SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » XXI əsrin Xəzər quldurları- II Hissə-FOTOLAR

XXI əsrin Xəzər quldurları- II Hissə-FOTOLAR

Tarix:

18-09-2018, 09:02

/ 1 641 dəfə oxundu.
XXI əsrin Xəzər quldurları- II Hissə-FOTOLAR

Eşitdiklərimizə əvvəlcə inanmadıq. Dedilər ki, sentyabrın əvvəlindən dövlət qurumlarından biri brokonyerlərdən alınan aylıq rüşvətin miqdarını qaldırıb. Araşdırmalara başladıq. Əvvəlcə adının çəkilməsini istəməyən, lakin bizə müsahibə verən balıqçı bildirdi ki, ekologiya və təbii sərvətlər nazirliyindən lisenziya və kvota almaq çox asanlaşıb. Oradan balıqçılara ciddi xəbərdarlıq ediblər ki, heç bir quruma rüşvət verməsinlər. Sənədlər də rüşvətsiz filansız verilir. Ekologiya və təbii sərvətlər nazirliyində vəziyyət müsbətə doğru dəyişsə də, digər dövlət qurumlarında köhnə vərdişlərindən hələ də əl çəkməyiblər. Mənbə bildirdi ki, ötən il bir motorlu qayığa görə 400 manat, iki motorlu qayığa görə 600 manat rüşvət tələb olunurdusa, bu il həmin rəqəmlər 600-800 manat təşkil edir. Biz brokonyerlərdən aylıq “haqq” alan qurumların adlarını hələlik çəkmirik. Qiyməti qaldıran şərti olaraq A adlı dövlət qurumunu qeyd etdik. Qalanları isə belədir: B dövlət qurumu - bir motorlu qayığa görə 200 manat, iki motorlu qayığa görə 400 manat. Yerli V dövlət qurumu - 500 manat. D dövlət qurumu - aylıq 100 manat. Əgər brokonyerlərin iddialarına inansaq, hər ay dənizdən 100 000 manatlarla rüşvət yığılır. Hələ qara kürünü demirik. İmkan düşən kimi o da qurumların arasında bölüşdürülür. Doğrudur, ekologiya və təbii sərvətlər nazirliyi Xəzərdən yalnız kefal, ziyad, şahmayı, siyənək, vobla balıqlarını ovlamağa icazə verir. Lakin dəniz quldurları tam imkan yaradırlar ki, brokonyerlər istədiklərini etsinlər. Bu hər iki tərəfə sərfəlidir. Biri rüşvət yığır, digəri isə qiymətləri qaldıraraq pul qazanır. Ən maraqlısı budur ki, heç kəs yolların qırağında nərəcinsliləri və qara kürü satanlara gözün üstə qaşın var demir. Deməyəcəklər də. Çünki bu dənizdən yolların qırağınadək uzanan bir şəbəkədir. Nəticədə, itirən dövlət olur. Bir də balaları bəzi balıq növlərinin üzünə həsrət qalan sadə vətəndaşlar. Təbii ki, onlar heç vaxt “oseterin” və qara kürü ala bilməzlər.
Bəzi brokonyerlər iddia edir ki, Xəzərdə arabir qonşu Rusiyaya məxsus “baydalar” peyda olur. 3-4 asma mühərrik qoyula bilən, yüksək sürətlə hərəkət edən və uzunluğu təxminən 10 metrə çatan bu qayıqların adı qaçaqmalçılıqda çox çəkilir. Lakin belə bir söz-söhbət də var ki, bəzən baydalar Xəzərin Rusiya sektorunda ovladıqları nərəcinsliləri çox ucuz qiymətə bizimkilərə satırlar.

Ötən yazıda qeyd etmişdik ki, brokonyerlərə qarşı mübarizənin başında nəqliyyatda baş polis idarəsinin su nəqliyyatında polis idarəsinin Xaçmaz xətt polis bölməsi dayanmalıdır. On ildən çox quruma rəhbərlik edən İsmayıl Həsənovun hələ ki, əməlli-başlı bir tədbir keçirdiyinin şahidi olmamışıq. Bildiyimiz bircə budur ki, onun gözləri qarşısında axşamüstülər Xəzərdən çıxan motorlu qayıqlarda “çalquş” adlandırılan nərəcinslilər olur. Bölmə şefi üçün uzağa getmək lazım deyil. İstəsə, elə villasından da brokonyerlərin qanunsuz əməllərini görə bilər. Yəqin ki, görmək istəmir, bu ona sərf etməz. Çünki deyilənə görə, Orxan Ağayev adlı bir serjantı buraxıb brokonyerlərin canına... O da can-aman başa düşmür.

İsmayıl Həsənov barəsində çox məlumatlar var. Əslində bu bölmənin gərəkliliyi belə sual altındadır. Onsuz da yazıb-yazmasaq da brokonyerlər öz işlərindədirlər. İsmayılınsa başqa problemləri də var, özəl biznesini də idarə etməlidir.

Bəli, dövlət çox mühüm və strateji bir sahədə ciddi qayda-qanun yaradılmasını bunlara etibar edib. Lakin yəqin ki, ortalıqda beş-on cərimədən başqa heç nə yoxdur. Brokonyerlərə gəldikdə isə, onların himayədarları rəngarəngdir. Aralarında hüquq-mühafizə orqanlarının rəhbərliyində təmsil olunan şəxslərdən tutmuş, hərbçilərədək kimi istəsən tapa bilərsən. Xaçmazda oturub havayı aylıq yığdıranlar da var. Elə bilməyin ki, hər motorlu qayığa da “haqq” qoymaq olar.

Ekologiya və təbii sərvətlər nazirliyində ciddi islahatlar gedir. Bu qurumun məqsədlərindən biri də brokonyerliyin qarşısını almaqdır. İlkin vəziyyət göstərir ki, nazirlik işə möhkəm girişib. Görəsən axıra çatdıra biləcəkmi?

Oxucular deyə bilərlər ki, biz brokonyerlərin və onlardan aylıq rüşvət yığan dövlət qurumlarının adlarını çəkmədik. Görünən kəndə nə bələdçi? Onsuzda hamı bilir ki, Xəzərdən axan çirkli pullar kimlərin cibinə gedir. Onların adlarını oxumağa isə tələsməyin. Növbəti yazıların birində hər kəsi öz adı ilə çağıracağıq. Siyahı bizdədir.

Qarşı tərəflərin mövqeyini də olduğu kimi dərc etməyə hazırıq.

Yazıya bir neçə fotoşəkil əlavə edirik. Kimə məxsus olduğunu bilirsinizsə bizə yazın.

“Şimal xəbərləri”
XXI əsrin Xəzər quldurları- II Hissə-FOTOLAR
XXI əsrin Xəzər quldurları- II Hissə-FOTOLAR
XXI əsrin Xəzər quldurları- II Hissə-FOTOLAR
XXI əsrin Xəzər quldurları- II Hissə-FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