SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Beyləqanda fermerlər nədən narazıdır? - Problem sovet dövründən qalma imiş...

Beyləqanda fermerlər nədən narazıdır? - Problem sovet dövründən qalma imiş...

Tarix:

7-04-2017, 14:41

/ 91 353 dəfə oxundu.
Beyləqanda fermerlər nədən narazıdır? - Problem sovet dövründən qalma imiş...

«Suyu açıb buraxdıq sahəyə, əkinimiz yandı, tələf oldu. Şor sudur, deyirlər, «olan budur, istəyirsən suvar, istəyirsən suvarma...»». Beyləqanın Birinci Aşıqlı kəndinin sakinləri bildirirlər ki, əkin sahələrini suvarmağa su tapmırlar. Daha doğrusu, verilən su şordur deyə, sahəni suvarandan sonra əkin tələf olur.
Kənd sakini Bəhruz Güləliyevin hektarlarla sahədə əkdiyi kələm və kartof beləcə, ələ gəlməyib: «Borcla, xərclə kələm, kartof əkdik, şor sudan başqa su yoxdur deyə, məcbur qalıb onunla suvardıq, heç nə əmələ gəlmədi. Buğdası, qarğıdalısı, başqa məhsulu yananlar da oldu. Son illər nə əkiriksə, yanır. Məhsul götürə bilmirik. Səbəb də suyun şor olmasıdır».
Ancaq bu kənddə əvvəllər su problemi yox imiş. Kənddə əməlli-başlı su təsərrüfatı yaradılıbmış. Əsasən də Sovet vaxtı sudan korluq olmayıb. Ancaq son illər kənd əməlli-başlı şirin su böhranı yaşayır. Əkinçi sözünə davam edir: «İllərdir ki, arxlar təmizlənmir. Bu işi görməli olan qurumlar əllərini əllərinin üstünə qoyub heç bir iş görmürlər. Hamısı dövlətdən maaş alır, kəndin su təsərrüfatına cavabdehdirlər. Ancaq məsuliyyətlərini dərk etmirlər. Nə vaxt da üstlərinə gedərsən, deyərlər, «o texnika çatışmır, bu texnika çatışmır»... Bəs bu çatışmayan texnikalar hara yoxa çıxıb?».
Kənd sakini İsmayıl Ağaxanov danışır ki, əkin sahəsi üçün suvarmaya yararsız hesab olunan şor suya görə sakinlərdən hər ay, azı, 20 manat ödəniş tələb olunur: «Suyu veririk sahəyə, əkin məhv olur. Ayın sonu da gəlirlər ki, «supulunu ödə». Özləri bizə zərəri ödəməkdən, bizdən pul tələb edirlər».
Sakinlər Bakıya qədər yazıblar. Onlar hökumətdən həm əkin sahələrinin suvarılmasını, həm də kəndin içməli su tələbatını ödəyən su təsərrüfatının yenidən qurulmasını istəyirlər.
Beyləqan rayon İcra Hakimiyyətindən bildirilib ki, Birinci Aşıqlıdakı su problemi Sovet dağılandan mövcuddur: «Sakinlərin müraciətləri və tələbləri əsaslıdır. Ancaq kənddəki əsas su mənbəyi hesab olunan kanalın işlək vəziyyətə gətirilməsi pul tələb edən işdir. Hazırda belə bir imkan yoxdur. Bu məsələ diqqətdədir. Ancaq hazırda suvarmada istifadə olunan su heç də sakinlərin dedikləri dərəcədə yararsız deyil. Suvarmada istifadə edirlər, hələ şikayət eşitməmişik».
Suvarmada işlənən suyun haqqına gəlincə, qurumdan bildirilib ki, əkinçilər 1 hektara görə 7 manat ödəyirlər ki, bu da tam qanunidir.

Şərhlər

XƏBƏR LENTİ