SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Azərbaycanda daha bir ailə siyasi sığınacaq istəyir - GENERALIN POLİS RƏİSİ OLAN QARDAŞINDAN ŞİKAYƏT

Azərbaycanda daha bir ailə siyasi sığınacaq istəyir - GENERALIN POLİS RƏİSİ OLAN QARDAŞINDAN ŞİKAYƏT

Tarix:

26-01-2019, 15:14

/ 5 187 dəfə oxundu.
Azərbaycanda daha bir ailə siyasi sığınacaq istəyir - GENERALIN POLİS RƏİSİ OLAN QARDAŞINDAN ŞİKAYƏT

“General Kərəm Mustafayevin qardaşı Rasim Mustafayev Ağdaş Polis rəisi təyin olunduğu gündən mənə və ailə üzvlərimə qan uddurur”

Kəlbəcər rayonundan məcburi köçkün düşən Həsənov Azər Yadigar oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına məmur özbaşınalığı ilə bağlı şikayət məktubu daxil olub. Onun məktubunda deyilir:
“Mən, Həsənov Azər Yadigar oğlu 1990-cı ildə dünyaya gəlmişəm. Biz Kəlbəcər rayonundan məcburi köçkünük. Əslən İrəvandanıq. Tarix elə gətirib ki, qovula-qovula əvvəlcə ata-baba yurdumuz İrəvandan Göyçəyə, ordan Kəlbəcərə, Kəlbəcərdən də Ağdaşa gəlib çıxmışıq.

Malımız-mülkümüz dəfələrlə erməni qəsbkarları tərəfindən əlimizdən alınıb, talan edilib, hər dəfə hətyatımızı sıfırdan başlamalı olmuşuq.

1993-cü ildə dövlətin bizə ayırdığı yardımların hesabına məskunlaşdığımız Ağdaş rayonunun Aşağı Zeynəddin kəndində özümüzə təsərrüfat yaratmışıq. Və bu gün maddi cəhətdən dövlətdən asılı olmayan, vaxtlı-vaxtında dövlətə vergi ödəyən sahibkarıq.

Bu bizim ailə biznesimizdir. Təsərrüfatımızı atam və biz-üç qardaş birgə idarə edirik. Təsərrüfatımız 120 hektar sahəni əhatə edir, həmin sahədə 3 böyük mal pəyəmiz var.

2015-ci ildə müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayevin qardaşı Rasim Mustafayev Ağdaş rayon Polis Şöbəsinə rəis təyin olunduğu gündən mənə və ailə üzvlərimə qan uddurur.

Belə ki, Rasim Mustafayev Ağdaş Rayonuna rəis təyin olunandan bir neçə ay sonra məni və atamı polis bölməsinə dəvət edərək bildirdilər ki, fermer təsərrüfatınıza görə ya bizə ildə 10 min manat haqq (onların dili ilə desək, patent) ödəməlisiniz (bunu hansı əsasla tələb etdiklərinə dair mənə heç bir sənəd təqdim edilmədi), ya da ailənizə məxsus fermanı və torpağı polis polkovniki Rasim Mustafayevin məsləhət bildiyi adama satmalısınız. Dövlət məmuru olan bu insanlar dövlətin qanunlarını pozaraq, reketliklə məşğul olurlar.

Atamla mən onlara söylədik ki, biz qaçqın adamlarıq, başımızı zorla dolandırırıq, bizimlə işiniz olmasın. Sizə ildə 10 min manat haqqı necə ödəyə bilərik? Biz üç qardaşıq, atamız da bizim ortağımızdır, qazancımızı 4 yerə bölürük. İldə çox qazansaq, elə 10 min ancaq qazanarıq, onu da aramızda böləndə heç adama 3 min düşmür. Üstəlik, mən subay olsam da, qardaşlarım ailəlidir, övladları var, yaşlı anam var. Odur ki, istədiyiniz məbləği sizə vermək imkanımız yoxdur.

Bunun cavabında Rasim Mustafayev bizə dedi ki, özünüz bilərsiz, ya dediyimi edin, ya da təsərrüfatınızı satın, əks halda həyatınızı cəhənnəmə döndərəcəyəm. Bunu deyib, bizi otağından qovdu.

