yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Elxan Abdullayev polis mundirini həmişəlik çıxarmağa məcbur oldu

Elxan Abdullayev polis mundirini həmişəlik çıxarmağa məcbur oldu
12-10-2018, 10:18 336 dəfə baxılıb

Xaçmaz stansiyası xətt polis şöbəsinin rəisi Həmid Həmidovun şər-böhtanından qorxan polis serjantı təqaüdə yollandı

Xaçmaz stansiyası xətt polis şöbəsi Yalama xətt polis bölməsinin əməkdaşı Elxan Abdullayev barəsində bir neçə yazı yazmışdıq. Şöbə rəisi tərəfindən təzyiqlərə məruz qalan serjantın problemi daxili işlər naziri Ramil Usubovadək gedib çıxmışdı. Bütün bunlar onunla nəticələnmişdi ki, Elxan Abdullayevə verilmiş qanunsuz “məzəmmət” və şiddətli töhmət üzərindən götürülmüş, əvəzində Həmid Həmidova ciddi xəbərdarlıq elan olunmuşdu.

Sonra isə daha maraqlı hadisələr baş verib. Sentyabrın axırlarına yaxın ambulator müalicəsi başa çatan polis serjantı dəmir yolu nəqliyyatında polis idarəsinin rəisi Yaşar Nuriyevin vasitəsi ilə nəqliyyatda baş polis idarəsinin rəisi Emin Şəkinskiyə raport göndərib. Bu sənəd məlumat üçün daxili işlər naziri Ramil Usubova da ünvanlanıb. Mötəbər mənbənin verdiyi məlumata görə, Elxan Abdullayev raportunda özü haqqında qısa məlumat yazdıqdan sonra Həmid Həmidovun ona qarşı qərəzli mövqe tutduğunu və baş idarə tərəfindən aparılan yoxlamanın nəticəsinin də bunu sübut etdiyini göstərib. O qeyd edib ki, həyat yoldaşı onkoloji xəstədir, ruhi xəstə qardaşı və xəstə anası var, üç azyaşlı uşaq atasıdır. Belə bir halda öz fəaliyyətini davam etdirərək ailə qayğılarını həll edə bilərdi. Lakin Həmid Həmidovun müxtəlif üsullara əl ataraq onu şərlətməsindən və ləkələtməsindən qorxur, məcburiyyət qarşısında raport yazır. Bundan bir neçə gün sonra baş idarəyə gedən Elxan Abdullayev qəribə olsa da raportunu dəyişərək adi qaydada təqaüdə çıxması qeyd olunan yeni sənəd imzalayır. Mənbənin məlumatına görə, Elxan anası Baqidət Abdullayevanın xahişlərindən sonra bu addımı atır. Çünki yazdığı raportla onu təqaüdə göndərmək qeyri-mümkün olub. Problemə baş idarədən də qarışıblar, daxili işlər nazirliyinin müvafiq qurumuna da sənəd çatıb. Ana ehtiyat edib ki, oğlunun təqaüdə çıxmasını da əngəlləyərlər. Söhbət konkret olaraq şöbə rəisi Həmid Həmidovdan gedir.

Xaçmaz stansiyası xətt polis şöbəsindəki məlumatlı mənbənin informasiyasına əsasən, bu yaxınlarda yığıncaq keçirən Həmid Həmidov artıq təqaüdə çıxması barədə əmri verilmiş Elxan Abdullayevə od püskürüb. İnformasiyada gülüş doğuran məqam odur ki, böyük bir şöbənin rəisi serjantı müxalifətlə işbirliyində də suçlayıb. “Şimal xəbərləri” olaraq, biz Həmid Həmidovun yenidən şər və böhtanlara əl atdığını bildirməyi borc bilirik. Belə yalanlarla öz vəzifəsinin öhdəsindən gələ bilməməsini pərdələmək insana başucalığı gətirməz. Cənab polkovnik-leytnanta xatırladırıq ki, Emin Şəkinskinin əmrində onun vəzifə səlahiyyətlərini aşaraq qanunsuzluqlar törətdiyi öz əksini tapıb. Məsələn, şöbənin dəftərxana müdiri izahatında Elxan Abdullayevin DİN hospitalında müalicəsinin qarşısını almaq əmrini şifahi formada Həmid Həmidovun verdiyini bildirib. Elə həmin əmrdə qeyd olunub ki, Yalama xətt polis bölməsinin rəisi, polis mayoru Pərviz Rzayev serjantı müdafiə edərək Həmid Həmidovu əməkdaşlara qarşı qərəzli mövqedə suçlayıb. Əmrdə şöbə rəisi əməkdaşların cəzalandırılması barədə əsassız qərarlar qəbul etməkdə, şəxsi heyət arasında mənəvi-psixoloji mühiti gərginləşdirməkdə ittiham edilib. Nöqsanların aradan qaldırılması üçün kəsərli tədbirlərin görülməsi dəmir yolu nəqliyyatında polis idarəsinin rəisi Yaşar Nuriyevdən tələb olunub. Əslində sənəddə yazılanlar Həmid Həmidovun necə bir rəis və kollektivdə hansı hörmətə malik olduğunu açıq-aydın göstərir. Bu əmrin daha sərt olmasını gözləyənlər də olub. Çünki şöbə rəisinin bizneslə də məşğul olması, polis serjantından bir ildən çox şəxsi məqsədləri üçün istifadə etdiyi barədə anası Baqidət Abdullayeva şikayət etmişdi. Məsələnin bu tərəfi nədənsə diqqətdən kənarda qaldı. Şöbədəki mənbənin dediklərinə görə, Həmid Həmidov iddia edir ki, onunla heç kəs bacarmaz, öz haqqını tələb edənlərin aqibəti isə Elxan kimi olacaq. Əlbəttə, şöbədəki qanunsuzluqlar təkcə sadalananlardan ibarət deyil. Polis əməkdaşlarının maaşlarından hər ay müəyyən məbləğ tutulması, şöbəyə ayrılan yanacağın satılması, Rusiya şəhərlərinə kənd təsərrüfatı məhsulları göndərən fermerlərdən pul alınması və digər qanunsuzluqlar barədə də iddialar mövcuddur. Biz bunların nə dərəcədə doğru olub-olmadığını deyə bilmərik. Nəzərə alın ki, informasiya məhz şöbənin içərisindən çıxaraq yayılır. Bir də ki, od olmayan yerdən tüstü çıxmaz. Əgər Həmid Həmidov həm də biznes adamıdırsa, ondan hər şey gözləmək olar. Bəlkə də elə bu səbəbdəndir ki, şöbədə sağlam mühit yaratmağa vaxtı yoxdur. Düzünə qalsa, onun fəaliyyəti ciddi şəkildə və ətraflı təftiş edilməli , daha sərt tədbirlər görülməlidir. Doğrudur, bu istiqamətdə ilkin addımlar atılıb. Həmid Həmidova yarıtmaz fəaliyyətinə görə ciddi xəbərdarlıq edilib. Görünür, şöbə rəisi əmrdən lazımi nəticə çıxarmayıb.

