SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » “Xaçmazda onlar, Bağdadda kor xəlifə” - FOTOLAR

“Xaçmazda onlar, Bağdadda kor xəlifə” - FOTOLAR

Tarix:

2-07-2018, 10:48

/ 2 296 dəfə oxundu.
“Xaçmazda onlar, Bağdadda kor xəlifə” - FOTOLAR

Xaçmaz rayon sakini Məzahir Novruzov: “Əgər 32 il dövlət qulluğunda çalışan və qanunlardan başı çıxan bir insan öz hüquqlarını müdafiə edə bilmirsə, gör savadsız və hüquqdan anlayışı olmayanların başına nə oyunlar açılır”

Əziz oxucular, vəd verdiyimiz kimi mövzuya qayıtdıq. Bu həmin mövzudur ki, bir neçə ay əvvəl Xaçmaz regional Qaz İstismarı İdarəsinin Xaçmaz xidmət sahəsinin rəisi Elmir Camalovun qanunsuz əməllərindən və özbaşınalıqlarından bəhs etmişdik. Onu da qeyd etmişdik ki, Xaçmaz rayon prokurorluğunda bu məsələ ilə bağlı araşdırmalar aparılır. Üstündən xeyli müddət keçib. Yoxlamaların nəticəsi haqqında heç bir məlumat yoxdur. Bilinən təkcə budur ki, Elmir Camalovun və onun rəhbərlik etdiyi sahənin bəzi əməkdaşlarının qanunsuz əməlləri davam edir. Bəli, E. Camalov heç kimi saymır. İndi də məlum olub ki, o, Azərbaycan məhkəmələrinin qətnamələrinə belə məhəl qoymur. Dövlətin adından çıxarılan bu hökmlər onun üçün adi kağız parçasıdır. Uzatmadan keçirəm mətləbə. Xaçmaz rayonunun Bay-oba kənd sakini, 32 ildir eyni dövlət idarəsində baş məsləhətçi vəzifəsində çalışan Məzahir Novruzovun başına gətirilənlərin təfərrüatlarını yazmayacağıq. Onun Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili xanım Elmira Süleymanovaya yazdığı müraciəti (məlumat üçün bildirək ki, bu müraciət həm də “Azəriqaz” İB-nin Baş direktoru Əkbər Hacıyevə də ünvanlanıb) olduğu kimi nəzərinizə çatdırırıq və oxuyanda hər şey sizlər üçün aydın olacaq.

