SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qubada yaylaq korrupsiyası - İTTİHAM

Qubada yaylaq korrupsiyası - İTTİHAM

Tarix:

18-06-2018, 09:50

/ 1 563 dəfə oxundu.
Qubada yaylaq korrupsiyası - İTTİHAM

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, ədliyyə nazirliyinin bələdiyyələrlə iş mərkəzinin və kənd təsərrüfatı nazirliyinin rəhbərləri yaranmış vəziyyətə müdaxilə etməlidirlər

Söhbət Quba rayonunda yaxından tanıdığım, bacarıqlı və təcrübəli fermer Hacı Mirnağı Adıgözəlovun başına gətirilənlərdən gedəcək. O şəxsdən ki, hələ Sovetlər Birliyi dövründə şimal regionunda ilk kənd təsərrüfatı kooperativini yaradıb. Ömrünün qırx ildən çoxu aqar sahədə keçib. Meyvəçiliyin, heyvandarlığın, necə deyərlər, cikinə-bikinə də bələddir. Onun ömür yolunda enişlər də olub, yüksəlişlər də. Uzun müddət fermer-kəndli təsərrüfatına rəhbərlik edəndən sonra 2004-cü ildə yaşadığı kəndin adı ilə “Barlı” MMC yaradıb. İndiyədək bu quruma rəhbərlik edir. Yenə də bağçılıq və heyvandarlıqla məşğuldur. Yaşı altımışı ötməsinə baxmayaraq, sevimli peşəsindən əl çəkmək fikrində deyil. Hacı Mirnağı Adıgözəlov öz işinin ustası olmaqla bərabər, həm də xeyriyyəçi kimi tanınır. Sonuncu məqamın üzərində bir qədər durmaq istəyirəm. Çünki indi belələri çox azdır. Hamı özünü reklam edir. M. Adıgözəlov isə bütün imkanları daxilində kənd-kəsəyi üçün, rayon üçün az iş görməyib. Təkcə bir faktı deyəcəyəm. Barlı kənd qəbristanlığı onun şəxsi vəsaiti hesabına salınıb. Özü isə etdiklərinin reklam olunmasını, bu haqda yazılmasını heç vaxt istəməyib. Xaraktercə sərt, qürurlu, daxilən mərhəmətli olan Hacı Mirnağı əsl azərbaycanlı kişisinin tipik nümunəsidir. Daim dövlət və cammat qarşısında bir məsuliyyət hiss edir. Sovetlər Birliyi dövründə briqadir işləyəndə də, 1999-cu ildən 2009-cu ilədək Quba rayonunun Zərdabi qəsəbəsində yerləşən Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunda elmi-təcrübə bazasının direktoru olanda da işinə vicdanla yanaşıb. Lakin özəl təsərrüfatını da inkişaf etdirib. İndinin özündə isə, qeyd etdiyimiz kimi, tanınmış fermerdir. Bir neçə il öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qubaya səfər edəndə dövlət başçısı ilə görüşdə rayonun kənd təsərrüfatı işçilərini o təmsil edib.