Qayıdırıq Elxan Abdullayevin müxalifətçilərə qoşulması ittihamına. Yaşadığı ərazidə və iş yoldaşları arasında hamı bilir ki, çox gülünc ittihamdır. Serjant polis orqanlarında çalışdığı iyirmi ildən çox müddətdə heç bir siyasi partiyaya və ictimai təşkilata qoşulmayıb. Əslində qanun da buna icazə vermir. Sadəcə olaraq, Həmid Həmidov belə deməklə guya ona qarşı yazılanların müxalifət tərəfindən təşkil olunduğuna işarə vurur. Sahibkar-rəis bu səviyyədən o yana düşünə bilməz. Əvvəla, “Şimal xəbərləri”nin internet səhifəsi heç bir siyasi qüvvənin nəzarətində deyil, ola da bilməz. Bunu səhifəni izləyən hər bir kəs yaxşı bilir. Məgər polis rəisinə qarşı və onun törətdiyi qanunsuzluqlardan yazmaq müxalifətçilikdir? Həmid Həmidov kimi fikirləşən məmurlar az deyil. Onlar belə ifadələr işlətməklə çullarını sudan quru çıxarmaq istəyirlər. Bizi isə şöbə rəisinin şər-böhtanları qorxutmur. Əgər təmiz adamdırsa niyə üstümüzə minnətə adam göndərirdi, telefon açdırırdı, müxtəlif təkliflər etdirirdi(Həmin şəxslərin adlarını da açıqlaya bilərik)?Çünki əmrdə yazılanlara, etdiyi qanunsuzluqlara cavab verə bilmir. Belədə öz xislətinə uyğun əməllərə əl atır. Nə isə. Bütün bunlara baxmayaraq, biz qarşı tərəfin dediklərini olduğu kimi dərc etməyə hazırıq. Təki yazmağa təpər olsun.

DİN ölkədə sabitliyin əsas təminatçılarından biridir. Onun sıralarında öz işinin öhdəsindən layiqincə gələn, dövlətinə və millətinə şərəflə xidmət edənlər çoxdur. Çalışdığı kollektivdə süni narazılıq yaradan, qayda-qanunlara məhəl qoymayan Həmid Həmidovun fəaliyyəti isə göz qabağındadır. Baş idarə rəisinin imzaladığı əmrdə onun necə rəis olduğu açıq-aydın göstərilib.

Sonda bir məsələyə toxunmaq istəyirik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarında həyatın bütün sahələrində ictimai nəzarətin vacibliyini dəfələrlə vurğulayıb. Bu dəstəklənməlidir. Məmur özbaşınalığının, korrupsiya və rüşvətxorluğun qarşısını kəsən əsas yollardan biri də elə ictimai nəzarətdir. “Şimal xəbərləri” olaraq biz də bu vəzifənin həyata keçirilməsində çox maraqlıyıq.

Bəli, Həmid Həmidov Elxan Abdullayevi polis mundirini əynindən çıxarmağa məcbur etdi. Özü isə hələ ki, bu qiyafədə gəzir. Olsun, hər şeyin zamana ehtiyacı var.

Mövzuya qayıdacağıq.

“Şimal xəbərləri”


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