SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Lerik polisindən nazirə ŞOK MƏKTUB

Lerik polisindən nazirə ŞOK MƏKTUB

Tarix:

21-06-2017, 14:29

/ 58 894 dəfə oxundu.
Lerik polisindən nazirə ŞOK MƏKTUB

Əmənullayeva Ülfət: “Xahiş edirəm, Lerik Rayon Polis Şöbəsinin rəisi Hüseynəli Məlikovdan və müavini Şahin Ağayevdən bizim təhlükəsizliyimizi qoruyun”

Lerik rayonunun Günəşli kənd sakini Əmənullayeva Ülfət Səfər qızının respublikanın daxili işlər naziri R.Usubova ünvanlı şikayət ərizəsi daxil olub.

Şikayət ərizəsindən məlum olur ki, vətəndaş Ü.Əmənullayeva üzləşdiyi problemlə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisinə və Daxili İşlər Nazirliyinə etdiyi müraciətlər Lerik Rayon Polis Şöbəsinə göndərilib. Müraciətlər Lerik RPŞ-də araşdırılaraq, vətəndaşa məsələ ilə əlaqədar mülki və xüsusi ittiham qaydasında yerli məhkəmə orqanlarına müraciət etmək hüququ olduğu barədə cavab məktubu gəlib. Bəs Ü.Əmənullayevanın üzləşdiyi əsas problemlər nədən ibarətdir?

“Mən el adəti ilə, toy-büsatla gəlin köçmüşəm, lakin sonradan bildim ki, məni aldadıblar”

Bu barədə Ü.Əmənullayeva yazır ki, keçmiş polis zabiti Alxasov Asif Həşim oğlu elçi göndərib el adəti ilə toy edərək onunla ailə qurub, lakin o, ər evinə köçəndən sonra məlum olub ki, Asifin Bakıda Vəfa adında arvadı varmış: “Düşündüm ki, daha bir işdir düşmüşəm, dözməliyəm. Taleyimlə barışmalı oldum. Hazırda dörd yaşlı oğlum var.

Qaynım arvadı İlhamə və ortancıl baldızım Vəsilə hər gün Vəfa ilə əlaqə saxlayaraq onu mənə qarşı qızışdırırdılar. Vəsiləyə ev-eşik tikmədiyim üçün o, sanki mənə düşmən kəsilmişdi. Ər evinə köçəndən həyat yoldaşım Asif, qayınanam və qayınatam xətrimi çox istəyirdilər. Lakin qaynım arvadı İlhamə buna dözə bilmirdi. Ona görə də İlhamə və ortancıl baldızım Vəsilə qayınanamın qılığına girərək məni boşatdırmaq fikrinə düşdülər. Ancaq məni boşamaq üçün əsas tapa bilmirdilər. Odur ki, işi “sülh yolu” ilə həll etməyə nail oldular.

Bir gün atamgilə qonaq gedirdim. Qaynım Arif məni atamgilə apardı. Vəsilə, İlhamə və İlhamənin qardaşı (Dadi) Vidadi artıq Vəfanı üzərimə qaldırmışdılar. Vəfa mənə hədə ismarıcları göndərəndən sonra daha Asifin evinə qayıtmadım. Əgər günahım var idisə, niyə Asif tərəfdən bir nəfər gəlib valideynlərimə şikayət etmədi? Hətta qaynım arvadı zəng edib mənə dedi ki, Arif deyir, Ülfət Asifdən polisə şikayət etsin. Lakin atam Asifdən polisə şikayət etmədi. Dedi ki, “qızım, Asifin bir oğlu var, oğlunun xatirinə o, səni atmaz”.

“Bəs sonra “Maarif” hazırlıq kurslarının rəhbəri A.Arif nə etdi? O və İlhamə Lerik şəhərində yaşayan Məmmədova Lətifə Gülməmməd qızını 2015-ci ilin oktyabr ayında Asifə qaçırdılar. Mən el adəti ilə, toy-büsatla gəlin köçmüşəm, lakin sonradan bildim ki, məni aldadıblar, bir arvadın üstünə ərə getmişəm. Lətifə isə bilə-bilə ki, Asifin iki arvadı, bir oğlu var, yenə də ona qoşulub qaçıb”.