Bunları elə-belə yazmadıq. Ömrünün böyük bir hissəsini kənd təsərrüfatına həsr etmiş insanın həyatı son illər böyük çətinliklərlə keçir. 2008-ci ildə sabiq kənd təsərrüfatı naziri, bu yaxınlaradək baş nazirin müavini vəzifəsində işləmiş İsmət Abbasovun birbaşa göstərişi ilə institutun elmi-təcrübə bazasında iki dəfə yoxlama keçirilib. Komissiya üzvləri SSRİ dövründə olduğu kimi uzun-uzadı arayışlar yazıb, aktlar tərtib ediblər. Sanki Sovetlər Birliyi idi, “revizorlar” kolxoz yoxlayırdılar. Həmin vaxt institutun direktoru keçmiş dövlət torpaq və xəritəçəkmə komitəsinin sədri Qərib Məmmədovun qardaşı Cəlal Məmmədov idi. M. Adıgözəlov onunla təxminən bir il işləmişdi. Lakin yeni direktor müxtəlif iddialar irəli sürürdü. Sonda kənd təsərrüfatı nazirliyindən yoxlamaya gələnlər özləri də məcbur olub M. Adıgözəlovun təsərrüfat fəaliyyətinə yeni rəhbərlik tərəfindən qanunsuz müdaxilə olunduğunu rəsmi sənəddə etiraf etdilər. O da məlum oldu ki, Cəlal Məmmədov baza direktorunun tabeliyində olan sahələrin 500 tondan çox meyvəsini “əridib”. Bunlara baxmayaraq, M. Adıgözəlovun şikayətlərinə məhəl qoyan olmadı. İsmət Abbasovun qəbulunacan gedib çıxsa da heç kim onun qanuni hüquqlarını müdafiə etmədi. Təbii ki, etməyəcəkdilər də. Çünki ortalıqda Qərib Məmmədov faktoru vardı. İsmət Abbasov isə özünü o səviyyəyə qoydu ki, qəbuluna gələn M. Adıgözəlovu həbslə hədələdi. Məhz onun tələbi ilə baza direktoru tutduğu vəzifədən getməyə məcbur oldu. Yazılan arayışlar və aktlar da kağız üzərində qaldı. Deyilənə görə, Cəlal Məmmədov hazırda institutun Bakı şəhərindəki təsərrüfatlarından birinə rəhbərlik edir.

2003-cü ildə M. Adıgözəlovun qardaşı Malik, oğlu Kamil və daha bir neçə nəfər instituta məxsus 30 hektar daşlıq bir sahəni icarəyə götürdülər. Daş-kəsəyi təmizləyib orada alma, xurma, gilas, armud, gavalı və digər ağaclar əkdilər. Bu da uzun çəkmədi. Beş il sonra institutun direktoru Cəlal Məmmədov yenə hücuma keçərək göz oxşayan bağı icarəçilərin əlindən almaq fikrinə düşdü. Quba rayon məhkəməsinə müraciət olundu və məhkəmə institutun xeyrinə qərar çıxardı. İcarəçilərin Sumqayıt apellyasiya məhkəməsinə şikayəti də fayda vermədi. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanıldı. Bundan sonra icarəçilər Ali məhkəməyə üz tutdular. Məhkəmə binasından isə bir qədər əcaib görünən qərarla ayrıldılar. Qərardan təxminən bu cür nəticə çıxırdı ki, torpaq dövlətin-yəni institutundur, üstündəki ağaclar isə icarəçilərindir. Yəni şikayətçilər ağaclarını çıxarıb başqa yerdə əkə və yaxud kəsə bilərlər. Çünki onların mülkiyyətidir. Lakin Hacı Mirnağı buna getmədi. Onun vicdanı min-bir zəhmət bahasına salınmış ağacları qırmağa yol vermədi. Bəs institut rəhbərliyi nə etdi? Sadəcə əlindəki fürsətdən istifadə edib meyvələri satdı. Maraqlıdır ki, bu arada Quba rayon məhkəməsi Ali məhkəmənin qərarının icrasının bir il müddətinə təxirə salınması ilə bağlı qərar da çıxardı. İnstitut direktoruna şans yaratdı ki, icarəçilərin alın təri ilə ərsəyə gəlmiş bağların meyvəsini rahatcasına toplasın. Nə isə. Sözügedən problem indiyədək də həll edilməmiş qalır. Ortalığa sual çıxır: Keçmiş icarəçilər nə etməlidirlər? Bağdakı ağacları qırmağa onların tam hüququ çatır, buna getmirlər. Meyvəni yığmaq isə onlara yasaqdır. İcarə müqavilələri də ləğv edilib. Şikayətə filana da baxan yoxdur. Məncə elə bir yol qalır. Elektrik mişarını götürüb ağacları kəsmək və heç olmasa odun kimi satmaq, çəkdikləri xərcin bir hissəsinin əvəzini çıxmaq. Ağacları kəsmək fikrini ortalığa atdığıma görə məni qınaya bilərsiniz. Yaxşı, onda necə olsun? Axı ən yuxarı instansiya məhkəməsinin qərarı yerinə yetirilməlidir... Bu qərar əyridir, düzdür fərqi yoxdur. Verənlər bilər...

