SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Saakaşvili də küçə süpürən əlil qadına ürək yandırdı, Sahil Babayevlə Hicran Hüseynova isə...

Saakaşvili də küçə süpürən əlil qadına ürək yandırdı, Sahil Babayevlə Hicran Hüseynova isə...

Tarix:

26-11-2018, 00:03

/ 964 dəfə oxundu.
Saakaşvili də küçə süpürən əlil qadına ürək yandırdı, Sahil Babayevlə Hicran Hüseynova isə...

Bu ölkədə 2 ton çəllək çaxır Madridə daşıyıb milyon qazananlar, Londonda itinə 22 min xərcləyənlər, Anadoluda cins çoban itini bəsləməyə 30 mindən keçənlər, qızına 400 minlik toy edənlər, övladlarına maşın kolleksiyaları hədiyyə edənlərin gözü Bərdədə atılmış vəziyyətdə olan, kimsəsiz, gözdən əlil Nazilə Musayevanı və onun azyaşlı övladını görmür ki, görmür.

Artıq biz ikinci dəfədir ki, məcburiyyət qarşısında, çarəsizlikdən onun naləsini, haray səsini yuxarılara çatdırmaq üçün qollarımızı çırmaladıq. Çünki göz görə-görə bir ailə məhv olmaqdadır...

“İtə ataram, kasıbıma vermərəm...”

Düşündük ki, başqa yol qalmayıb, səhərdən axşama kimi yarımcan bir qadın Bərdə küçələrini süpürməklə aldığı 123 manat hesabına heç dərmanlarının pulunu ödəyə bilmir, bunun axırı necə olacaq?

Bildirək ki, bu faciəli qadının problemini müstəqil jurnalist Xəyyam Salmanzadə ictimailəşdirmişdi. O zaman Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı reaksiya vermişdi.

Nazirlikdən gəlib baxış keçirmişdilər, ancaq nə ona əlillik pensiyası verilməsi, nə sığınacaqla təmin olunması istiqamətindən heç bir addım atmadılar.

Cahan.info xəbər verir ki, jurnalist Xəyyam Salmanzadə Nazilə Musayevanın və onun məktəbə gedə bilməyən övladının dərdini növbəti dəfə ölkə rəhəbrliyinin, ƏƏSMN rəhbəri Sahil Babayevə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədri Hicran Hüseynovanın, xeyriyyəçi insanların, imkanlı şəxslərin nəzərinə çatdırıb.

Bərdədə küçə süpürən N.Musayeva jurnalistə feysbukda canlı yayımda danışıb və onun sözlərinə heç bir yardım yoxdur.

X.Salmanzadə qeyd edib ki, internatda böyüyən bu qadını, İmişli rayonun Nurlu kəndində yaşayan Musayev Əzizulla adlı şəxs övladlığa götürüb.

Adını da Nazilə qoyub. Kişi öləndən sonra isə arvadı bu xanıma zülm verərək, onu çobanlığa göndərib.

Bir müddət sonra isə analığı Naziləni ailəli olan bir kişiyə ərə verərək deyib ki, apar bunu başımdan elə. Həmin şəxs də fürsətdən istifadə edib, Naziləni kafelərdə işlədərək, qazancını əlindən alaraq, pullarını içkiyə xərcləyirmiş.

Həmin adamdan uşağı olan qadını əri ataraq, gedib. Heç bir qohumu və yaxını olmayan Musayeva Nazilə Bərdədə küçə süpürərək, aylıq 123 manat maaş alaraq yaşayır.

Onun bir gözü görmür və əlil olsa da pensiya ala bilmir. Nazirlik isə bu qədər müraciətlərə soyuq yanaşır, belə desək heç vecinə almır. Görəsən Nazilə xanım özünü yandırmalıdır ki, müvafiq qurumlar hərəkətə keçsinlər?

Bəlkə intihar etməlidir, onda övladına sahib çıxarlar? Nə üçün bu ölkənin sahibsiz, acınacaqlı şəraitdə olan vətəndaşına vaxtında kömək göstərilmir?

