SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Milli Məclisin qəzeti yazdı, Bərdə ekologiya rəisi dərs çıxarmadı - "yaşıl genosid"...

Milli Məclisin qəzeti yazdı, Bərdə ekologiya rəisi dərs çıxarmadı - "yaşıl genosid"...

Tarix:

24-09-2018, 15:02

/ 1 598 dəfə oxundu.
Milli Məclisin qəzeti yazdı, Bərdə ekologiya rəisi dərs çıxarmadı - "yaşıl genosid"...

Bir müddət əvvəl Milli Məclisin rəsmi mətbu orqanı olan "Azərbaycan" qəzetində Bərdədə yaşıllıqlara "divan tutulması" haqda geniş məqalə dərc olunmuşdu.

Bu tənqidlərdən 12 saylı ekologiya və təbii sərvətlər şöbəsi rəisi Mübariz Hacıyev hələ də nəticə çıxarmayıb. Bu tənqidləri müstəqil mətbuat səsləndirsə, hansısa vətəndaşın şikayəti olsa, yenə də anlamaq olar ki, məmurlar onları saymırlar.

Söhbət isə parlamentin rəsmi qəzetindən gedir və M.Hacıyev Bərdədə yaşıllıqların məhv edilərək yerində tikintilər aparılmasına hələ də göz yumur. Görəsən bu özbaşınalıqların həyata keçirilməsində ona kim arxa-dayaqdır?

Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər il Bakı ətrafında, bölgələrdə ağacəkmə kampaniyaları keçirilir. Əhalinin mütəşəkkil iştirakı ilə yeni bağlar salınır. Yaşıllıqlar yaradılır.

Elə bu yaxınlarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bərdənin Uğurbəyli kəndində 2 hektarlıq bağ salınmışdır. Bütün bunlar xalq tərəfindən bəyənilir və alqışlanır.

Paradoksal mənzərədir, bir tərəfdə el-oba minbir həvəslə ağac əkib, bağ salır. Digər tərəfdə isə M.Hacıyevin yaratdığı şəraitdən su-istifadə edənlər böyük vəsait və zəhmət hesabına salınmış yaşıllıqları məhv edirlər.

Şəhərin S.Vurğun küçəsində, Tərtər çayının sağ sahilində bir neçə sıra əkilmiş həmişəyaşıl ağacları dartıb kökündən çıxarılıb. Yeri gəlmişkən, qəzetin baş redaktoru, deputat Bəxtiyar Sadıqov da rayonda yaşıllıqların doğranmasına "od püskürmüşdü". O, rayon rəhbərliyini və ekologiya idarəsini ittiham etmişdi.

“Azərbaycan” qəzetinin 17 may 2018-ci il tarixli nömrəsində “Ciddi siqnal” rubrikası ilə “Bərdədə yaşıllıqları niyə ticarət obyektləri ilə əvəz edirlər?!” adlı məqalə dərc edilmişdi. Yazıda deyilənləri əyani şəkildə göstərən daha 6 ədəd fotofakt da verilmişdi.

Həmin şəkillərdə mövcud yaşıllıq, ağacların qazılıb çıxarılaraq “Jiquli” markalı maşına yüklənməsi, boşaldılmış ərazidə, həm də yaşıllıqlar içində təzə ticarət obyektlərinin tikintisi açıq-aydın görünürdü.

Yada salırıq ki, bir müddət əvvəl conflict.az Bərdə rayonunun mərkəzində yaşıllıq kütləvi şəkildə məhvindən yazmışdı. Rayon poçtunun qarşısındakı ağaclar kəslib, kökündən çıxarılmışdı.

Məlumatda qeyd olunurdu ki, poçtun qarşısındakı ərazini hansısa iş adamına satıb.

İş adamı isə orada tikinti aparmaq üçün 30 il bundan əvvəl əkilmiş cökə ağaclarını kəsərək məhv edir. Sakinlər yaşıllığın məhv edilməsindən narazı olsa da, buna məhəl qoyan yoxdur. Göründüyü kimi, Bərdənin ekologiya rəisi təbiəti qorumaq, onun düşmənlərinə qarşı çıxmaq əvəzinə, özü yaşıllıqların qənimi kəsilib.

Bu hərəkəti ilə M.Hacıyev Ulu Öndər Heydər Əliyevə hörmətsizlik edir. O, ağacların kəsilməsinə şərait yaradır. Axı, Heydər Əliyev “ bir ağacı kəsən elə bil mənim qolumu kəsir” demişdi.

Necə olur ki, Ulu Öndərin, yaşıllıqların məhv edilməsi ilə bağlı söylədiyi bu məşhur kəlamları unudub ağacların qətliamına rəvac verirlər? M.Hacıyev parlamentin qəzetinin tənqidlərinə məhəl qoymursa, deməli nə Milli Məclisi sayır, nə spiker Oqtay Əsədovu, nə yeni ekologiya naziri Muxtar Babayevi sayır.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