşlığın qurulması xüsusi əhəmiyyət kəsb edir. Alimlərimizin, müəllimlərimizin birgə layihələri xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq”.
Münasibətlərin möhkəmləndirilməsi üçün daha bir vacib sahənin turizm sahəsi olduğunu deyən Birinci vitse-prezident hazırda bu sahənin ölkəmizdə prioritet olduğunu, Azərbaycana gələn turistlərin sayının ilbəil artdığını məmnunluqla vurğulayıb. Bildirib ki, sadələşdirilmiş viza rejimi bu sahənin inkişafına təkan verir. Yaponiya xalqının səyahət etməyi sevən xalq olduğunu qeyd edən M. Əliyeva ümidvar olduğunu bildirib ki, daha çox Yaponiya vətəndaşı səfər etmək üçün Azərbaycanı seçəcək. Birinci vitse-prezident ölkəmizdə Yaponiya ilə qurulan dostluq əlaqələrinin yüksək qiymətləndirildiyini və münasibətlərin gələcək inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb.
M. Hori isə Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyinatı münasibətilə Mehriban Əliyevaya təbriklərini çatdırıb. İki ölkə arasında diplomatik əlaqələrin qurulduğu 25 il ərzində Yaponiya və Azərbaycanın uğurlu əməkdaşlıq etdiklərini vurğulayan qonaq ölkəsinin Azərbaycanla münasibətlərin genişləndirilməsində maraqlı olduğunu söyləyib.
M. Hori Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması mərasimində iştirakından məmnunluğunu bildirdi və mərasimin uğurlu keçdiyini qeyd edib.

Şərhlər

XƏBƏR LENTİ