XalqXəbər.Az

Taleh Qaraşov Lənkəranın dəniz sahillərini ələ keçirir, lüks otel tikdirir – Biznes…

yüklənir...
Taleh Qaraşov Lənkəranın dəniz sahillərini ələ keçirir, lüks otel tikdirir – Biznes…
24-12-2018, 10:24
yüklənir...

Taleh Qaraşov Lənkəranın dəniz sahillərini ələ keçirir, lüks otel tikdirirLənkəranda dəniz kənarında yeni otel tikilir. Şəhərin dəniz vağzalına yaxın yerdə köhnə tikilinin yerində mehmanxana fəaliyyət göstərəcək.

Həmin tikili əvvəllər çimərlik mövsümündə kafe kimi işləyib. Dənizə sıfır məsafədə, sahilə yaxın yerdə tikilən otel turistlərin böyük marağına səbəb olacaq.

Lənkəran sakinlərinin sosial şəbəkələrdə yazdıqları şərhlərdə otelin icra hakimiyyəti başçısı Taleh Qaraşov tərəfindən tikdirildiyi iddia olunub.

Lənkəranın dəniz sahilləri böyük turizm potensialına malikdir. Şəhərin girişində “Sahil” və “Qafqaz” otelləri var. Eləcə də dəniz kənarına yaxın “Palıdlı sahil” istirahət mərkəzi fəaliyyət göstərir. Həmçinin, “Xəzər palace” bahalı yerlərdən biridir.

Adını çəkdiyimiz turizm məkanları ayrı-ayrı məmurlara məxsusdur və bu barədə dəfələrlə yazılıb. Odur ki, şəhərdə turizm inkişaf eləmir, rəqabət yaranmır, orta sahibkarlıq, taksi xidməti qazana bilmir.

Məsələn, Türkiyədə turizm yuxarılardan aşağılara qədər hər kəsə xeyir gətirir. Lənkəranda isə məmurların obyektləri bir-birinin yarışına girib. Onlardan birinin də T.Qaraşovun yeni tikilməkdə olduğu otelini göstərmək mümkündür.

Geniş biznes imkanlarına malik olduğu bildirilən Lənkəranın icra başçısı Xanbulanda özünə villa tikdirib, indi də dəniz kənarında otel inşa etdirir. T.Qaraşov cənub mirvarisini o qədər bəyənib ki, bu bölgədən getmək fikrindən uzaqdır.

Onun doğma şəhəri olan Kürdəmirdə turizm obyektləri açmaq niyyəti olmadığı aydın məsələdir. Dəniz və dağla əhatəli Lənkəranda turizm potensialı daha böyükdür.

Hazırda dəniz sahilində tikilməkdə olan oteldə daxili dizayn işləri, kommunikasiya sisteminin qurulması həyata keçirilir. Ümumiyyətlə, T.Qaraşov Lənkəranın icra hakimi təyin olduğu vaxtdan etibarən özünə böyük biznes imperiyası yaratmağa nail olub.

“Mən həmişə demişəm hər bir dövlət məmuru, o cümlədən prezident xalqın xidmətçisidir. Xalq bizə etibar eləyib, biz də bu etibarı, inamı hər gün doğrultmalıyıq. Dövlət məmurları özlərini təvazökar aparmalıdır, özləri və onların ailə üzvləri xalqla bir yerdə olmalıdırlar, yekəxanalıq göstərməməlidirlər.

Hesab etməməlidirlər ki, onların hansısa statusu var. Onların statusu insanlara xidmət etməkdir. İnsanları incitməməlidirlər, əksinə qayğı, diqqət göstərməlidirlər”.

Dəfələrlə məmur və övladlarına xəbərdarlıq edən Azərbaycan Prezidenti “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda da bu mövqeyini bir daha sərgilədi.

Təəssüf ki, Prezidentin bu çağırışından nəticə çıxarmayan məmurlar, xüsusilə “rayon padşahları” az deyil. Onlar və övladları müxtəlif qalmaqallarla gündəmə gəlirlər.

T.Qaraşovun oğlanlarından biri Seymur Qaraşov rayonda bütün tikinti, yenidənqurma və abadlıq işlərinə nəzarəti əlinə keçirib. Lənkəranda satışa çıxarılan bir qarış torpaq belə icra başçısının oğlunun icazəsi olmadan realizə edilə bilməz.

Bir müddət əvvəl virtualaz.org saytının verdiyi xəbərə görə, Taleh Qaraşov Çexiyanın məşhur Karlovı Varı kurort şəhərində istirahətini keçirib.

Azərbaycandan gedən və aylıq maaşı 2 min manata yaxın olan bir məmurun xərclədiyi pulların məbləğinin yüz minlərlə dolları aşması faktı çexiyalı jurnalistlərin də diqqətini cəlb edib.

Lənkəran isə coğrafiyası, təbiətinə görə Karlovı Varıdan geri qalmır və dəniz sahilində tikilən yeni otel də bu baxımdan çox əhəmiyyətli olacaq.

editor.az

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.