SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Göyçayda niyə etiraz dalğası yaratmaq istəyirlər?

Göyçayda niyə etiraz dalğası yaratmaq istəyirlər?

Tarix:

5-06-2017, 13:53

/ 229 102 dəfə oxundu.
Göyçayda niyə etiraz dalğası yaratmaq istəyirlər?

Tanınmış hüquq müdafiəçisi Taleh Xasməmmədov Göyçayda baş verənlərlə bağlı xalqxeber.az-a danışdı:

Göyçay rayonunda "Göyçay-Avtonəqliyyat" ASC-yə və "AVA-N" MMC-yə qarşı təzyiqlər davam etməkdədir. Son günlərdə rayon tabeçiliyində olan xidməti təşkilatlar cəmiyyətlərin fəaliyyətində bir çox yoxlamalar həyata keçirmiş olsalar da ciddi nöqsanlar aşkar edilməmişdir. Buna baxmayaraq hələ də sifarişli və qərəzli təzyiqlər davam edir. Bir tərəfdən nəqliyyat xidməti departamenti, digər tərəfdən polis əməkdaşları heç bir əsas olmadan qanunsuz bir sifarişi icra etmək üçün hər cür dona girirlər. Sözügedən cəmiyyətlərin hesabına 100-lərlə şəxs işləyərək ailələrinin gündəlik və aylıq dolanışıqlarını təmin edirlər. Bu cür nəqliyyat və bazar fəaliyyətinin olması hansı vəzifəli şəxlərin maraqlarına tuş gəlib ki, 2 aydan artıq müddət ərzində həmin vətəndaşlar qəsdən incidilir? Ölkə başçısının qohumu olan icra başçısı Mehdi Səlimzadə həm qohumlarına həm də tabeçiliyində olan qurumlardan dəstək alacağına arxayındır. Amma düşünmür ki, ac qalan vətəndaşları etiraza vadar etdiyi təqdirdə həmin şəxslər nə ona məhəl qoyacaqlar, nə də ki, ölkə başçısına... Sosial durumun ağır olduğu vaxtda heç kim ailəsini ac qoymaq niyyətində deyil. Əlbəttə ki, onların sosial durumunu anlamaq üçün milyonçu olmaq yox, onlar kimi kasıb həyat tərzi keçirmək lazımdır. O, da sizlərdə hiss olunmur. Çünki “Şahlıq” quşu hələlik sizin başınıza qonub və kasıb həyat tərzindən, borc-xərcdən və ağır həyat şəraitindən xəbərsiz qalmısınız.
3 il əvvəl rayonda eyni narazılığı nəqliyyat naziri Ziya Məmmədovun göstərişi ilə Göyçay rayon icra başçısı Mənsur Məmmədov yaratmışdı. Kütləvi şəkildə 19 gün etirazlar oldu,mətbuatda bu barədə geniş yazılar getdi, müraciətlər edildi. Heç bir işçi və sahibkar öz dolanışıq yerini haqsız rəqabət aparan vəzifəli şəxslərin istəklərinə qurban vermədilər və onların haqlı tələbləri təmin edildi. Nəticədə iflic vəziyyətə salınmış cəmiyyətlər yenidən öz fəaliyyələrini bərpa edərək indiyə qədər rayon sakinlərin xidmətində durdular. İndi isə vəziyyət daha pis şəraitdə dəyişib. Vaxtı ilə Ziya Məmmədovun geri çəkildiyi işin davamını gətirən şəxslər qanunları bir kənara atıb müxtəlif bəhanələrlə ölkə başçısını inandırmağa çalışırlar ki, guya "Göyçay-Avtonəqliyyat" ASC-də olan avtomobillər istismara yararsızdır, "AVA-N" MMC-yə məxsus kənd təsərrüfatı məhsullarının satışı bazarı isə qanunsuz fəaliyyət göstərir. Bu qədər yalanmı olar? 18 il ərzində ciddi nöqsanlar olmadan nəqliyyat xidməti göztərən cəmiyyət, 16 ildir qanuni fəaliyyəti olan bazar necə olur ki, birdən-birə qanunsuz adı ilə təqdim olunur? Baş verənlərin bir adı var, o da özbaşınalıqdır!
Bir hüquq müdafiəçisi olaraq Göyçay sakinlərinin haqsız yerə incidilməsinin əleyhinəyəm. Həmçinin arzu etmirəm ki, bəzi vəzifəli şəxslər öz şəxsi maraqları naminə kasıb təbəqəyə zülm edərək onları etiraz aksiyalarına qaldırsın və ya sözün əsl mənaında çörəklə imtahan etsin. Artıq ölkəmizi dünyada rüsvay edəcək sayda siyasi məhbuslar var, bu sayın artmaması və heç olmamasına səy göztərilməsi daha doğru və ədalətli olardı.
Baş verən hadisələrin həlli istiqamətində aidiyyatı orqanlara bir çox müraciətlər ünvanlanıb.

Şərhlər

XƏBƏR LENTİ