“Hörmətli Elmira xanım
“Azəriqaz” İB-nin Xaçmaz RQİİ-nin işçiləri “Qaz təchizatı haqqıda” qanunun tələblərinə uyğun olmayan özbaşnalıqlar edərək özləri tərəfindən törədilmiş çirkin əməllərini ört- basdır etmək üçün abonentlərə qarşı qanunsuz hərəkətlər edirlər. Bildirirəm ki, “Azəriqaz” İB-nin Xaçmaz RQİİ-nin işçiləri tərəfindən mənim xəbərim olmadan evimə (mənim kimi yüzlərlə abonentə) quraşdırılan qaz sayğacını açıb apararaq mənə cərimə göndərmişlər. Bildiyimə görə, “Qaz təchizatı haqqında” qanunda hər hansı bir istehlakçının sayğacı şəbəkədən ayrılarkən istehlakçıya bildiriş göndərməlidir. Lakin Xaçmaz RQİİ idarəsinin işçiləri qaz sayğacını açaraq öz nümayəndələrinin iştirakı ilə “AKT” tərtib etmişlər və sonradan oğlumun yanına gələrək sayğacın dəyişdirilməsini bildirib ona aktın surətinin alınmasına dair boş blanka imza etdirmişlər və bildiriblər ki, sayğacın dəyişdirilməsi ilə əlaqədar olan sənədi almalısan. Həmin akta mənim telefon nömrəmi qeyd ediblər, lakin mənə zəng vurub bildirmək əvəzinə qanunsuz əməllərini ört-basdır etmək üçün başqasına imza etdiriblər. Bundan sonra ikinci “Akt” Xaçmaz xidmət sahəsinin rəis müavini Vüqar və baş mühəndisi Oktay adlı şəxslər tərəfindən “naməlum yerdə” tərtib olunmuş və həmin akta Samirə adlı şəxsi də əlavə ediblər ki, guya həmin Samirə mənim ailə üzvümdür. O da aktın yazılmasına imtina edibmiş. Bildirirəm ki, mənim yaşadığım kənddə belə bir adam yaşamır. Həmin “Akt”da da mənim telefon nömrəm qeyd edilir. Lakin mənə bunlar barədə heç bir məlumat verilməmişdir. Bu vəziyyətdən mənim qazın ödəniş bildirişi evə gəldikdən sonra xəbərim olub. Məlumat üçün bildirirəm ki, Xaçmaz regional qaz istismarı idarəsinin laboratoriya işçiləri sayğacı açarkən “Akt”da qey edirlər ki, sayğacın kağız hissəsi şübhəlidir. Təbii ki, açıq şəraitdə örtüksüz quraşdırılan sayğac günəş şüalarının təsirindən hər hansı bir rəngə düşə bilər. Laboratoriya rəy göndərib ki, sayğacın yan tərəfi əzilmişdir. Necə olur ki, sayğacı açıb aparan laboratoriya mütəxəsisi kağız hissəsinin rənginin dəyişməsini görə bilir, lakin yanı əzilmiş sayğacı görmür? Həmin sayğacı açarkən heç bir xüsusi qutuya qoyulmadan, sadəcə maşının bagajına tullayıb (və mənim kimi onlarla adamın) aparmışlar. Bu nə dərəcədə qanuna uyğundur? Bildirirəm ki, mənim yaşadığım kənddə sovet dövründə tikilən, evimdən 150-200 metr aralı məsafədə bağışlanılan ikinci ev var. Biz həmin evə köçərək, hazırda yaşadığımız evi müəyyən müddət təmir etdirdikdən sonra oraya qayıtmışıq. Ancaq mütəmadi olaraq həmin evdə yaşayış olub. Hər ay nəzarətçi tərəfindən sayğacın yazdığı qaz sərfiyyatını ödəmişəm. Əlavə olaraq bildirirəm ki, Xaçmaz RQİİ idarəsinin işçiləri ayda iki dəfə qaz sayğacına baxış keçirirlər. Əgər müdaxilə olmuşdursa niyə həmin işçilər sayğacda olan problemləri görmürdü?
Bir məlumatı sizin nəzərinizə çatdırım ki, rəis müavini Vüqar Məmmədov demək olar ki , hər nəzarətçinin ərazisində 5-15 abonenti sayğaca qoşulmadan qazdan istifadə edilməsinə göz yumur. Yaranan qaz itkisini də yalnız bu yolla - qaz sayğaclarını açıb saxta cərimə yazaraq bərpa edirlər. Xaçmaz xidmət sahəsi tərəfindən yeni quraşdırılan sayğac hal-hazırda sərfiyyatı ikiqat yazır. Yeni qoyulan sayğac da açıq havada heç bir qoruyucu olmadan quraşdırılmışdır. Hər bir istehlakçı üçün qoyulan G-4 tipli sayğac 1 saata 2 kubmetr sərfiyyat qeyd etməlidir. Lakin mənim evimə quraşdırılan sayğac 1 saata 3-4 kubmetrdən yuxarı sərfiyyat qeyd edir. Bu yeni sayğac quraşdırılarkən mənə