SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Leyla Seyidəliyeva Zaqatala səhiyyəsini uçuruma sürükləyir

Leyla Seyidəliyeva Zaqatala səhiyyəsini uçuruma sürükləyir

Tarix:

16-07-2018, 15:10

/ 3 998 dəfə oxundu.
Leyla Seyidəliyeva Zaqatala səhiyyəsini uçuruma sürükləyir

Mərkəzi xəstəxananın baş həkiminin törətdiyi özbaşınalıqlar faciə ilə nəticələnir
7 aylıq körpənin ölümü rayonda səhiyyə sisteminin bərbad halda olmasını bir daha sübut etdi Bu günlərdə Zaqatalada 7 aylıq uşağın məsuliyyətsizlik nəticəsində həyatını itirməsi bəzi rayonlarımızda səhiyyənin bərbad vəziyyətdə olduğunu bir daha təsdiqləmiş oldu. Qeyd edək ki, Qımır kənd sakini 7 aylıq Ruqiyyə Məmmədova nar dənəsi yemək istəyərkən dənə onun boğazında qalıb. Nəfəs alması çətinləşən körpəni ailə üzvləri dərhal Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırıblar. Xəstəxanadan isə Ruqiyyənin valideynlərinə onu Şəki Mərkəzi Rayon Xəstəxanasına aparmağı məsləhət görüblər. Çarəsiz qalan ailə körpəni xəstəxanaya aparmaq əvəzinə Vaqif adlı həkimin yanına aparıb. Vaqif həkim isə uşağın vəziyyətinin ağır olduğunu görüb 7 aylıq Ruqiyyəni paytaxta aparmağı məsləhət görüb. Hər yerdən əli üzülən ailə uşağı Bakıya gətirmək üçün yola çıxsa da, körpə yolda dünyasını dəyişib. Maraqlıdır, Zaqatala Rayon Mərkəzi Xəstəxanasında hər cür şərait olduğu halda, körpənin valideynlərini niyə Şəkiyə, yaxud Bakıya yönəldiblər? Bir halda ki, xəstəxananın tibb personalı 7 aylıq körpəyə yardım göstərməkdə acizdir, o zaman bu xəstəxana nəyə və kimə lazımdır? Körpənin ölümü Zaqatala Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti barədə araşdırma aparmağımıza səbəb oldu. Məlumat üçün bildirək ki, Zaqatalada 1 mərkəzi xəstəxana, 3 kənd xəstəxanası, 1 vərəm xəstəlikləri xəstəxanası, 21 həkim məntəqəsi və 16 tibb məntəqəsi olmaqla 42 səhiyyə müəssisəsi fəaliyyət göstərir. Rayonda 2008-ci ildə Müalicə Diaqnostika Mərkəzi istifadəyə verilib. Rayon Mərkəzi Xəstəxanasının baş həkimi isə Leyla Seyidəliyevadır. O bu vəzifəyə qədər Səhiyyə Nazirliyinin Tibbi Yardımın təşkili şöbəsinin məsləhətçisi işləyib. Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, 2013-cü ildə baş həkim təyin olunan Leyla xanım rayonun səhiyyəsini problemlərdən xilas edə bilməyib. Əksinə, ötən dövr ərzində Zaqatala səhiyyəsində müxtəlif nöqsanlar üzə çıxıb. Belə ki, bir müddət əvvəl Zaqatala sakini Rövşən Mehdiyev mətbuat vasitələrinə müraciət edərək üzləşdiyi problem haqda danışıb: "Mənim 11 yaşlı oğlum avtoqəzaya düşdü. Bizim müraciətimizə baxmayaraq, təcili yardım hadisə yerinə gəlib çıxmadı. Özümüz uşağı xəstəxanaya apardıq. Həkimlərə yalvardım ki, uşağa kömək etsinlər. Ancaq mənə dedilər ki, növbətçi həkim iş yerində yoxdur. O hətta iş yerində olsa da, heç bir yardım edə bilməzdi, çünki xəstəxanada zəruri dərmanlar və qan ehtiyatı yoxdur. Zəruri yardım ala bilmədiyi üçün oğlum xəstəxanada öldü. Baş həkim Leyla Seyidəliyeva deyir ki, guya mənim oğlum xəstəxanaya çatanadək komaya düşüb. Bu yalandır, oğlum məhz xəstəxanada komaya düşdü. Tibb bacısından xahiş etdim ki, oğlumu rentgen eləsin. Mənə dedilər ki, xəstəxanada xeyli vaxtdır ki, rentgen aparatı işləmir. Hətta xəstəxanada süni tənəffüs aparatı yoxdur". Daha sonra baş həkim Leyla Seyidəliyeva ilə ginekologiya şöbəsinin sürücüsü Anar Məmmədov arasındakı