SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "Kəndimizdə bir nəfərə belə heyvan verilmişdi, o gün eşitdik ki, heyvanı ölüb..."

"Kəndimizdə bir nəfərə belə heyvan verilmişdi, o gün eşitdik ki, heyvanı ölüb..."

Tarix:

14-01-2019, 14:33

/ 1 365 dəfə oxundu.
"Kəndimizdə bir nəfərə belə heyvan verilmişdi, o gün eşitdik ki, heyvanı ölüb..."

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramının əsl mahiyyəti ifşa olunmaqdadır

Müxtəlif bölgələrdən gələn şikayətlər nazirliyin vətəndaşları necə aldatmasını üzə çıxarmaqdadır.

Məlum olur ki, proqram çərçivəsində kəndlilərə verilən mal-heyvanlar xəstə, qoca, südsüz inəklər, qoca qoyunlardır. Ona görə də əksəriyyəti nazirliyin verdiyi heyvanlardan imtina etməyə başlayıb.

ƏƏSMN rəhbəri Sahil Babayevin özünü yaxşı tərəfdən göstərmək cəhdlərinin uğursuz alınması və Səlim Müslümovun siyasətindən geri qalmaması ona olan ümidləri sarsıdır.

Özünüməşğulluq proqramına cəlb edilən və narazı olanlardan biri də Yevlaxın Malbinəsi kənd sakini Mahmudov Sərvər Mahir oğludur.

O, yeniavaz.com-a deyib ki, 23.05.2018-ci il tarixdə Yevlax Rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata düşüb. Həyətyanı sahəsində əlverişli şərait olduğu üçün özünüməşğulluq proqramına qoşulub və 1 ay kurslarda iştirak edib.

Kursun sonunda imtahanlardan uğurla keçib, biznes planında öz istəyilə 5000 manat dəyərində 2 yanı balalı heyvan istədiyini qeyd edib.

Nazirliyin nümayəndələri TIR-a doldurulmuş şəkildə xəstə, iqlim şəraitinə uyğunlaşa bilməyən iribuynuzlu heyvanlar gətiriblər.

Bu heyvanların qiymətini soruşduqda deyiblər ki, 2500 manatdır. Bazarda isə bu malların qiyməti 700-800 manatdır. Ona görə də heyvanları götürməkdən imtina edib, heç bir sənəd də təqdim etməyiblər.

“Kəndimizdə bir nəfərə belə heyvan verilmişdi, o gün eşitdik ki, heyvanı ölüb. Bizə bu heyvanları ona görə verirlər ki, dövlətdən sosial yardım almayaq, iş yeri tələb etməyək. Amma elə heyvan təklif edirlər ki, onu götürmək ağılsızlıq olardı”, – deyə şikayətçi bildirib.

Goranboyun Əlirzalı kənd sakini Ariz Dəmirov da eyin problemdən şikayətlənmişdi.

Vətəndaş ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Məşğulluq Mərkəzi tərəfindən verilən qoyunların qoca olmasından şikayətlənmişdi.

Demişdi ki, özünüməşğulluq proqramı çərçivəsində ona gecəyarısı təhvil verilən qoyunlar qocadırlar və nazirdən kömək istəmişdi.

Ariz Dəmirov dişsiz qoyunların artmayacağını, bu səbəbdən də özünüməşğulluq proqramından onun dolanışığını təmin etməsinin də sual altına düşəcəyini demişdi.

Oxşar problem Şəkidə də yaşanır. İpəkçi.info saytı bu mövzuda “Kasıbları bir az da müflis etməyin yeni yolu: özünüməşğulluq proqramı!” sərlövhəli yazı dərc edib.

Həmin yazıda qeyd olunur ki, 2018-ci il üçün özünüməşğulluq proqramı çərçivəsində respublika üzrə 7 min, Şəki rayonu üzrə isə 113 nəfər 40 saatlıq təlimlərə cəlb ediliblər.

Təlimlərə cəlb edilənlər sonda biznes-plan tərtib edərək biznes-planlarını müdafiə ediblər, başqa sözlə, imtahan veriblər…

Dövlət adından vətəndaşa qısır, süd yanığı, dişsiz, şikəst, qotur heyvan verilməlidir, yoxsa…

Vətəndaşlara qısır və balası olmayan inək və qoyunlar, yanıq dana və toğlular təklif edilib. Bu, aztəminatlı vətəndaşları daha da müflis etməkdən başqa bir şey deyil.

Başqa sözlə, vətəndaş 20 qısır qoyunu 2 il yemləmək üçün 4 min manat pul xərcləməlidir. Sonda isə həmin qoyunları yalnız 2 min manata sata bilər. Vətəndaş, deməli, 2 min manat ziyan edəcək.

Astaranın Rüdəkənar kənd sakini Ellada İsmayılova özünəməşğulluq proqramına yoxsulluğa son qoyacağı ümidi ilə qoşulub. Ona iki baş inək verilib. O, son ümidinin də puça çıxdığını bildirib:

“Gəldilər iki baş inək verdilər. Dedilər ki, hər ikisinin balası var. Müqavilənin şərtlərinə görə, bizə balası olan inək verilməli idi. Bu inəklərdən biri xəstədir. Əvvəl buna əhəmiyyət vermədik.

Fikirləşdik ki, keçər. Bir aydır müalicə edirik. Qulluq edirəm ki, özlərinə gəlsinlər. Gözləyirdik ki, artım olacaq. Test elədilər. Məlum oldu ki, inəklərin heç birisinin balası yoxdur. Bizi aldadıblar”.

Bir sözlə, ayrı-ayrı regionlardan, əyalətlərdən onlarla belə şikayətlər, narazılıqlar var. Nazirlik isə qəbul etmir. Qurumun mətbuat katibi Fazil Talıblı deyir ki, vətəndaşa verilən mal-heyvanla bağlı qanunvericilikdə heç bir məbləğdən söhbət getmir.

Şərhlər

XƏBƏR LENTİ