sayğacın nə texniki pasportu, nə müqaviləsi, nə də laboratoriyadan keçməsi barədə heç bir rəsmi sənəd təqdim edilməmişdir. Rayon ərazisində heç bir sayğac yoxlamaya göndərilmir. Sadəcə olaraq sənəd üzərində özləri tərəfindən laboratoriyanın rəyini yazdırırlar. Laboratoriyaya aparılan hər hansı bir sayğac xüsusi qutuya qoyularaq möhürlənib göndərilməli və abonentin iştirakı təmin olunmalıdır. Bununla əlaqədar müəssisədən çıxan maşının yol vərəqəsi nümayəndənin ezamiyyə vərəqi olmalıdır. Lakin bunlar barədə mənə heç bir sənəd təqdim edə bilməyiblər. Həmin yeni qoyulan sayğac ikiqatdan artıq sərfiyyat qeyd edir. Bununla əlaqədar Xaçmaz RQİİ-nə rəsmi müraciət etmişəm, lakin heç bir nəticə alınmamışdır.
Bununla əlaqədar Xaçmaz rayon məhkəməsi Xaçmaz RQİİ tərəfindən tərtib edilmiş 18 iyul 2017- ci il tarixli 0122295 saylı “AKT”-ı ləğv etmiş və qanunsuz yazılmış 1101,60 manat borcun silinməsi üçün qətnamə çıxarmışdır. Yenidən Xaçmaz RQİİ idarəsinin nümayəndəsi Kiçibəy Abdullayev Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Bu cür insanlar dərk etmirlər ki, mənim sizin və digər vətəndaşların ödədiyi qaz pulunun hesabına əmək haqqı alırlar, ailələrinə çörək aparırlar. Sonra da vətəndaşlara qarşı çıxırlar, onları incitməkdən həzz alırlar. Əlavə olaraq bildirirəm ki, qaz idarəsinin nəzarətçiləri ayda iki dəfə sayğaca baxış keçirilər. Əgər sayğac düz işləmirsə və yaxud müdaxilə olunubsa dərhal tədbir görülməlidir. Bunlar isə yalnız vətəndaşlara yüksək məbləğdə qanunsuz cərimələr yazmaqla özlərinin qanunsuz hərəkətlərini ört-basdır etmək və qaz itkisinin bu yolla əsaslandırmaq istəyirlər.Bu cür insanlara nə ad vermək olar? Sumqayıt Appelyasiya Məhkəməsi Xaçmaz rayon Məhkəməsinin 04.10.2017-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlamışdır. Xahiş edirəm ki, vəzifə səlahiyyətlərindən sui-istifadə istifadə edən Xaçmaz xidmət sahəsinin rəis müavini vəzifəsini tutan Vüqar Məmmədov və mühəndis Oktay Rzayevin qanunsuz hərəkətləri barədə tədbir görəsiniz. Yeni təyin olunmuş mühəndis Nazim adlı şəxs də yenidən sayğacı açmış, əvəzində smart tipli sayğac quraşdırmışdır. Bu cür işçilər öz çirkin hərəkətləri ilə xalqı dövlətdən və mövcud iqtidardan narazı salırlar. Cənab prezidentimiz dəfələrlə çıxışlarında bildirmişdir ki, məmurlar xalqın xidmətçiləridirlər. Lakin Xaçmaz RQİİ-nin nümayəndələri prezidentimizin sözlərindən nəticə çıxarmırlar. Hal-hazırda mənim evimə gələn qaz xətini kəsmişlər və təbii qazdan istifadə edə bilmirəm. Mənim kimi yüzlərlə istehlakçıya qarşı qanunsuz hərəkətlər edirlər və nə qədər ki, bu vəzifədədirlər qanunsuz işlər görəcəklər. Bununla əlaqədar “Azəriqaz” İB-nin rəisi Əkbər Hacıyevə məktub göndərməyimə və dəfələrlə teleqram vurmağıma baxmayaraq onlar tərəfindən heç bir reaksiya verilməmişdir.
Yenidən Xaçmaz xidmət sahəsinin rəisi Elmir adlı şəxs mənim evimdə olan sayğacı açdıraraq əvəzində guya smart tipli sayğac yerləşdirmişdir. Həmin smart tipli sayğacın istismar müddəti(buraxılış ili-2006) bitməsinə baxmayaraq xarici korpusu açılaraq yenidən germetiklə bağlanmış və mənim evimə quraşdırılmışdır. Onlar bu əməlləri ilə müəyyən bir vaxtdan sonra yenidən sayğacı açaraq müdaxilə adı ilə laboratoriyaya göndərib saxta cərimə tətbiq etməklə məşğuldurlar. Bununla əlaqədar Sumqayıt apellyasiya məhkəməsi mənim xeyrimə qərar çıxarmasına baxmayaraq onlar tərəflərindən yazılmış qanunsuz cərimələri silməkdən imtina edirlər. Hal-hazırda apellyasiya məhkəməsinin 07.03.2018-ci il tarixli qərarı məndədir.