“Şəfiqə qızını gizlədərək, Gülsündən polisə şikayət edib ki, qızı “yoxa çıxıb” və...”

“Bəs Məmmədova Lətifə kimidir? O, birinci dəfə Mastayıl kəndində Ziyafət adlı birinə ərə gedib, lakin bir müddət sonra atası evinə qayıdıb. İkinci dəfə Masallı rayonunda Gülsün adlı evli bir kişiyə qoşulub qaçıb. Gülsünün birinci arvadından üç uşağı varmış. Lakin Gülsün bir müddət sonra Lətifəni evdən qovub. Gülsün Lətifəni qovandan sonra Lətifənin anası Şəfiqə Məmmədova qızını gizlədərək, Gülsündən polisə şikayət edib ki, qızı “yoxa çıxıb” və bunu Gülsünlə bağladı. Lakin Gülsünün adamları Şəfiqəni nəzarətdə saxlayıblar. Bir neçə aydan sonra Şəfiqə qızı Lətifə ilə gizli görüşərkən Gülsünün adamları Lətifəni polisə təhvil veriblər. Yalan məlumat verdiyinə görə Şəfiqə polis tərəfindən yüksək məbləğdə cərimə edilib.

Lətifə sonra üçüncü dəfə Masallıda qardaşı arvadının qohumlarından birinə ərə gedib. Bir neçə aydan sonra buradan da qovularaq anasının yanına qayıdıb.

Deyilənə görə, Lətifə dördüncü dəfə Gürdəsər kəndindən birinə qoşulub qaçıb. Ancaq gecə ilə Lətifə anasının evinə qaytarılıb.

Beşinci dəfə qardaşı Rahim öz xərci ilə Lətifə üçün toy edərək, onu əsli Lerik rayonunun Almu kəndindən olub, Sumqayıtda yaşayan Tural adlı birinə ərə verib. Toy Sumqayıt şəhərində 12.04.2014-cü il tarixdə “Səhər” şadlıq evində olub. Sən demə, Turalın birinci arvadından iki uşağı varmış və bunu Lətifə bilirmiş. Ancaq bir müddətdən sonra Lətifə Sumqayıtda ailə üzvlərinin zinət əşyalarını oğurlayaraq anasının evinə qaçıb. Oğurluğa görə o, Lerik RPŞ-də cinayət məsuliyyətinə cəlb olunub. 2015-ci ilin oktyabrında isə keçmiş ərim Asifə qoşulub qaçıb. Asif Lətifənin altıncı əri idi. Onu da qeyd edim ki, Lətifə iki arvadın üstünə Asifə ərə gəldiyini bilirdi”.

“Elə ki, Asifin qız qaçırtdığını eşitdim...”

“Elə ki, Asifin qız qaçırtdığını eşitdim,10.11.2015-ci il tarixdə Lerik RPŞ rəisinin qəbuluna getdik. Rəis iki müavini ilə bizi qəbul etdi. Rəisdən xahiş etdik ki, Asifi də gətirdib bizimlə üzləşdirsinlər. Lakin rəis Asifi gətirtmədi. Söhbət zamanı rəis müavini Şahin Ağayev, nədənsə, Asifin və qaynım Arifin vəkili kimi danışırdı. Mən soruşdum ki, rəsmi nikahımız olmadan Asif oğluna doğum haqqında şəhadətnaməni necə alıb? Şahin Ağayev qayıtdı ki, “Asif oğluna öz atalığını verib, daha nə istəyirsən? Get, otur atanın evində, rəsmi nikah nəyinə lazımdır?”