Təbii ki, bütün bu suallara S.Babayev və H.Hüseynova cavab verməlidirlər. Prezident onları bu vəzifəyə təyin edib ki, küçə süpürən kimsəsiz qadının problemini həll eləsinlər, daha bu məsələyə də ölkə başçısı müdaxilə etməməlidir.

Türkmənistana, Belarusa, Avropaya səfərlərə gedən, ölkəmizin inkişafı ilə bağlı mühüm sənədlər imzalayan da prezident olsun, evsiz-eşiksiz, xəstə, kimsəsiz bir Nazilənin əlillik pensiyası problemini də cənab prezident həll eləsin?

Onda Sahil Babayev bu postda niyə oturub ki, elə nazirliyi də Prezident Administrasiyasına birləşdirib, səlahiyyətlərini PA-ya verərdilər.

Saakaşvilidən Sahil Babayevə və Hicran Hüseynovaya nümunə...

Hətta bu videonu Avropada yaşayan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bəyənib. Jurnalistin dediyinə görə, Avropadan, Rusiyadan, Bakıdan, Sumqayıtdan, Mingəçevirdən zənglər gəlib, bu ailənin vəziyyəti ilə maraqlanınlar.

Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, heç Bərdə MİS (JEK) rəisi belə “tükünü tərpətməyib”.

Sanki küçədə qalan bu millətin övladı deyil. Bu qədər laqeydliyi hardan öyrənmisiniz? Belə vicdansızlıq olarmı?

Bərdədə bir xeyirxah sahibkar yoxdur ki, bu ailəyə yardım etsin? Bərdənin yerli icra hakimiyyəti görmür ki, bu yetim, kimsəsiz xanım hər gün bərdəlilərin ayağının altını süpürür?!

Doğurdanmı onun müalicəsinə, dolanışığına, sığınacağına kömək etmək çətindir? Doğurdanmı gözdən əlil qadına Sahil Babayev əlillik verə bilmir? Doğurdanmı Hicran Hüseynovanı onun uşağının təhsilsiz qalması maraqlandırmır?

Sosial şəbəkələrdə videosu yayılandan sonra Bərdədə imkanlı iş adamları, idarə müdirləri nə üçün əlil qadına dəstək vermirlər? Axı o Bərdənin səliqə-sahmanlı qalması üçün ayağınızın altını süpürür, əvəzində cəmi 123 manat alır.

Nazilə videoda deyir ki, ayda 20-30 manat da əlavə MKTB rəisi ona öz maaşından köməklik edir. Amma bu pul da bir gözü əlil olan insanın ehtiyaclarını qarşılamır.

Azərbaycanda 150 manatla yaşamağın nə olduğunu S.Babayev bilmirmi? Axı onun rəhmətlik atası Bərdədə çox nüfuzlu, hörmətli kişiydi, kasıblara əl tuturdu, qapısına gələni ümidsiz qaytarmırdı.

Ona əlillik pensiyası verilsə, evlə təmin olunsa, özü də küçə spürməklə birtəhər dolanar, kimsəyə ehtiyacı olmaz, uşağına istədiyi şirniyyatı, hədiyyəni alar. Axı Nazilə bu vətənə əsgər yetişdirir?!

Ən nəhayət, qarşıdan Yeni il bayramı, Dünya Azərbaycanlılarının Həmrəylik Günü yaxınlaşır. Bu ailəni bayramqabağı sevindirmək, üzünü güldürmək, dərdinə çarə qılmaq hər bir imkanlı azərbaycanlının, məmurların, dövlət rəhbərliyinin, nazirlərin, Bərdədə xeyriyyəçi insanlarımızın savab işi olardı.

Əsl həmrəylik də budur, əsl birlik də elə budur. Bizdən demək, sizdən Nazilənin ürəkparçalayan videosuna baxıb nəticə çıxarmaq!!

Şərhlər

XƏBƏR LENTİ