SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Əbülfəs Qarayevin Ağstafadakı adamından prezidentə şikayət olundu - Müraciət...

Əbülfəs Qarayevin Ağstafadakı adamından prezidentə şikayət olundu - Müraciət...

Tarix:

7-07-2017, 11:11

/ 112 967 dəfə oxundu.
Əbülfəs Qarayevin Ağstafadakı adamından prezidentə şikayət olundu - Müraciət...

Bir qrup Ağstafa rayon mədəniyyət işçiləri adından prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şikayət məktubu ünvanlanıb. Bir nüsxəsi də bizə daxil olan müraciətdə deyilir:

"Hörmətli Cənab Prezident! Hörmətli Mehriban xanım! Biz Ağstafa rayon mədəniyyət işçiləri Sizə üz tuturuq. Çünki çıxılmaz vəziyyətdə qalmışıq. Ağstafa Reqional mədəniyyət və Turizm idarəsinin rəisi Ramiz Quliyev reqiona rəis təyin olunan gündən bizim problemlərimizlə maraqlanmaqdan, işlərimizə kömək, təkan vermək, əvəzinə əlimizi işdən soyudub. Hamımız hər gün işdən çıxarılmaq qorxusu ilə yaşayırıq. Çünki Ramiz Quliyevin “kassiri”Gülgün Kərimov bu barədə bizi “marifləndirib”, yəni əvvəlcədən xəbərdar edib. O, Ramiz Quliyevlə birgə reqionda çalışan işçilərin adları və vəzifələri qeyd olunan siyahı tərtib edib. Bu siyahıda işçilərin işdə qalmaları üçün kimin necə manat verəcəyi qeyd olunub. Gülgün Kərimovun sözlərinə görə Ramiz Quliyev “insaflı” adamdı. Belə ki, siyahıda adları olan işçilərə “güzəştlər” də nəzərdə tutulub. Bu da ondan ibarətdir ki, tutduğu vəzifədən, iş stajından asılı olmayaraq ixtisası üzrə işləyənlər “güzəştlə” 700 manat , digərləri isə 1000 manat pul verməlidirlər. Pul verməkdən imtina edənlərə də “hörmətlə” yanaşırlar. Belə ki, həmin işçilər öz ərizələri ilə səssiz – səmirsiz işdən cıxmalıdırlar. Əks halda onlar müxtəlif bəhanələrlə Ramiz Quliyevin əmri, Gülgün Kərimovun əsaslı - əsassız tərtib etdiyi aktla işdən azad olunacaqlar. Gülgün Kərimovun sözlərinə görə bununla da həmin işçilərin çoxillik iş stajının üstündən xətt çəkiləcək.

Hörmətli Cənab Prezident! Hörmətli Mehriban xanım! Biz Ramiz Quliyevin bu haqsızlığına ehtiraz edəndə Gülgün Kərimov bildirir ki, Ramiz Quliyev özbaşına iş görmür, o da nazirlikdən tapşırıq alır. Belə ki, yığdığı bu pullarda “yuxarının” da “payı” var. Yuxarı dedikdə biz bilmirik Gülgün Kərimov kimi nəzərdə tutur. Lakin biz mədəniyyət işçiləri yaxşı bilirik ki, Əbülfəz Qarayevin belə işlərdə əli yoxdur. Ramiz Quliyev 6 aydır vəzifədə işləyir. Əbülfəz Qarayevi isə neçə illərdir tanıyıırıq. Biz dəfələrlə Ramiz Quliyevin və Gülgün Kərimovun haqsızlıqları barədə Əbülfəz Qarayevə müraciət etmişik. Lakin bizim şikayətimizə nazirlik tərəfindən heç bir münasibət göstərilmir. Belə çıxır ki, bütün məktublar Əbülfəz Qarayevdən gizlədilir. Biz bilmirik Ramiz Quliyevin nazirlikdə arxasında duran kimdir? Onun əməllərini üstünü örtən, nazirdən gizlədən kimdir? Ramiz Quliyev əvvəllər mədəniyyət və Turizm Nazirliyində işləyib, reqiona da oradan rəis təyin olunub. Deməli nazirlikdə özünə “arxa” axtarmaq onun üçün heç də çətin deyil.

Hörmətli Cənab Prezident! Hörmətli Mehriban xanım! Siz respublikamızın rifahı naminə çalışdığınız bir dövrdə, əhalinin işlə təmin olunması, yoxsulluğun aradan qaldırılması üçün əlinizdən gələni etdiyiniz bir vaxtda təəsüf ki, Ramiz Quliyev kimi dövlət məmurları vəzifəsindən sui istifadə edir. İşçiləri işdən çıxardır, mədəniyyət işçiləri arasında kütləvi narazılıq yaradır. Məlumat üçün bildirmək istəyirik ki, ötən ay Ramiz Quliyev kecirdiyi iclasda əsassız olaraq Ağstafa rayon mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru İradə Namazovanı, Musiqi məktəbinin direktoru Arif Əliyevi toplantı iştirakçıları qarşısında mədəniyyət işçisinə yaraşmayan nəlaiq sözlərlə təhqir etdi. İradə Namazova Ramiz Quliyevin haqsız davranışına, onun bir qadın kimi ictimaiyyət arasında şəxsiyyətini alçaltdığına görə iclasdan sonra işdən çıxmaq üçün ərizə verdi. Biz, onun işçiləri İradə xanımı bu yoldan çəkindirə bilmədik. 30 ildən artıq mədəniyyət sahəsində çalışan, bilik və bacarığını bu sahəyə həsr edən İradə Namazova Ramiz Quliyevin təziqlərinə məruz qalaraq bu addımı atdı. Sonra xəbər yayıldı ki, Musiqi məktəbinin direktoru Arif Əliyevdən də ərizə verməsini tələb edib. Bütün bunlardan sonra biz mədəniyyət işçiləri Ramiz Quliyevin və Gülgün Kərimovun əməllərinə ehtirazımızı bildirmək məqsədilə Ağstafa Reqional Mədəniyyət və Turizm İdarəsinin qarşısında mitinq keçirtdik. Bu mitinq böyük səs –küyə səbəb oldu. Hüquq mühafizə orqan nümayəndələri, təcili yardım əməkdaşları bir –birinə qarışmışdır. Hələ də bütün Ağstafa bu mitinqdən danışır. Biz istəməzdik ki, rayonda belə vəziyyət yaransın. Lakin bizi buna Ramiz Quliyev məçbur etdi. Biz mərkəzi kitabxana sisteminin və musiqi məktəbinin işçiləri, ümumiyyətlə bütün zərər çəkənlər mətbuat və televiziya nümayəndələrini dəvət edərək növbəti mitinqə hazırlaşırıq. Çünki başqa çıxış yolumuz yoxdur. Ramiz Quliyevin növbəti qurbanı kim olacaq deyə narahatıq.

Hörmətli Cənab Prezident! Hörmətli Mehriban xanım! Bütün Azərbycan xalqına məlumdur ki, Sizin gərgin və cətin iş rejiminiz var. Biz mədəniyyət işçiləri bu məktubumuzla Sizi narahat etdiyimiz ücün üzr istəyirik. İnanırıq ki, Sizin tapşırığınızla Ramiz Quliyev barəbə tədbir görüləcək. Əvvəlcədən Sizə minnətdarlığımızı bildiririk".

Qarşı tərəfi də dinləməyə hazırıq...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