Belə olan halda, 10.11.2015-ci il tarixdən Asif haqqında aidiyyəti orqanlara şikayət etməyə başladım. Çünki Lerik RPŞ Asifin qaçırtdığı qızın kimliyini gizlədirdi. Mən Asifin qız qaçırtmasından şikayət yazırdım. Asif məni böhtançı çıxartmaqdan ötrü arvadı Lətifəni Lənkəran rayonunun Diryan kəndində yaşayan Cəfərov Əzizəli Dadaş oğlunun evində gizlətdi. Lakin Əzizəlinin qızları Lətifəni evdən qovdular. Asif məcbur olub yenidən Lətifəni evinə apardı”.

“Lətifə ailəmi dağıdıb, ərimi əlimdən alıb, uşağımı atasız qoyub”

“Lətifə hər dəfə ərə gedib-qayıdanda bir oğlan uşağı dünyaya gətirirdi. Həmin oğlan uşaqları indi haradadır, bilən yoxdur. Hazırda Asif Lətifə ilə yaşayır. Asifə qoşulub gedəndən sonra Lətifənin anası Şəfiqə məni döymək üçün iş yerimə - Lerik Rayon Mərkəzi Xəstəxanasına gəlib. Mən növbədə olmadığım üçün məqsədinə nail ola bilməyib. Sonra Lətifənin bacısı Ceyran da məni döyməyə gəlib, lakin kimsə onu xəstəxananın həyətindən uzaqlaşdırıb.

Siz haqq-ədalətə baxın: Lətifə ailəmi dağıdıb, ərimi əlimdən alıb, uşağımı atasız qoyub. Üstəlik də, anası, bacısı üstümə hücum çəkib tələb edirlər ki, Lətifənin adını çəkməyim”.

“Səni saçlayıb apararam polis şöbəsinə, orada başına oyun açdıraram”

“Lətifənin qardaşı Şirvan Lerik şəhərində məni addım-addım izləyirdi. Lətifənin digər qardaşı Məmmədov Rahim Gülməmməd oğlu isə iş yerimdə növbədə olarkən 08.01.2017-ci il tarixdə, saat 11:17-də (051)-693-43-44 mobil telefon nömrəsi ilə zəng edərək, biabırçı sözlərlə məni təhqir etdi və hədələdi. Mən ona xəbərdarlıq etdim ki, əgər bir də artıq-əskik danışsan, “102”-yə zəng edəcəyəm. O isə dedi ki, “”102” mənə nə edəcək, səni saçlayıb apararam polis şöbəsinə, orada başına oyun açdıraram”. Hətta polis şöbəsindən kimsə Rahimə deyib ki, “sən Ülfətə sataş, biz onu bir bəhanə ilə şöbəyə gətirək”. Ancaq mən həmin gün “102”-yə zəng etmədim.

27.01.2017-ci il tarixdə Rahim məni cəzalandırmaq üçün Lerik RMX-na - iş yerimə gedib. Qapını təpiklə açıb içəri girib. Nalayiq sözlərlə mənə söyüşlər yağdırıb. Deyib ki, “Asif (Lətifənin indiki əri) mənə deyib ki, siz kişi deyilsiniz? Siz dura-dura Ülfət bacınızın ardınca danışır. Onu saçlayıb soyundurun, lüt bədənini camaata göstərin və döyün. Elə döyün ki, bir aydan sonra ölsün”.

28.01.2017-ci il tarixdə işə gələndə Rahimin təhqir və hədələrindən xəbər tutandan sonra “102”-yə zəng etdim”.

“Sahə müvəkkili dedi ki, rəis şikayətin təhqiqata göndərilməsini məsləhət bilmir”

“31.01.2017-ci il tarixdə məni Lerik RPŞ-nə çağırdılar. Şöbədə tələb etdik ki, Rahimi mənimlə üzləşdirsinlər. O, üzləşmədə xəstəxanada dediyi sözləri, yəni Asif tapşırıqlarını - məni saçlamasını, soyundurub lüt bədənimə döyməsini, eləcə də yolumu kəsib, başıma nə oyun açacağını bir daha təkrar etsin. Lakin şikayətə baxan sahə müvəkkili Zahir müəllim Rahimi şöbəyə çağırmadı. Sahə müvəkkili dedi ki, rəis şikayətin təhqiqata göndərilməsini məsləhət bilmir. Bu yerdə ortaya maraqlı sual çıxır: bəlkə bu oyunları elə rəis özü təşkil edib, ona görə Rahim belə cəsarətlənib?

