SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Taleh Qaraşov bu kəndi unudub... - ŞİKAYƏT

Taleh Qaraşov bu kəndi unudub... - ŞİKAYƏT

Tarix:

28-06-2017, 17:41

/ 52 811 dəfə oxundu.
Taleh Qaraşov bu kəndi unudub... - ŞİKAYƏT

«Uşaq bağçası yox, məktəb yox, tibb məntəqəsi yox, yol yox, qaz yox... Hansını deyəsən, hansını sayasan? Uşaqlarımız qışın şaxtasında bərbad yolla yıxıla-dura qonşu kəndlərdəki məktəblərə gedib gəlir. Yayı bir zülm, qışı başqa zülm...». Lənkəranın Lerik istiqamətində ən sonuncu kəndi olan Təngivanın sakinləri bitib-tükənməyən sosial problemlərdən danışır. Kəndlilər uzun illərdir ki, işsizlik, qaz, yol, məktəb, tibb məntəqəsi, su və başqa çatışmazlıqlardan əziyyət çəkdiklərini dilə gətirirlər.
Kənd sakini İxtiyar Nəsibov: «Ən başlıca dərdimiz yolla bağlıdır. Bərbad yolla hər gün mərkəzə işə, bazara gedib-gəlirik. Maşın da dağılır, kənddə heç bir qapıda salamat maşın tapmazsan. Bura avtobus da gəlmir. Bir dəfə gələn avtobus ikinci dəfə təmir sexinə getməlidir çünki... Yolların asfaltı təmiz sıradan çıxdığı üçün maşınlar hərəkət edəndə hər tərəfi qalın toz-duman bürüyür. Təmiz havaya həsrət qalmışıq. Bir maşın keçəndə yolboyu bütün evlər, kəndlər toza-dumana qərq olur. Hətta evlərin içi, çölü, divarları tozdan qapqaradır bu kəndlərdə...».
Kənd iki hissədən ibarətdir- sakinlər öz aralarında Aşağı və Yuxarı Təngivan adlandırırlar. Kəndi iki hissəyə ayıransa Lənkərançaydır. Yuxarı təngivanlılar bu çaydan da şikayət edirlər.
Maşallah Səlimov deyir: «Bu bədbəxt çayı, az qala, gecə-gündüz maniya qatına kimi qazıb daşları daşıyırlar. Çayın elə hissələri var ki, 15-20 metr dərinliyə qədər qazıblar. Bir də çayın ətrafında quşçuluq fermaları və başqa sexlər var. Çayı tullantılarla zəhərləyirlər. Məsələn, cücələr kütləvi kəsilir və qanı, cəsədi çaya buraxılır. Uşaq vaxtı o çayda çimərdik, indisə heç heyvan da oradan su içmir».
Kənddə adamlara sosial xidmət sıfırdır. Çünki nə tibb məntəqəsi var, nə məktəb, nə də başqa dövlət idarəsi var... Sakinlər tibbi xidmətdən ötrü rayon mərkəzinə, məktəbə qonşu kəndlərə üz tuturlar. Maşallah Səlimov davam edir: «Bura Lənkəranın sonuncu kəndidir. Bizdən sonra Lerikin Piran kəndi başlayır. Uşaqlar da məktəbə həmin kəndə gedirlər. Bu yolun kənarında bizim kimi əziyyət çəkən təqribən 10 kənd var. Ancaq ən bərbad vəziyyət bizdədir. Bizim kənddə heç ATS xidməti də yoxdur, halbuki, dağlıq kənd deyil».
Bir də kəndlilərin işsizlik dərdi var. Kəndlilərə məxsus örüş və pay torpaqları çayın qarşı tərəfində yerləşir. Deyirlər, dərin yarğanları nəinki heyvanlar, heç insanlar özləri də çətinliklə adlayır. Maşallah Səlimov danışır: «Bizim ərazilər əkinə yararlı olmadığından ümidimiz təkcə heyvandarlığa qalır. Örüşlərimiz də çayın o tayında... Özünüz vəziyyəti göz önünə gətirin... Sovet dağılandan sonra işsizlik başladı və kəndlilər Talış (Qazılıq) dağlarındakı meşələrə darışıb ağac kəsib odun satmağa başladılar. İndi meşədə kəsməyə ağac da tapılmır».

Şərhlər

XƏBƏR LENTİ