SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » FHN işçiləri bu dəfə yanğın törədirlər... - Neftçalada NARAZILIQ

FHN işçiləri bu dəfə yanğın törədirlər... - Neftçalada NARAZILIQ

Tarix:

14-06-2017, 11:36

/ 64 837 dəfə oxundu.
FHN işçiləri bu dəfə yanğın törədirlər... - Neftçalada NARAZILIQ

«17 hektar ərazidə «Qırmızı Kitab»a düşmüş ağacları kəsiblər. Hələ yandırılan ağaclar da var. Bir sözlə, burda təbiət qəsdən məhv edilir». Neftçala rayonunun Aşağı Qaramanlı kənd sakini Saday Fərəcov bildirir ki, Kürün lildən təmizlənməsi üçün hazırda bir layihə icra olunmaqdadır. Nəticə isə acınacaqlıdır - ərazidəki yüzillik yulğun ağacları məhv edilir. Bu ağaclar sayına və yaşına görə «Qırmızı Kitab»a düşüb: «Aşağı Qaramanlı ərazisində yerləşən adada qurğular, obyektlər qurmaqdan ötrü yaşı 100-ü ötmüş ağacları, «Qırmızı Kitab»a düşmüş yulğun ağaclarını məhv edirlər. Kolxoz dövründə Kür çayının axarını önləmək, nizamlamaq üçün əraziyə ikinci qol çəkilib. Nəticədə ada yaranıb. Ərazisi təxminən 80 hektar civarındadır. Hazırda 17 hektar ərazisində yerləşən yüzlərlə ağacı kəsiblər».

Kənd sakini deyir, istifadə olunmayacaq ərazilərdə belə yaşıllıqlara, nəsli kəsilməkdə olan ağaclara divan tutulur: «Yol çəkilişi adı altında yüzillik ağaclar kökündən çıxarılır. Fövqəladə Hallar Nazirliyinin (FHN) adı çəkiləndə gözümüzün önünə ilk olaraq yanğınsöndürənlər gəlir. Ancaq bu dəfə onlar yanğın söndürməyiblər, özləri yanğın törədiblər. İş gedən ərazilərin yaxınlığında tonqallar qalanıb, yanğın baş verib, yüzlərlə ağac yanıb».

S.Fərəcov iddia edir ki, FHN işçiləri ağacları qəsdən yandırıblar.

Kənd hələ də sel xofu yaşayır. Tez-tez daşan çay kəndin mal-qarasını, əkin təsərrüfatlarını basdıqca, bu xof daha da artır. Kənd sakinləri Kürün «dəliliyinin» qəsdən önlənmədiyini iddia edirlər. S.Fərəcov: «Kəndlilər çayın daşmasının qarşısının alınması üçün yol da göstəriblər. Ancaq məmurlar Kürün «dəliliyi» tutanda yaxşıca pul qazanırlar deyə, onlara bu problemi kökündən həll etmək sərfəli deyil. Kürün səviyyəsi qalxanda da, enəndə də zərəri sadə kəndliyə dəyir. Bu ərazilərdəki fanton qurğuları sıradan çıxır, yaxud suyun altında qalır, boruların sugötürmə qabiliyyəti olmur. Aşağı Qaramanlıda selin qarşısını almaq çayın bol axarlı qolunun qarşısına ikimetrlik beton piltələr atmaq qədər sadədir. Ancaq aylardır ki, texnikalar, işçi qüvvəsi, yanacaq və sair xərclər silinir, milyonlarla vəsait havaya sovrulur, ortada isə heç nə yoxdur. Aşağı Qaramanlının qonşuluğundakı Qədimkənddə Kür sahilində beton piltələr var ki, həmin piltələr də zamanında fanton qurğusu tikiləcəyi üçün atılıb. Həmin piltələri aylardır ki, nəticəsiz işləyən texnikalarla bir saatlığa bir yerdən digər yerə aparıb suyun məcrasını nizamlamaq olardı».

Neftçala rayon İcra Hakimiyyəti isə deyilənləri təkzib edir: «Ağacların qırılması ilə bağlı deyilənlər həqiqətəuyğun deyil. Orda iş gedir, heç bir ağaca zərər dəyməyib. Azərbaycanda Kür daşqınlarının qarşısının alınması üçün illərdir ki, bənd tikmə işləri aparılır. Neftçalada da bu iş sürətlə davam edir».

Qurumdan bildirilib ki, bu il daşqın qeydə alınmayıb, Kürün qolunun keçdiyi heç bir kənddən də şikayət daxil olmayıb.

Şərhlər

XƏBƏR LENTİ