SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şabran icra başçısı haqqında ilginc ittihamlar

Şabran icra başçısı haqqında ilginc ittihamlar

Tarix:

9-05-2017, 14:36

/ 60 309 dəfə oxundu.
Şabran icra başçısı haqqında ilginc ittihamlar

Əhalisi səfalətin girdabında inildəyən rayonun başçısı özünü Molla Pənah Vaqifə bənzədir?!
Ötən yazımızda Şabran rayon rəhbərliyinin neqativ fəaliyyəti barədə yazı dərc etmişdik.
Həmin yazıda Şabran rayonunda əhalinin sosial vəziyyətinin dözülməz dərəcədə ağır olduğunu qeyd etmişdik.
Qeyd edirdik ki, uzun illərdən bəri rayon rəhbərliyinin bacarıqsızlığı ucbatından, daha doğrusu başları özlərinin mülklərini, kapitallarını artırmağa qarışdığından bu gün Şabranda kənd təsərrüfatı sahəsi tənəzzülə uğramış, yerli sahibkarlıq məhv edilmişdir.
Vurğulamışdıq ki, Şabranda səfalətin tüğyan etməsinə digər səbəb isə rayonun rəhbərliyi arasında davam edən gizli intriqalardır. Bu gün Şabran rayonu sözün əsl mənasında Allahın ümidinə buraxılıb. Bu rayonun məmurları sanki özlərinə və qohum-əqrabalarına xidmət etmək üçün vəzifəyə təyin olunublar. Yazımızda rayonun icra hakimiyyətin başçısı Novruz Novruzovla birinci müavini arasında gedən gizli ixtilafın, intriqanın azacıq səbəblərindən yazmışdıq.
Qeyd edək ki, Novruz Novruzovun Şabrana rəhbərlik etdiyi dövrün 10 il olmasına bir-iki ay qalıb. Novruz müəllim 22 ildir ki, müxtəlif zamanlarda və müxtəlif rayonlarda icra başçısı vəzifəsində çalışıb. Rəsmi vəzifəsi ilə yanaşı, həm də bədii yaradıcılıqla da məşğul olur. Məhz bu səbəbdəndir ki, bu gün yoxsulluğun girdabında çabalayan şabranlılar "Novruz müəllimin başı bizə dolanışıq yerləri yaratmağa yox, şeir yazmağa qarışıb” deyirlər.
İnternet üzərindən apardığımız araşdırmalardan məlum olmuşdu ki, Novruz Novruzovun Şabrana başçı təyin edildiyi gündən atdığı ilk addım rayonun ən qədim məzarlığını sökdürərərək yerini satışa çıxarması olub. Deyilənə görə, hazırda həmin ərazidə fəaliyyət göstərən obyektlərin bir neçəsi Novruz Novruzova məxsusdur. Ancaq sənədlərdə isə başqa şəxslərin adına rəsmiləşdirilib.
İcra başçısının rayonda gördüyü digər "yenilik” isə Şəhidlər Xiyabanının ərazisinin müəyyən qisminin fərdi yaşayış evləri üçün hissə-hissə satışa çıxarması olub. Novruz Novruzov rəhbərliyə başladığı dövrdən Şabranda azad sahibkarlığı demək olar ki, sıradan çıxarıb. Bir neçə il öncə Novruzovun zülmündən qaçıb mətbuata üz tutan şabranlı iş adamı Rasim Həmidov bildirirdi ki, "Şabranda sahəsi 100 və 36 kvadratmetr olan iki ticarət obyekti var. Həmin dükanlar 21 il işlək vəziyyətdə olub. İcra başçısı üç ildir ki, həmin mağazaları bağlatdırıb, R.Həmidovun sahibkarlıq hüququnu ləğv etdirib, özünü isə məhkəməyə verib: "Novruz Novruzovun şəxsi tapşırıqlarını yerinə yetirmədiyimə görə 3 ildir obyektimi bağlayıb. Dükanın dəyəri 50-70 mindirsə, icra başçısı o qədər ”şapka" istəyir". R.Həmidov dedi ki, aidiyyəti orqanlara yetmiş beş məktub göndərib, teleqram vurub: "Ramiz Mehdiyevə, dövlət başçısı İlham Əliyevə, Mehriban Əliyevaya, Zakir Qaralova, daxili işlər nazirinə teleqramlar vurmuşam. Rayon məhkəməsi 63 iclas keçirib. Amma obyektimin sökülməsi ilə bağlı qərar verə bilmir. Çünki mənim məhkəməyə verilməyim qeyri-qanunidir. Obyektlərimin sənədləri qaydasındadır. Hər teleqram vuranda bizi şərləyirlər. İcra başçısı mənə deyib ki, hara şikayət yazsam araşdırılması üçün ona göndərəcəklər. Bir də dedi ki, nə qədər çox şikayət yazsam, bir o qədər xərcə düşəcəm. Rayonda keçirilən mötəbər tədbirlərdə deyib ki, məni düşməncəsinə məhv edəcək. Dediyinə görə, onun sifarişlərini yerinə yetirməyənlər Şabranda yaşamamalıdır”.