Polis şöbəsində dedilər ki, izahatımda onlar nə deyirsə, onu yazım. Əgər mən polis əməkdaşının dediyini yazacaqdımsa, onda bizi şöbəyə niyə çağırırdılar?”

“Rahim öz izahatında məni hədələdiyini, üç nəfərlə yolumu kəsəcəyini yazmamışdı”

“Çox çətinliklə də olsa, Rahimin izahatı ilə tanış ola bildik. Rahimin izahatını özündənrazı hüquqşünas-polis əməkdaşı yazmışdı. O, Rahimin xəstəxanada dediklərində cinayət əməli olduğu üçün həmin məsələləri izahatda qeyd etməmişdi.

Rahim öz izahatında məni hədələdiyini, üç nəfərlə yolumu kəsəcəyini yazmamışdı. Yalnız onu yazmışdılar ki, guya Rahim mənə xəbərdarlıq edib.

Şöbədə mənə deyirlər ki, Asif Lətifəni sevir, ona görə də onunla yaşayır. Demirəm ki, Asif Lətifəni yox, məni sevsin. Tələb edirəm ki, Asif törətdiyi cinayətlər üçün məsuliyyət daşısın”.

“Əgər rəis Hüseynəli Məlikov öz şəxsi heyətinə vaxtında nəzarət etsəydi...”

“10.11.2015-ci il tarixdə ilk dəfə rəisin qəbulunda olanda biz ağzımızı açan kimi rəis dedi ki, bilirəm, məsələdən xəbərim var. Lerik RPŞ-nin rəisi təcrübəsiz adam deyil. Özünün dediyinə görə, on ildən çoxdur rəis işləyir. Əgər rəis Hüseynəli Məlikov rayonumuza ağsaqqal kimi gəlibsə, düz-əməlli ağsaqqallıq etmir? Yox, əgər polis rəisi kimi gəlibsə, niyə polisə rəhbərlik etmir? Araşdırsanız, məlum olar ki, H.Məlikov rayonumuza rəis gələndən sonra neçə polis əməkdaşı ictimai əxlaqsızlıq etdiyi üçün işdən azad edilib?

Əgər rəis Hüseynəli Məlikov öz şəxsi heyətinə vaxtında nəzarət etsəydi, Asif kimi polis əməkdaşları doğru yoldan uzaqlaşmazdılar.

Qeyd etdiyim kimi, rəisin qəbulunda olanda rəis müavini Şahin Ağayev Asifi canfəşanlıqla müdafiə edirdi. İndi başa düşürəm ki, Asifin kimi qaçırmasının üstünü polis niyə açmırdı. Ş.Ağayev Asifi Lətifəyə görə müdafiə edirmiş. Görəsən, Rahim məni Şahin Ağayevlə niyə hədələyir? Ş.Ağayev Şəfiqə Məmmədovanın ailəsini niyə belə himayə edir? Bu ailəni Ş.Ağayevə kimi tapşırıb? Orqan işçilərinin kriminal adamlarla və ailərlərlə əlaqəsi yolverilməzdir. Görəsən, Şəfiqə Məmmədovanın ailəsi ilə rəis müavini Şahin Ağayevi nə bağalayır?

Mən uşağa aliment verilməsi üçün məhkəməyə müraciət edəndən sonra Şahin Ağayev Asiflə Lətifəni xaricə qaçırmaq istəyirdi. Hamı məni qınayırdı ki, niyə məhkəməyə müraciət etmirəm? İndi müraciət etmişəm, ancaq yenə də Ş.Ağayev Asifə dəstəyindən qalmır. 15.03.2017-ci il tarixdə məhkəmə qətnamə çıxarmasına baxmayaraq, Ş.Ağayev Asifin aliment ödəməsinə mane olur. Və hazırda uşağıma çatacaq aliment ödənilmir.

