XalqXəbər.Az

GƏNCƏ TİBB KOLLECİNDƏ GƏLƏCƏYİN MAMAÇALARINA RÜŞVƏT «DOĞUZDURMAĞI» ÖYRƏDİRLƏR

yüklənir...
GƏNCƏ TİBB KOLLECİNDƏ GƏLƏCƏYİN MAMAÇALARINA RÜŞVƏT «DOĞUZDURMAĞI» ÖYRƏDİRLƏR
10-01-2019, 09:19
yüklənir...

Gəncə Tibb Kolleci 1931-ci ildə Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığının qərarı ilə Tibb Politexnikumu kimi yaradılıb, 1935-ci ildə Feldşer-Mama Məktəbinə, 1939-cu ildən isə N.K.Krupskaya adına Kirovabad baza Tibb Məktəbinə çevrilib. 2010-cu ilin iyun ayından bu təhsil ocağı Gəncə Tibb Kolleci adlandırılıb. İki korpusdan ibarət kollec binası ötən ilin oktyabr ayında əsaslı təmir olunaraq tələbələrin ixtiyarına verilib. Burada aparılan əsaslı təmir işləri nəticəsində elmi-praktik konfrans zalı müasir üslubda təmir olunub. Dərs otaqları və kabinetlər yeni əyani vasitələrlə təchiz ediliblər. İki həftə əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə Tibb Kollecində olub. Şəhər rəhbəri təhsil müəssisəsində yaradılan şəraitlə tanış olub, burada yeni qurulan elektron kitabxananın təqdimatında iştirak edib. Əlbəttə, bütün bu sadalanan maddi-texniki təminat tədrisin keyfiyyətinə müsbət təsir edən amildir. Amma ən əsası deyildir… Etibarlı mənbədən verilən məlumata görə, kollecdə hökm sürən korrupsiya atmosferindən sıxılan bəzi tələbələr icra hakimi kollecdə olarkən, ona şikayət etmək istəyiblər. Lakin onları cənab başçıya yaxınlaşmağa qoymayıblar. Kollecdə «Müalicə işi», «Praflaktik tibb bacısı», «Mamalıq», «Əczaçılıq», «Ortopedik stomatologiya», «Diaqnostik laboratoriya» ixtisasları üzrə mütəxəsislər hazırlanır. Ancaq həmin gənclərin yetərincə savadlı mütəxəssis kimi yetişmələri şübhə doğurur. Biz bunu əsla onların qabiliyyət qüsurları ilə əlaqələndirmək fikrində deyilik. Məsələ burasıdır ki, kollecdə baş alıb gedən rüşvət atmosferi az — çox oxuyan tələbələri də ruhdan salır. Qənaətbəxş durumda olanlar yalnız «yuxarıda «adamı olanlar, tapşırılanlardır. Bu günlərdə sözügedən kollecin «mamalıq» ixtisası üzrə oxuyan tələbələrindən birinin valideyni redaksiyamıza müraciət edərək, qarşılaşdıqları total rüşvət tələbindən söz açmışdır. Valideyn bildirmişdir ki, qızı illik 600 manat təhsil haqqı ilə ödənişli təhsil alır. Onun verdiyi məlumata görə, təkcə «mamalıq» fakültəsində 3 şöbə var. Hər şöbədə bir neçə qrup fəaliyyət göstərir. Qış və yay semestrlərində 8 fənnin hər birinə görə tələbələrdən hərəyə 50 manat pul yığılır ki, bu da toplam hər semestr üçün 400 manat edir. Onun övladının oxuduğu qrupda 18 tələbə var. Bildiyinə görə, onlardan 16-sı tələb olunan rüşvəti ödəyiblər. Hətta yaxşı oxuyanlar belə cəmi bircə çatışmayan baldan ötrü «kəsilməyəcəklərinə» əmin olmadıqları üçün pul verməyi düzgün seçim hesab edirlər. Əks təqdirdə, işlər ən pis ssenari ilə gedə, kursda qala bilərlər. Bir sözlə, açıq bazara çevrilmiş kollecdə rüşvətsiz heç nə mümkün deyildir. Əgər bir qrupda rüşvət alınan tələbələrin say nisbəti 