Atamla düşünüb-daşındıq və belə qərara gəldik ki, onun dedikləri sadəcə sözdür. Düşündük ki, polis rəisi bizə nə edə bilər axı? Sadəcə bizdən pul qoparmaqçün gözümüzü qorxutmağa çalışır.

“Heç bir əsas olmadan bizi maşın dağıtmaqda, adam baltalamaqda günahlandırdılar”

Bir müddət keçdi. Günlərin birində “Azərişıq” ASC-nin əməkdaşları maşınla qardaşlarımdan birinin evinin qarşısına gəlib, evdə sayğacın olmamasını bəhanə gətirərək (halbuki, o zaman qaçqın və məcburi köçkünlərin işıq pulunu “Qaçqınkom” ödəyirdi) qardaşıma qarşı nalayiq ifadələr işlətdilər, heç kəsdən qorxub-çəkinmədiklərini bildirərək, aranı qatıb-qarışdırdılar və maşını elə ordaca qoyub polisə qaçdılar.

Sonradan qondarma sənədlər tərtib edib, həmin vaxt hadisə yerində olmayan saxta şahidlərin ifadələrinə əsasən bizi şərlədilər (hadisə zamanı ərazidə olan qonşulardan ifadə alınmadı, video kameraların qeydə aldığı görüntülər nəzərə alınmadı), maşın dağıtmaqda, adam baltalamaqda günahlandırdılar.

Böyük çətinliklə də olsa, adam baltalamadığımızı sübuta yetirə bildik. Amma polis rəisi Rasim Mustafayevin sifarişi ilə qardaşımı günahsız yerə ittiham etdilər. Ağdaş rayon Məkhəməsi də iddianı təmin edərək, qardaşıma 300 manat məbləğində cərimə təyin etdi. Buna etirazımızı bildirdikdə isə, bizə məsləhət görüldü ki, gedib rəislə razılaşaq. Təbii ki, bu məsləhətə əməl etmədik, amma cəriməni ödəmək məcburiyyətində qaldıq.

Prezident deyir ki, məmur xalqın xidmətçisi olmalıdır, demir ki, məmurlar vətəndaşları incitməlidir, onlardan qanunsuz haqq almalıdır.

“Malımızı-mülkümüzü general Kərəm Mustafayevə verməkdənsə, elə dövlətə təhvil verək”

Qarşılaşdığımız haqsızlıqla bağlı bir sıra aidiyyati qurumlara şikayət məktubları yolladıq, səfirliklərə müraciət etdik, Daxili İşlər Naziri Ramil Usubovun qəbuluna düşmək istədik, imkan vermədilər. Baş Prokurorun qəbulunda olduq, şikayətimizə baxılmadı, hətta prezidentə məktub yazdıq ki, malımızı-mülkümüzü general Kərəm Mustafayevə verməkdənsə, elə dövlətə təhvil verək, varidatımız dövlət büdcəsinə keçsin, torpaqlarımız imkansız soydaşlarımıza paylansın, bizim isə siyasi sığınacaq almağımıza yardımçı olun, bu ölkəni tərk edib gedək, bəlkə başqa bir dövlətdə qeylü-qalsız yaşaya bildik. Biz vətən xaini deyilik, sadəcə burda rahat yaşamağımıza imkan vermirlər, gedək xaricdə yaşayaq, ordan sizi dəstəkləyək. Amma səsimizə səs verən olmadı.

“Ağdaş Polis bölməsinin əməkdaşı, polis mayoru Rəşid Musayev mənə məxsus fermada oğurluğa cəhd edərkən onu tutdum, cinayət başında fotosunu və video görüntüsünü çəkdim”
Bir müddət əvvəlsə Ağdaş Polis bölməsinin əmkdaşı, polis mayoru Rəşid Musayev mənə məxsus fermada oğurluğa cəhd edərkən onu tutdum, cinayət başında fotosunu və video görüntüsünü çəkdim. Həmin hadisədən bir gün sonra Ağdaş polis rəisinin əmri ilə maşınla getdiyimiz yerdə silahlı şəxslər qarşımızı kəsdi, məni və ailə üzvlərimi başımıza torba keçirərək Ağdaş Polis bölməsinə apardılar.