Rəis müavini Şahin Ağayevin Məmmədovlar kimi çoxlu kriminal dostları var. Hesab edirəm ki, o, belə adamlarla məni və ailə üzvlərimi şərləməklə, böhtan atmaqla cinayət məsuliyyətinə cəlb elətdirəcək. Odur ki, xahiş edirəm, bu cür təhlükələrdən bizi qoruyun!

Hörmətli cənab nazir!

Xahiş edirəm ki:

- Lerik Rayon Polis Şöbəsinin rəisi Hüseynəli Məlikovdan və müavini Şahin Ağayevdən bizim təhlükəsizliyimizi qoruyun;

- H.Məlikovun və Ş.Ağayevin M.Şəfiqənin ailəsi kimi digər kriminal ailələrlə də bağlılıqları nəzərə alınaraq, mən, atam və qardaşalarım şərdən və qadın böhtanından qorunsun;

- Atamın, qardaşlarımın və mənim təhlükəsziliyim M.Şəfiqənin ailəsindən qorunsun;

- A.Şahin və M.Rahim mənimlə üzləşdirlisin və onlar şəxsən izahat yazsınlar ki, bizim ailə üçün heç bir təhlükə yaratmayacaqlar. Həmin izahatların surəti bizə verilsin;

- Biz polis şöbəsinə çağırılarkən bizə psixolji, hədələyici və digər təzyiqlər göstərilməsin;

- Araşdırılsın ki, A.Asifin qardaşı Arif Dağıstan Muxtar Respublikasında adam öldürdüyü üçün həbsdə yatdığı halda, Alxasov Asif Həşim oğlu Daxili İşlər Orqanlarına necə işə götürülüb?

- Rəis müavini Ş.Ağayevlə Arif Alxasovu qırılmaz tellərlə bağlayan nədir?”

Ü.Əmənullayeva sonda bir daha cənab nazirdən şikayətinin obyektiv araşdırılmasını, üzləşdiyi qanunsuzluqlara, həmçinin Lerik Rayon Polis Şöbəsi tərəfindən məruz qaldığı təzyiqlərə son qoyulmasını, günahkarların cəzalandırılması ilə bağlı aidiyyəti orqanlara tapşırıq verilməsini xahiş edir.

Rəis müavini Şahin Ağayev məsələyə münasibət bildirdi...

Redaksiyamızla əlaqə saxlayan Ü.Əmənullayevanın qanuni nümayəndəsi Əmənullayev Rahim Səfər oğlu bacısının üzləşdiyi problemlə əlaqədar şikayətini müdafiə etdiyini deyərək, axıradək mübarizə aparacağını və geri çəkilmək niyyətində olmadığını bildirdi.

Məsələ ilə əlaqədar mövqeyini öyrənmək üçün Lerik Rayon Polis Şöbəsinin rəis müavini Şahin Ağayevlə əlaqə saxladıq. Ş.Ağayev sözügedən şikayətin əsassız olduğunu, qərəzli şəkildə adının yanaşı çəkildiyi şəxsləri tanımadığını, onlarla hər hansı bir əlaqəsi, yaxud bağlılığı olmadığını dedi. Rəis müavini onu da vurğuladı ki, qarşı tərəf şikayətlərini davam etdirəcəkləri halda, onlar da məsələyə seyrçi qalmayacaqlarını, qanunun bütün ciddiliyi nəzərə alınmaqla müvafiq tədbirlər görəcəklərini bildirdi.

Çox təəssüf ki, şikayət ərizəsində adı keçən digər şəxslərlə əlaqə saxlamaq mümkün olmadı. Odur ki, həmin şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

“Təzadlar”
 Lerik polisindən nazirə ŞOK MƏKTUB
 Lerik polisindən nazirə ŞOK MƏKTUB
 Lerik polisindən nazirə ŞOK MƏKTUB
 Lerik polisindən nazirə ŞOK MƏKTUB
 Lerik polisindən nazirə ŞOK MƏKTUB

Şərhlər

XƏBƏR LENTİ