Xahiş edirəm ki, pozulmuş hüquqlarımın bərpasına və Xaçmaz RQİİ-nin əməkdaşları tərəfindən törədilən qanunsuz əməllərin aradan qaldırılmasına mənə köməklik göstərəsiniz. ”

Yəqin ki, hər şey sizə aydın oldu. Məsələ burasındadır ki, iki məhkəməni udmasına baxmayaraq dövlət məmurunun hüquqları pozulmaqda davam edir. Onun sayğacında qanunsuz yazılmış 1101,60 manat borc yenə də qalmaqdadır. Hələ bir evinə verilən təbii qazı da kəsiblər. Yaxşı, M. Novruzov nə etməlidir? Məhkəmələrdən yuxarı daha hansı instansiyalar var? Bəlkə Xaçmaz RQİİ-nin rəhbərliyi və Elmir Camalov gözləyir ki, dövlət başçısı sərəncam verib borcu ləğv etsin? Bu adamlar əməlləri ilə sübut edirlər ki, məhkəmələr onlar üçün heç nədir. Başqa bir sual da yaranır: Məzahir müəllimin sayğacına kim müdaxilə edib? Xoruzun quyruğu görünür. Çünki o, tək deyil. Bay-oba kəndində daha bir neçə nəfərin başına bu oyunları gətiriblər. Onların da arasında beş nəfər Xaçmaz rayon və Sumqayıt apellyasiya məhkəmələri vasitəsi ilə hələlik sübut ediblər ki, günahları yoxdur. Sadəcə Xaçmaz RQİİ-nin əməkdaşları qanunsuzluq edərək borc yazıblar. Məsələn, Bay-oba kənd sakini, 3-cü qrup Qarabağ əlili Habil Abasovun da başına eyni oyun gətirilib. 18.07.2017-ci il tarixdə onun barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında 0122294 nömrəli akt tərtib edilib və 330 manat cərimə yazılıb. Lakin vətəndaşın bundan xəbəri olmayıb. Xaçmaz rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalıb. Habil bildirib ki, həmin vaxt o, evini əsaslı təmir etdirib, buna görə də qaz borularını əsas xəttdən ayırıb. Təmir işi il yarım müddətinə davam etdiyi üçün təbii qazdan istifadə etməyib. Həm də evinin hasarının ön çöl tərəfində quraşdırılmış qaz sayğacına müdaxilə etmək iqtidarında deyil. İkinci bir tərəfdən evində işləyən ustalar da görüblər ki, Habil qaz borularını tamamilə sökdürərək çıxartdırıb. Belə olan halda onun sayğaca müdaxilə etməsinə nə ehtiyac vardı axı? Maraqlısı budur ki, saz vəziyyətdə olan sayğacı dəyişən əməkdaşlar evin qazlaşdırılmadığını akta qeyd də ediblər. Bu və digər dəlilləri əsas götürən Xaçmaz rayon məhkəməsinin hakimi Anar İbrahimovun sədrliyi ilə keçirilən məhkəmə prosesi Habilin xeyrinə-330 manat qalıq borc pulun silinməsinə dair qətnamə çıxarıb. Lakin narazı qalan “Azəriqaz” İB apellyasiya şikayəti verib. Sumqayıt apellyasiya məhkəməsinin mülki kollegiyası birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Daha bir fakt. 27.12.2017-ci il tarixdə Xaçmaz rayon məhkəməsinin hakimi Rövşən Xəlilovun sədrliyi ilə keçirilən prosesdə eyni kəndin sakini Feyruz Süleymanov üçün Xaçmaz regional qaz istismarı idarəsi tərəfindən qanunsuz hesablanmış 540 manat məbləğində qalıq borc pulun silinməsi və sözügedən qurum tərəfindən tərtib edilmiş 18.07.2017-ci il tarixli aktın ləğv edilməsi barədə qətnamə çıxarılıb. Sumqayıt apellyasiya məhkəməsi bu qətnaməni da qüvvədə saxlayıb. Araşdırmalar zamanı məlum olub ki, Feyruz Süleymanova məxsus sayğacın evin həyətindən kənarda- küçədə quraşdırılmasını, qurğunun işlək vəziyyətdə saxlanılmasını və digər amilləri nəzərə alaraq məhkəmələr onun xeyrinə qətnamələr qəbul ediblər.