Rəis rəhbərliyə məruzə etmədən orda bizə işgəncə verdirdi. Şəxsi telefonum əlimdən alındı, məhkəmənin qərarı olmadan polis əməkdaşları evimizin pəncərəsini sındırıb kompüterimi, evdəki bütün elektron avadanlıqları götürüb apardılar, polis rəisi Rasim Mustafayevlə mənim aramda olan bütün telefon danışıqlarını, polis əməkdaşlarının qeyri-qanuni əməllərini sübut edən video yazıları pozdular. Amma Rəşid Musayevin cinayət büşında çəkdiyim fotosu və həmin olayın 6 saniyəlik video görüntüsü əllərinə keçmədiyi üçün bu gün də məndədir.

Ağdaş Polis bölməsinin baş müstəntiqi Azad Məmmədov bizə bildirdi ki, rəis deyir, polisin oğurluğu barədə kiməsə və ya harasa məlumat versəz, sizi bundan da betər cəzalandıracağam.

Təəssüf ki, polislərin bu qeyri-qanuni, insanlığa sığmayan əməllərini sübut edə bilmədik, çünki xəstəxanaya gedib ordan döyüldüyümüzə dair arayış almaq istəyəndə, bizə deyildi ki, gedin, münasibətlərinizi Rasim Mustafayevlə ayırd edin.

Bu hadisə ilə bağlı atamın adından ölkə Prezidentinə, Daxili İşlər nazirinə, Baş prokurora ünvanladığım müraciətlər isə çox təəssüf ki, cavabsız qaldı.

“Məndən böyük qardaşlarımı təhdid edirlər, işdən çıxarılacaqları ilə hədələyirlər. O üzdən döyülüb-söyülsələr də, səslərini çıxara bilmirlər”

Ağdaş Polis bölməsinin baş müstəntiqi Azad Məmməmdov məni Ağdaş rayon prokuroru Tural İbrahimovun otağında da döyüb, təhqir edib, mobil telefonlarım əlimdən alınaraq format olunub.

Məndən böyük qardaşlarım dövlət qurumlarında işləyirlər, hər ikisi müəllimdir. Onları təhdid edirlər, işdən çıxarılacaqları ilə hədələyirlər. O üzdən döyülüb-söyülsələr də, səslərini çıxara bilmirlər. Mənsə subay adamam, heç kəsdən çəkinəcəyim yoxdur, haqsızlığa dözə bilmirəm, dişimizlə-dırnağımızla qurduğumuz təsərrüfatı Kərəm Mustafayevin qardaşına vermək fikrim yoxdur.

Amma artıq qardaşlarım da sözlərini deməyə, müsahibə verməyə hazırdırlar. Necə deyərlər, bıçaq sümüyə dirənib, susmaqdan keçib artıq.

“Heç kəs Rasim Mustafayevə qarşı çıxmağa cürət etmir. Daxili İşlər Naziri Ramil Usubov da onunla bağlı heç bir tədbir görmür. Bu adam artıq Eldar Mahmudovu, Akif Çovdarovu ötüb keçib”

Artıq qeyd etdiyim kimi, dəfələrlə aidiyyati qurumlara müraciət etsək də, şikayətimizə baxan yoxdur. Heç kəs Rasim Mustafayevə qarşı çıxmağa cürət etmir. Daxili İşlər naziri Ramil Usubov da onunla bağlı heç bir tədbir görmür. Bu adam artıq Eldar Mahmudovu, Akif Çovdarovu ötüb keçib.

Bu gün Ağdaşdakı bütün şəxsi biznes sahibləri Polis rəisi Rasim Mustafayevə haqq ödəməlidir, əks halda bizim ailəmiz kimi işgəncələrə məruz qalacaq, şərlənəcək, var-yoxu əlindən alınacaq. Məcbur qalıb ölkəni tərk edən vətəndaşlara isə vətən xaini damğası vurulacaq.