Bu gün 30 minə yaxın kənd əhalisi olan Şabranda işsizlik pik həddə çatıb. Dövlətin ayırdığı subsidiyalardan və digər güzəştlərdən sadə şabranlıların yararlana bilməməsinə görə bu torpaqlar istifadəsiz buraxılıb. Şabranın 68 kəndinin hamısında demək olar ki, eyni acınacaqlı vəziyyət hökm sürür.

Ancaq icra başçısının və rayonun digər vəzifəli şəxsləri kasıb şabranlıların çıxılmaz vəziyyətindən istifadə edərək onlara məxsus torpaqları qəpik-quruşa öz əllərində cəmləşdirirlər. Məsələn, bir müddət əvvəl N.Novruzovun rayonun Udulu adlanan ərazisində 400 hektar münbit torpaq əldə etdiyi barədə informasiyalar yayıldı. Həmin məlumatlarda deyilirdi ki, Novruz Novruzov Uduluda tikdirdiyi fermalarda dəvə, qoyun, at saxlayır.
Onu da xatırladaq ki, Novruz Novruzovun varidatı təkcə Şabran rayonunda olan mülklərlə yekunlaşmır. Onun Sumqayıt, Lerik və Bakı şəhərlərində də mülklərinin olduğu bildirilir. İddia olunur ki, təkcə paytaxtın Badamdar qəsəbəsində olan villasının dəyəri 2 milyon manatdan artıqdır.
Əlbəttə, yerli məmurlar tərəfindən sözün əsl mənasında pay-püş edilən Şabranda hər şey başçıya çatmır. Məlumatlara görə, ortada olan "qənimətlər” ədalətli bölünür, müavinlər də "unudulmur”.
Bunun bariz nümunəsi kimi isə Şabranda tikilən ilk üç mərtəbəli villanın RİH-nin 1-ci müavini, YAP-ın rayon təşkilatının sədri Mehdi Balabəyova aid olmasıdır. Yuxarıda da qeyd etdiyimiz kimi, Mehdi Balabəyov Şabran RİH-nin başçısının birinci müavini olmaqla yanaşı, həm də YAP-ın rayon təşkilatının sədridir. Məlumata görə, Mehdi Balabəyov partiya sədri olmağından sui-istifadə edərək rayon rəhbərliyinə daima təziqlər edib daha çox var-dövlət əldə etməyə çalışmışdır. Məsələn, məlumatlara görə, M. Balabəyov Şabranın əsas kurort zonalarından biri olaraq tanınan Qalaltı ərazisinin ətrafında çoxlu sayda villalar, kotteclər tikdirir və sonra baha qiymətə müxtəlif şəxslərə satdırır. Bundan başqa Şabran rayonunda aparılan abadlıq işlərini M.Balabəyovun yaxın dostlarına məxsus şirkətlərin həyata keçirdiyi deyilir. Məlumata görə, M. Balabəyovun keçirilən tenderlərdə xüsusi "payı” var.
Məlumatlara görə, yuxarıda oxuduğunuz bu yazımız dərc olunandan sonra Novruz Novruzov Şabran rayonunda tüğyan edən səfalətə, aqrar sektorun və yerli sahibkarlığın nə üçün məhv edildiyinə aydınlıq gətirmək əvəzinə bədii yaradıcılığına tutulan iradı qabartmışdır.
Belə ki, məlumata görə, Novruz Novruzov ətrafına bədii yaradıcılığının rayona rəhbərlik etməsinə mane olmadığını, vaxtilə Molla Pənah Vaqifin də dövlət işləri ilə yanaşı, poeziyayla məşğul olduğunu bildirmişdir.
Biz hörmətli Novruz müəllimin həqiqtən də belə bir sözü deyib-demədiyini dəqiq bilmirik, ancaq cənab başçının diqqətinə çatdırırıq ki, tarixi vərəqləyərkən heç də uzağa - xanlıqlar dövrünə getmək lazım deyil. Hörmətli Novruz Novruzov Azərbaycan Demokratik Respublikasının və Azərbaycan SSR-nin tarixini vərəqləyərkən bədii və elmi yaradıcılıqla məşğul olan xeyli sayda dövlət xadimlərinin adlarına rast gələ bilər. Ancaq o şəxslərin uğuru onda idi ki, onlar bədii yaradıcılıqları ilə bərabər, həm də, məsuliyyətini bütün varlıqları, ruhları ilə dərk etdikləri dövlət işlərini layiqincə yerinə yetirirdilər. Təəssüflər olsun ki, biz bunu şair başçısı olan Şabran rayonunda görmürük. Əksinə, bu rayonda dərin bir səfalət var.
Qeyd edək ki, Şabranda hökm sürən iqtisadi geriliyin-tənəzzülün indki rayon rəhbərliyinin aradan qaldıra biləcəyinə sadə şabranlılar arasında inam qətiyyən yoxdur.

Araşdırmalarımız davam edir.

Qlobal.az

Şərhlər

XƏBƏR LENTİ