SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Dini meyxana vasitəsilə təbliğ etmək günahdır – İTTİHAM

Dini meyxana vasitəsilə təbliğ etmək günahdır – İTTİHAM

Tarix:

14-09-2017, 09:45

/ 39 322 dəfə oxundu.
Dini meyxana vasitəsilə təbliğ etmək günahdır – İTTİHAM

Məlumdur ki, meyxana Azərbaycana məxsus, zərb alətinin müşayiəti ilə oxunan musiqili-poetik janrdır.

Yuxarıda qeyd etdiyimiz bənd isə dini meyxana hesab edilir. Təbii, zaman-zaman bu cür ifalar səsləndirənlər olur. Dini meyxanaların əksəriyyətində İslamda tanınmış şəxsiyyətlərin həyat və fəaliyyətlərinin işıqlandırılması mühüm yer tutur.

Bununla yanaşı, bəzən insanlarda xof, qorxu yarada bilmə potensialına malik dini mövzuda meyxanaların olduğunu da müşahidə edirik. Meyxanaçılar İslam qaydalarını və ya dini fikirləri fərqli formada ifadə edirlər. Onlar özləri kimi düşünməyənləri düşmən elan edir və ideyalarını təbliğ etmək üçün dini qorxulu şəkildə təqdim edirlər. Ən pisi də odur ki, həmin meyxanalarda məzhəbçilik təəssübkeşliyi ön plandadır.

Maraqlıdır, bu nə dərəcədə düzgündür? Ümumiyyətlə İslam dinini meyxanalar vasitəsilə təbliğ etmək olarmı?

Din yarış meydanı deyil

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq Əliyev Modern.az-a açıqlamasında bildirib ki, İslam qayda-qanunlarını insanlara dini meyxanalarla çatdırmaq günahdır:

“Qurani-Kərimdə gözəl səslə azan, Quranın oxunması normal hesab olunsa da, onun musiqiyə çevrilməsi yaxud musiqi sədaları altında səsləndirilməsi qadağan edilib. Dini ayinlərin,dini adətlərin, qaydaların meyxana şəklində qarşı-qarşıya durub və ya müxtəlif formada deyilməsi tamamilə dinə ziddir. Mən də öz növbəmdə bunu normal hesab etmirəm.

Əgər bu cür hallar varsa, insanlar özü başa düşməlidir ki, qarşısını almaq lazımdır. Təbii ki, dövlət bu cür məsələlərə qarışmayacaq. Bunu ancaq ictimai qınaq və ya dini meyxana səsləndirənlərin dərk etməsi yolu ilə aradan götürmək olar. Meyxanaçılara yəqin ki, öz meydanları darlıq edir, buna görə dini meydana keçid ediblər. Amma din yarış meydanı deyil. İmanla, dinlə zarafat etmək olmaz. Onların bu zarafatlarını, deyişmələrini, sarkazmlarını, dini qaydaları fərqli formada səsləndirmələrini, sözlərini dinə calamalarını qəbul emirəm və çox ciddi surətdə buna etiraz edirəm”.

“Bəlkə meyxanaçılar insanlara namaz qılmağı və ya dini qaydalara itaət etməyi öyrədir?..”

Maraqlıdır ki, dini meyxanaları ifa edənlərin əksəriyyəti Həcc ziyarəti edən şəxslərdir. R.Əliyev buna da münasibətini bildirib. O qeyd edib ki, meyxanaçıların hacı olması üzərlərindəki məsuliyyəti götürmür:

“Dini meyxana yolu ilə təbliğ etmək mümkün deyil. Dini təbliğatın öz formaları var. Digər tərəfdən dini təbliğ etməyə yox, öyrənməyə ehtiyac var. Bəlkə meyxanaçılar insanlara namaz qılmağı və ya dini qaydalara itaət etməyi öyrədirlər? Onlar meyxana vasitəsilə dinin əsas məzmununu, məğzini aşılamırlar. Hər kəs dinə özü gəlir və iman insanın içindədir. Bu, hədislərdə də var. İnsan nə qədər bacarırsa, o qədər iman edir. Meyxanada dini qayda-qanunları səsləndirib insanlara aşılamaq artıq zor işlətməkdir. Bu hətta bizim sivil qaydalara da ziddir.

Onların hacı olması üzərlərindəki məsuliyyəti götürmür. Bu gün Suriya və ya başqa yerlərdə baş kəsən, cinayət işləyən o qədər hacı var ki. Hacı statusu insana heç bir səlahiyyət vermir.

Təklif edirəm ki, onlar bir “Hacılar cəmiyyəti” yaratsın və yetimlərə, aclara, kasıblara kömək etsinlər. Əgər dini camaata təbliğ etmək istəyirlərsə, meyxana oxumağa ehtiyac yoxdur. Sadəcə mərhəmətli olub, bacardıqları qədər xeyir əməllərlə məşğul olmalıdırlar. Azərbaycanda 2 milyona yaxın hacı var. Niyə də cəmiyyət yaradıb xeyriyyəçiliklə məşğul olmasınlar?...İslam qaydalarına əməl etmək lazımdır, meyxanaya ehtiyac yoxdur”.

Şərhlər

XƏBƏR LENTİ