““Alkelik Group”ASC-nin əməkdaşları torpağımız layihəyə düşmədiyi halda, bizə gedən magistral yolu bağlayıb, qazıntı vaxtı çıxan torpağı bağımıza tökdü və bizə məxsus 250 ədəd ağacı olan meyvə bağını məhv etdi”

Haqsızlıqla barışmadığımızı görən polis rəisi ailəmizi daha bir ağır sınaq qarşısında qoydu. Belə ki, 2018-ci ilin iyul ayında Ağdaş rayonunun Aşağı Zeynəddin kəndində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərini həyata keçirən “Alkelik Group”ASC-nin ( red: Qanunsuz əməlləri ilə bağlı silsilə yazılar dərc etdiyimiz şirkət) əməkdaşları torpağımız layihəyə düşmədiyi halda, bizə gedən magistral yolu bağlayıb, qazıntı vaxtı çıxan torpağı bağımıza tökdü və bizə məxsus 250 ədəd ağacı olan meyvə bağını məhv etdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bunu təsdiq edən rəyi var.
Həmin vaxt bağa gələn böyük qardaşım Bəxtiyarov Xətai Yadiğar oğlu (qardaşlaım Bəxtiyar babamın adını özlərinə rəsmi soyad götürüb, mənsə atamın soyadını daşıyıram, soyadlarımızın fərqli olmasının səbəb budur) yolun bağlandığını görür, şirkət əməkdaşlarından yolu açmağı xahiş edir, amma onun xahişinə məhəl qoyan olmur. Sadəcə: “Biz rayondan verilən tapşırığı yerinə yetiririk”,- deyilir.

Tapşırığın kim tərəfindən verildiyi isə heç kəs üçün sirr deyil. Təbii ki, bu polis rəisi Rasim Mustafayevdir. Məqsədi isə bizə problem yaratmaqdır.

Yolun açılmadığını görən qardaşım 102 Çağrı Mərkəzinə zəng vurub hadisə yerinə polis çağırır ki, gəlib yolu açsınlar, polis isə gəlib qardaşımı günahkar çıxarır. Qardaşım şirkət əməkdaşlarını döyməkdə, dövlət layihəsinin həyata keçirilməsinə mane olmaqda ittiham edilir. İttihamnamədə qeyd olunur ki, bizim bağımıza heç bir zərər dəyməyib, polisi də qardaşım yox, hansısa naməlum şəxslər çağırıb.

Özü də polis rəisi böyük qardaşımla birgə həmin vaxt hadisə yerində olmayan ortancıl qardaşım Bəxtiyarov Elməddin Yadigar oğlu barədə də (işıqla bağlı problemi olduğu əsas gətirilir) cinayət işi açır. (red: Bir maraqlı məqama diqqətinizi cəlb etmək istərdik. Yazıda adıgedən vətəndaşların daimi giley yeri olan “Azərişıq” ASC, təsisçisi nehrəmli Elnur Babayev olan “ALKE GROUP” ASC və Ağdaşın şərurlu polis rəisi Rasim Mustafayev -sahibkarlar ailəsinin düşdüyü bu günkü çətin durumun səbəbkarları. Sizcə, əlavə şərhə ehtiyac var?)

“Baş müstəntiq Azad Məmmədov məndən 10 min manat məbləğində rüşvət istədi, bildirdi ki, rəis bu məbləğ müqabilində cinayət işinə xitam verməyə hazırdır”

İstintaqı aparan Polis baş müstəntiqi Azad Məmmədov məndən 10 min manat məbləğində rüşvət istədi, bildirdi ki, rəis bu məbləğ müqabilində cinayət işinə xitam verməyə hazırdır (həmin söhbətin lent yazısı məndə idi, təəssüf ki, döyüb əlimdən aldılar). Ya da rəisin dediyini etməliyəm, yəni torpağımı və kənd təsərrüfatə fermamı Rasim Mustafayevin dediyi şəxsə satmalıyam ki, bu məsələ bağlansın.

Rüşvət verməkdən imtina etdiyimə görə, bu gün iş məhkəmədədir. Bu məhkəmə əslində rəisin qurmasıdır, bizi sındırmaq üçün oynanan çirkli oyundur.

