SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ucar sakinlərini dinləyən yoxdur... - NARAZILIQ

Ucar sakinlərini dinləyən yoxdur... - NARAZILIQ

Tarix:

11-05-2017, 09:19

/ 35 859 dəfə oxundu.
Ucar sakinlərini dinləyən yoxdur... - NARAZILIQ

Son illər Azərbaycan hakimiyyəti qeyri-neft sektorunun inkişafi ilə bağlı müxtəlif addımlar atır. Xüsusən də dövlət başçısı kənd təsərrüfatının inkişafının daha da sürətləndirilməsi ilə əlaqədar müxəlif sərəncamlar verir və bu, təqdirəlayiqdir. Bu gün Azərbaycanın dünya iqtisadi sistemində yaranan böhranlı vəziyyətdən az itki ilə çıxması, əhalinin güzəranının yaxşılaşdırılması üçün kənd təsərrüfatının inkişafı, bazarda yerli məhsulların üstünlük təşkil etməsi, kəndlinin öz torpaqlarını səmərəli istismar etməsi ən vacib amillərdən biridir.
Şübhəsiz ki, kənd təsərrüfatının inkişafı meliorasiya layihələrinin icrası, su anbarlarının tikintisi, su kanallarının çəkilişi, müasir təmizləmə qurğularının yaradılması, heyvandarlığın, bitkiçiliyin sürətlə inkişaf etdirilməsindən də asılıdır. Ancaq təəssüflər olsun ki, yerlərdə bəzi məmurlar bu məsələlərə diqqət ayırmırlar. Vəziyyət o dərəcədə kritikdir ki, nəinki əkin sahələrinin suvarılması problemə çevrilib, hətta əhali içməyə belə su tapmır.Daxil olan şikayətlərdən biri də elə məhz bu məsələ ilə əlaqədardır.

Belə ki, Ucar rayonu Lək kəndinin sakinləri -
Əliyev Qasım Abdulla oğlu, Camalov Vüqar Xeybər oğlu, Xasıyev Kamil Qulam oğlu, Ağayev Zahid Sabir oğlu Azərbaycan Prezidenti İlham Əliyev cənablarına, Melorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadəyə üzləşdikləri su problemi ilə bağlı müraciət ediblər. Müraciətin surəti redaksiyamıza da göndərilib.
Müraciət müəllifləri bildirirlər ki, Ucar rayonu Lək kəndində içməli su ilə bağlı yaranmış problem hələ də öz həllini tapmayıb, vəziyyət daha da gərginləşib: "Aidiyyəti qurumlar problemi yaşayan sakinlərə alternativ yolla suyun veriləcəyini desələr də, hələ ki, heç bir tədbir görülməyib. Ciddi su problemi yaşayan sakinlər Ucar Suvarma Sistemləri İdarəsinin müdiri Əlikram Mahmudova, rayon icra hakimiyyətinin məsul şəxslərinə dəfələrlə müraciət ediblər".
Lək kəndinin sakinləri yazır ki, susuzluqdan əziyyət çəkən təsərrüfat sahibləri özləri ilə bərabər mal-qaralarını və yeni əkilmiş kənd təsərrüfatı məhsullarını suvarmaq üçün pulla su almalı olurlar: "Yaranmış problemlə bağlı dəfələrlə cəhd etməyimizə baxmayaraq, Ucar Suvarma Sistemləri İdarəsinin müdiri Əlikram Mahmudovla əlaqə saxlaya bilmirik".
Şikayətçilərin sözlərinə görə, Ucar rayonun Lək kəndinə su kanalı ilə suyun ötürülməsi artıq iki həftədir ki dayandırılıb: "Dörd mindən artıq sakini olan kənddə yeganə kanal vasitəsi ilə ötürülən suyun tamamilə dayandırılması sakinlərə ciddi problem yaradıb. Onlar kənddə içməli suyun olmaması səbəbindən suvarma suyundan həm də içməli su kimi istifadə etdirlər. İçməli suyun isə bir neçə kilometrlik məsafədən gətirilməsi həm vaxt itkisinə səbəb olur, həm də əlavə xərc tələb edir. Aidiyyəti orqanlar suyun verilişinin müvəqqəti olaraq dayandırılmasını ərazidə aparılan kəmər çəkilişi ilə əlaqələndirirlər. Müvafiq orqanlar içməli su problemi yaşayan sakinlərə alternativ yolla su veriləcəyini desələr də, bu vəd hələ də yerinə yetirilməyib".
Müraciət müəllifləri ölkə rəhbərliyindən məsələni nəzarətə götürməyi və problemin həllinə kömək göstərməyi xahiş edirlər. Ümid edirik ki, Melorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə Lək kəndi sakinlərinin problemi ilə maraqlanacaq və onların içməli su ilə təmin olunması üçün gərəkən addımlar atılacaqdır.

Şərhlər

XƏBƏR LENTİ