“Azəriqaz” İB-nin Xaçmaz regional qaz istismarı idarəsi bu instansiyalarda haqlı olduğunu sübuta yetirə bilməyib. Belə çıxır ki, vətəndaşlara yazılan borclar məqsədli şəkildə edilib. Rüsvayçılıqdır, ədalətsizlikdir, qanunları ayaq altına salmaqdır. Şikayətçilər məhkəmələrdən alnı açıq, üzü ağ çıxıblar. Dövlətə heç bir ziyan vurmadıqlarını ədalət məhkəməsində sübut ediblər. Sağ olsun məhkəmə hakimləri ki, işi hərtərəfli və dərindən araşdırıb, bayobalıların günahsızlığını ortaya qoyublar.
Məhkəmələrdən üzüqara çıxan isə “Azəriqaz” İB və onun Xaçmazdakı regional qaz istismarı idarəsi və bu qurumun Xaçmaz xidmət sahəsidir. Onlarsa tələsmirlər, Məzahir Novruzovun artıq nöqtə qoyulmuş məhkəmə qərarını icra etmirlər. Qətnamədən də göründüyü kimi, dövlət məmuruna qarşı böyük haqsızlıq edilib, onun hüquqları tapdalanıb. Belə olan halda adıçəkilən qurumların rəhbərləri Azərbaycan dövlətinin adından çıxış edən məhkəmələrin qətnamələrinə hörmət etməlidirlər. Bu onların vəzifə borcudur. Xatırladıram ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarının birində deyib ki, o, xalqın bir nömrəli xidmətçisidir. Bəs görəsən, Əkbər Hacıyev, Xaliq Namazov və Elmir Camalov özlərini nə sayırlar? Ən acınacaqlısı budur ki, bir rayonun RQİİ-nin və xidmət sahəsinin rəisləri Xaliq Namazov və Elmir Camalov təkəbbürlərindən məhkəmə qətnaməsi də tanımırlar. Sanki Xaçmazda biz, Bağdadda kor xəlifə deyirlər. Bu qurumların rəhbərləri yaddan çıxarırlar ki, vətəndaşların hesabına maaş alır və yaşayırlar. Hüquqlarını tapdaladıqları insanların qanunsuz yollarla ciblərinə girmək cəhdləri mədəni dilənçilikdən başqa bir şey deyil.
Yazılan aktlar da, həqiqi faktlar da göz önündədir. Mən bu yazıda qarşı tərəf tapmıram. Onların kimliyini məhkəmələr ortalığa qoyub. Məzahir Novruzovla bağlı olan qətnamədən şikayət də edə bilməzlər. Çünki ortalıqda birmənalı olaraq haqsız olduqlarını sübut edən sənəd var. İndi onlara bircə tövsiyyəm qalır: Hörmətli cənablar, Azərbaycan dövlətinə və onun qanunlarına, Azərbaycan Respublikası adından çıxarılan qətnaməyə hörmət edin. Kimliyinizi, hansı vəzifə sahibi olduğunuzu unutmayın. Vətəndaşları süni şəkildə iqtidardan narazı salmayın. Sizlər bu dövlətdə çox xırda adamlarsınız. İnsanların əsəbləri ilə və hissləri ilə oynamayın. Özünüz kimilərin aqibətini unutmayın.

“Şimal xəbərləri”
“Xaçmazda onlar, Bağdadda kor xəlifə” - FOTOLAR
“Xaçmazda onlar, Bağdadda kor xəlifə” - FOTOLAR
“Xaçmazda onlar, Bağdadda kor xəlifə” - FOTOLAR
“Xaçmazda onlar, Bağdadda kor xəlifə” - FOTOLAR
“Xaçmazda onlar, Bağdadda kor xəlifə” - FOTOLAR
“Xaçmazda onlar, Bağdadda kor xəlifə” - FOTOLAR
“Xaçmazda onlar, Bağdadda kor xəlifə” - FOTOLAR
“Xaçmazda onlar, Bağdadda kor xəlifə” - FOTOLAR
“Xaçmazda onlar, Bağdadda kor xəlifə” - FOTOLAR
“Xaçmazda onlar, Bağdadda kor xəlifə” - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