18 nəfərdən 16-dırsa, ümumilikdə 700-dən çox tələbənin 90%-nin ödədiyi rüşvətin toplam kəmiyyəti barədə təsəvvür əldə etmək çətin deyildir. Bundan başqa, «sərbəst işlər» üçün də ayrıca pul yığılır. Hər fənn üzrə aylıq imtahan statusunda olan kollegiuma görə də fənnlərin hər biri üçün hərədən10 manat alınır. Valideyn həmçinin bildirir ki, qızının oxuduğu şöbədə pul tələbələr sırasından təyin olunmuş hansısa biri, yəni, starosta tərəfindən deyil, məhz şöbə müdiri Sevinc Daşdəmirovanın özü tərəfindən yığılır. Valideynin sözlərinə görə, şöbə müdiri hətta onlara özünəməxsuis tərzdə təsəlli də verir ki, bəs mamaçalar indi xərclədikləri pulları gələcəkdə tibbi xidmət göstərəcəkləri hamilə qadınlardan çıxaracaqlar. Məsələ ilə əlaqədar araşdırma apararkən, Sevinc Daşdəmirovanın fikirlərini öyrənmək üçün onunla telefon bağlantısı qurduq. Özü ilə bağlı ittihamları təkzib etsə də, kollecdə baş verən hər şeyin məhz direktor Mehman Rzayevin nəzarəti ilə həyata keçirildiyini bildirdi. Bizdən telafon nömrəmizi alıb dedi ki, kollec rəhbərini redaksiyamıza verilmiş şikayətlə əlaqədar məlumatlandıracaq və yaxın günlərdə direktorun bizə zəng vurub suallarımızı cavablandırmasını gözləməyimizi məsləhət gördü. Biz də öz növbəmizdə qarşı tərəfin mövqeyini öyrənmədən birtərəfli məqalə hazırlamaq planımızı bir neçə günlüyə təxirə saldıq. Əmin olduq ki, kollec rəhbərliyinin bizi aramağa həvəsi yoxdur. Odur ki, yenidən şöbə müdirinə zəng vurduq. Bildirdi ki, Mehman müəllimi məsələ ilə bağlı məlumatlandırıb, məqsədəuyğun hesab etsə, bizimlə əlaqə saxlayacaq. Daha bir gün sonra isə Gəncə Şəhər İcra Hakimiyyətindən Həsən Məmmədov adlı vəzifəli şəxs redaksiyamıza zəng vurub bizim guya hansısa əməkdaşımızın Gəncə Tibb Kollecinin rəhbər şəxslərini şantaj yolu ilə hədələdiyini, hətta 50 manat rüşvət aldığını bildirdi. Təbii ki, bunca ağır və aşağılayıcı ittihamı qəbul edə bilməzdik. Təkzib etdik. Bununla belə yenidən S. Daşdəmirova ilə əlaqə saxlayıb ondan və ya kollecin başqa rəhbər işçisindən hansısa əməkdaşımızın rüşvət istəyib-istəmədiyini, H.Məmmədova kimin belə məlumat verdiyini bilib-bilmədiyini soruşduq. S.Daşdəmirova öz növbəsində hər hansı bir əməkdaşımız tərəfindən rüşvət tələbi eşitmədiyini, ümumiyyətlə bu haqda heç bir məlumatının olmadığını dedi. Bu üzdən yenidən H.Məmmədova zəng açıb bizə qarşı irəli sürdüyü ittihamın üstündə durub-durmadığını soruşduq. Həsən müəllim bu dəfə ittihamını geri götürdü, bir yanlışlıq olduğunu, saytımızı başqa saytla səhv saldığını bildirdi. Əlbəttə, bütün bunlar qələmə aldığımız mövzunun qayəsini təşkil edən əsas məsələnin periferiyasında baş verənlərdir. Yəni, kollecdə baş alıb gedən korrupsiya hallarını ört-basdır edəcək qədər ciddi sapınmalar deyildir. Yenə də Mehman Rzayevin münasibət bildirəcəyinə ümidliyik.

Çünki mövzuya yenə qayıtmaq fikrindəyik.

Deryaz.az

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.