SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » “Qəzetdə şikayətim çıxan kimi, mənə təzyiqlər başladı” - Qazax sakini

“Qəzetdə şikayətim çıxan kimi, mənə təzyiqlər başladı” - Qazax sakini

Tarix:

30-06-2018, 10:01

/ 1 443 dəfə oxundu.
“Qəzetdə şikayətim çıxan kimi, mənə təzyiqlər başladı” - Qazax sakini

Ötən həftə Qazax rayon sakini Azər Məmmədli “Yeni Müsavat” qəzetinə müraciət edərək, rayonda 54 hektar meşə sahəsinin məhv edilməsi ilə bağlı məlumat vermişdi. Şikayətçi bildirmişdi ki, meşə sahəsi rayonun icra başçısının göstərişi əsasında məhv edilir və meşənin torpağı əhaliyə satılır. Məlumat yayıldıqdan sonra Qazax Rayon İcra Hakimiyyətinin nümayəndələri şikayətçi Azər Məmmədliyə qarşı təzyiqlərə başlayıblar. Bu barədə Azər Məmmədlinin özü “Yeni Müsavat”a məlumat verib. Şikayətçi bildirib ki, məlumat qəzetdə yayımlandıqdan sonra icra nümayəndələri fəaliyyətə keçib, meşədə kəsdikləri ağacların kötüyünü də çıxarıb, iz itirməyə çalışıblar:

“Məqalədən sonra izi itirmək üçün kötükləri çıxardılar. Mən də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə zəng eləyib, məlumat verdim. Onlar da gəlib, əraziyə baxış keçirdilər. Daha sonra icra başçısının adamları mənə təzyiq göstərdilər. Müxtəlif adamları üstümə göndərdilər. Dedilər ki, susmasan başına başqa şeylər də gələcək. Bu gün də məktub göndəriblər. İkinci qrup əliləm, ayağımda qanqrena var, bir barmağım da yoxdur. Göndərdikləri məktubda qeyd ediblər ki, əlilliklə bağlı təqaüdüm dayandırılır. Qazax rayon Mərkəzi Xəstəxanasına zəng etdim, cavab verdilər ki, başçının göstərişi belədir. Deyirlər ki, nə edək, işimizi itirəkmi? Baxın, bu cür çətin vəziyyətə düşmüşəm. Açıq şəkildə şəhər bələdiyyəsindən dedilər ki, əgər şikayətlərindən geri çəkilməsən səni həbs etdirəcəklər. Mənim özüm də 2017-ci ilin dekabr ayına qədər bələdiyyə üzvü olmuşam. Bu meşənin üstündə məni bələdiyyə üzvlüyündən də çıxardılar. Hazırda ağacların qırılması işini dayandırıblar. Ancaq mənə qarşı təzyiqlər səngiməyib”.

Məsələ ilə bağlı münasibət almaq üçün şikayətçiyə göndərilən məktubda imzaları olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qazax rayonu üzrə nümayəndəsi Laçın Qurbanov və Qazax rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sevda Məmmədova ilə də əlaqə saxladıq.

Laçın Qurbanov “Yeni Müsavat” bildirdi ki, Azər Məmmədli göndərilən məktubun mətnini düzgün anlamayıb:

“Bizim tərəfdən heç bir problem yoxdur. Ona indi zəng edib, məsələni də izah etdik. Sadəcə olaraq, səhiyyə şöbəsi məktub göndərib ki, növbəti müayinəyə qədər pensiyanı dayandırın. Ötən günü pensiyalar verilib və o da pensiyasını alıb. Heç bir problem yoxdur. Onun pensiyası köçürüləcək. Bu məsələdə heç bir qaranlıq məqam yoxdur”.

Baş həkimlə də əlaqə saxladıq. Sevda Məmmədova bildirdi ki, həmin şəxs təkrar müayinəyə çağırılıb:

“Onunla bağlı heç bir şəxsi qərəz yoxdur. Məsələ araşdırılır. Biz onu təkrar müayinəyə çağırmışıq. Məsələ də budur”.

Onu da qeyd edək ki, redaksiyamızla Qazax Rayon Şəhid ailələri, Qarabağ Qaziləri Veteranları İctimai Birliyinin sədri Namiq Alıyev əlaqə saxlayıb. N.Alıyev bildirib ki, Azər Məmmədlinin şikayəti yayıldıqdan sonra onlar da öz istiqamətləri üzrə araşdırmaya başlayıblar:

“Azər Məmmədlinin şikayətində belə bir cümlə var ki, icra başçısı tərəfindən aldadılmış insanların içərisində şəhid ailələri, Qarabağ qaziləri də var. Biz məlumat yayıldıqdan sonra məsələni araşdırdıq. Öyrəndik ki, heç bir Qarabağ qazisi, şəhid ailəsi aldadılmayıb. Əgər belə bir hal baş verərsə, özümüz bu məsələ ilə məşğul olub, hüququ tapdanan şəhid ailəsinin, veteranın haqqını müdafiə edərik. Belə bir məlumatın yayılması bizim fəaliyyətimizə də mənfi təsir göstərir. Ona görə də məsələ ilə bağlı mövqeyimizi ifadə etmək istədik”.

Şərhlər

XƏBƏR LENTİ