qarşıdurma gündəmə gəldi. Sürücü baş həkimi qanunsuz işlər görməkdə ittiham edərək onu məhkəməyə verdiyini açıqlayıb: "Baş həkim məni məzuniyyət bəhanəsi ilə işdən çıxardı. Halbuki, xəstəxananın bəzi həkimləri məzuniyyətdə ola-ola cərrahiyyə əməliyyatları aparır, xəstələri qəbul edirlər. Misal olaraq həkim Hacı Əlixanovu göstərə bilərəm. Məzuniyyətdə ola-ola xəstəxanada əməliyyatlar aparır. Özü də onun 69 yaşı var. Balakən rayonu Katex kənd sakini Yaqubova İnci (2015-ci il təvəllüdlü 2 aylıq uşaq) əməliyyat zamanı stolda ölüb. Xəstəlik tarixinin ¹si 1373899. Daxil olub may ayının 23-də, mayın 26-da da ölüb. Amma hansısa səbəbdən iş araşdırılmayıb, ört-basdır edilib. Ötən il hər ay demək olar ki, 30-50 arası qeysəriyyə əməliyyatı həyata keçirilib. 2014-cü ilin avqust ayında cərrahiyyə şöbəsinin qeydiyyat jurnalında 50-dən artıq qadının qeysəriyyə əməliyyatı olduğu əks olunub. Səhiyyə Nazirliyinin və Milli Məclisin qərarı var ki, qeysəriyyə əməliyyatları araşdırılmadan və məcbur qalmadıqda aparılmamalıdır. Amma burada aparılıb. Baş həkim vəzifəyə təyin olunandan 6 ay sonra özünə rayonda bahalı ev aldı. Üstəlik, həmin evin təmiri zamanı xəstəxananın fəhlələri işlədildi". Bu məsələ səngiməmiş xəstəxananın həkimi Sədaqət İsmayıl qızı İsayeva baş həkim tərəfindən incidildiyini açıqladı: "1983-cü ildən bəri bu xəstəxananın poliklinika şöbəsində okulist işləyirəm. Xəstəxananın əvvəlki baş həkimləri tibb işçiləri ilə heç vaxt kobud rəftar etməyiblər. Lakin Leyla Seyidəliyeva fərqlidir. O, tibb işçilərinə qarşı yaxşı rəftar etmir. Mən 30 ilin həkimiyəm. İş təcrübəmdən bilirəm ki, rayonda çox adam "okulist" sözünün mənasını başa düşmür. Mən də bunu nəzərə alaraq kabinetimin qapısından göz şəkli asmışdım ki, savadsız, məlumatsız insanlar bu kabinetin göz həkiminə aid olduğunu bilsin. Göz həkimi axtaranda daha gedib mədə-bağırsaq həkiminin otağına girməsin. Leyla Seyidəliyeva və poliklinikanın baş həkimi Məmmədrəsul Teyyubov kabinetimə gəldi. Otaqda xəstələrin müayinə olunmasına baxmayaraq, baş həkim qapıya şəklin vurulmasına qəzəbləndi. Sonra o şəkli qoparıb hirslə masaya çırparaq məni işdən çıxarmaqla hədələdi. Bu vaxta qədər baş həkimi üzbəüz görməmişdim. Baş həkimə "okulist" sözünün anlaşılması üçün göz şəkli vurduğumu başa salmaq istədim. Ona başa salmaq istədim ki, bu, xəstələrin, əhalinin işini asanlaşdırmaq üçündür. Amma o məni dinləmək istəmədi. Bizim mübahisəmiz zamanı kabinetimdə olan uşaq qorxusundan ağlamağa başladı. Xəstələr bu hadisədən sonra otağı tərk etdilər. Mənim hörmətim, neçə illərdir qazandığım etibarım heç oldu. Məmmədrəsul Teyyubov mənə dedi ki, bu izahatı Leyla Seyidəliyevanın tələbi ilə yazmalısan. İzahatı yazmağa məcbur edilməyimin səbəbi isə mənim baş həkimdən şikayət etməyim olub". Bizə çatan məlumatlara əsasən, xəstəxana rəhbərinin qanuna sığmayan əməlləri yerli əhalinin keyfiyyətli səhiyyə xidmətindən yararlanmasına maneçilik törədir. İddialara görə, RMX-yə dövlət tərəfindən ayrılan dərman preparatları, ərzaq məhsulları və maliyyə vəsaitləri təyinatı üzrə istifadə olunmur. Bununla bağlı gələn saylarımızda geniş araşdırma yazısı dərc edəcəyik. İnanırıq ki, Səhiyyə Nazirliyinin rəhbər şəxsləri Zaqatala RMX-də yaşanan özbaşınalıqlarla bağlı yaxın günlərdə müvafiq tədbir görəcəklər.
Conflict.az

Şərhlər

XƏBƏR LENTİ