“Ağdaş Rayonu Polis Şöbəsi Azərbaycan Respublikasının ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyindən betər vəziyyətdədir”

Sosial şəbəkədəki Prezidentə ictimai dəstək səhifəsində bağımızdan oğurluq edən polisin, eləcə də məhv edilən bağımızın fotolarını paylaşmışam. Bvununla əlaqədar məni Daxili İşlər Nazirliyinə çağırdılar və həmin fotoları səhifədən yığışdırmağımı tələb etdilər, prezidenti dəstəkləmək haqqım olmadığını söylədilər. Onlara etiraz etdim, fotoları pozmadım və bildirdim ki, bu məsələni ictimailəşdirəcəyəm, prezidenti seçənlərdən biri də mənəm və bir vətəndaş kimi onu dəstəkləməyə haqqım var.

Məni polisin ictimai nüfuzuna xələl gətirməkdə də suçladılar. Onlara dedim ki, xeyr, belə bir fikrim yoxdur, amma bu gün Ağdaş Rayonu Polis Şöbəsi Azərbaycan Respublikasının ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyindən betər vəziyyətdədir. Daxili İşlər Nazirliyində ciddi islahatlar aparılmalıdır. Çünki vəzifəsi vətəndaşları müdafiə etmək olan polis əməkdaşları, bunun tam əksi olaraq ölkə sakinlərinə qan uddurur.

“Biz haqq-ədalət tələb edirik. Rüşvətxor, azğın məmurların cəzalandırılmasını, ailəmizin başına açılan müsibətlərə son qoyulmasını tələb edirik”

Qəzetiniz vasitəsi ilə bir daha üzümü ölkə prezidentinə tutub, ondan kömək istəyirəm. Bu qanunsuzluğa yalnız o son qoya bilər. Ondan vəziyyəti şəxsi nəzarəti altına almağı xahiş edirəm. Daxili İşlər naziri Ramil Usubovdan məmur özbaşınalığının qurbanı olan vətəndaşları-ailəmizi qəbul etməyini xahiş edirəm. 2017-ci ildə uşaqlı-böyüklü bütün ailə üzvlərimiz əlimizə bayraq alıb üz tutduq Kəlbəcərə, İrəvana, öz doğma ata-baba yurdumuza, doğma torpağımızda düşmən gülləsindən ölməyə belə hazır idik. Amma yolumuzu kəsdilər, Rasim Mustafayev buna imkan vermədi.

Dəfələrlə üzümüzə deyib ki, mənə heç kəs heç nə edə bilməz, qardaşım generaldı, prezidentlə oturub-durur.

Biz haqq-ədalət tələb edirik. Rüşvətxor, azğın məmurların cəzalandırılmasını, ailəmizin başına açılan müsibətlərə son qoyulmasını tələb edirik.”

Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Yazıda adları qeyd olunan şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazırıq.

Hurriyyet.org
Azərbaycanda daha bir ailə siyasi sığınacaq istəyir - GENERALIN POLİS RƏİSİ OLAN QARDAŞINDAN ŞİKAYƏT
Azərbaycanda daha bir ailə siyasi sığınacaq istəyir - GENERALIN POLİS RƏİSİ OLAN QARDAŞINDAN ŞİKAYƏT
Azərbaycanda daha bir ailə siyasi sığınacaq istəyir - GENERALIN POLİS RƏİSİ OLAN QARDAŞINDAN ŞİKAYƏT
Azərbaycanda daha bir ailə siyasi sığınacaq istəyir - GENERALIN POLİS RƏİSİ OLAN QARDAŞINDAN ŞİKAYƏT
Azərbaycanda daha bir ailə siyasi sığınacaq istəyir - GENERALIN POLİS RƏİSİ OLAN QARDAŞINDAN ŞİKAYƏT
Azərbaycanda daha bir ailə siyasi sığınacaq istəyir - GENERALIN POLİS RƏİSİ OLAN QARDAŞINDAN ŞİKAYƏT

Şərhlər

XƏBƏR LENTİ