Bəli, M. Adıgözəlovun başına gətirilənlər elə vaxtlara təsadüf edir ki, dövlət başçısı cənab İlham Əliyev fermerlərə hər cür dəstək verib, ötən illər ərzində aqrar sahəyə yüz milyonlarla manat vəsait buraxılıb. Bəs yerlərdə nə edirlər? Sonralar İsmət Abbasovun yerini tutan sabiq nazir Heydər Əsədov da öz sələfindən fərqləndimi? Xeyr, aqrar sahənin inkişafı ilə bağlı prezidentin tapşırıqları yerlərdə lazımınca icra olunmadı. Fermer təsərrüfatlarının dirçəldilməsi üçün, ölkə əhalisinin daxili ərzaq tələbatının ödənilməsi istiqamətində əsaslı dönüş yaranmadı. Qanunsuz subsidiyalar baş alıb getdi. Vaxtı keçmiş gübrələr və dərmanlar fermerlərə sırındı, bölgələrdəki aqrolizinqlər texnikalara istədikləri “haqqı” qoydular. Yeri gəlmişkən, mən yeni təyin edilmiş kənd təsərrüfatı naziri İnam Kərimova bir sual ünvanlamaq istəyirəm. Qubada yerləşən Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu nə vaxtadək SSRİ-dən qalma metodlarla idarə ediləcək? Qurumun ölkənin müxtəlif rayonlarında və Bakı şəhərində xeyli torpaq sahələri var. Lakin illərdir elmi müəssisəyə məxsus torpaqların satılması və həmin ərazilərdə ayrı-ayrı şəxslərin villalar tikdirməsi haqda çoxsaylı məlumatlar mövcuddur. Ümumiyyətlə institutun maliyyə-təsərrüfat fəaliyyəti, torpaq balansı ciddi yoxlanılmalı, iş prinsipləri müasir tələblərə tam uyğunlaşdırılmalıdır. Bunu söz düşmüşkən yazdım, mövzudan bir qədər qırağa çıxıdım. Amma institutla bağlı məsələləri yaxın vaxtlarda işıqlandıracağam.

Yenə də qayıdıram başına gətirilənlərdən xəstəlik tapmış və indiyədək dövlətdən öz fermer təsərrüfatı üçün bir qəpik belə almayan Mirnağı Adıgözəlova. İndi də onun Qubanın Əlik kəndindəki, 25 ildir istifadəsində olan 367 hektar yaylaq sahəsi hədəfə alınıb. Bu yaxınlarda kənd bələdiyyəsinin sədri Nadir Məmmədov Mirnağı Adıgözəlova bildirib ki, onun MMC-sinə məxsus qoyun sürüsü ərazidən çıxarılmalıdır. Bəhanə kimi də gah icarə müqaviləsinin müddətinin bitdiyini deyib, gah da icarə pulunun verilmədiyini. Son vaxtlar üzləşdiyi haqsızlıqlar ucbatından ciddi stres və ürək xəstəliyi almış Mirnağı Adıgözəlov üz tutub Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin qəbuluna. Əvvəlcə başçı onu qəbul etməyib. Sonra birtəhər rayon rəhbəri ilə iki dəfə görüşə bilib. Danışıqlarda bələdiyyə sədri də iştirak edib. Başçının yanında hər şeyin üstü açılıb. Bu haqda bir qədər sonra. Lakin Ziyəddin Əliyev problemi dərindən araşdırmaq əvəzinə deyib ki, yaylaq yerləri üçün Bakıdan çoxsaylı müraciətlər var(?!). Ona görə də ərazilər yenidən bölüşdürülməlidir. M. Adıgözəlovun dediklərinə görə, qəbul zamanı kənd bələdiyyəsinin sədri icra başçısının kabinetində özünü ağa kimi aparırdı, ağ yalan danışırdı.

Müqavilə məsələsindən başlayaq. 2004-cü ildə Mirnağı Adıgözəlov keçmiş dövlət torpaq və xəritəçəkmə komitəsindən 367 hektar torpaq sahəsinə görə 15 illiyə “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə alıb. Burada qeyd olunub ki, sahənin 45 hektarı kənd təsərrüfatına istifadəyə yararsızdır. Bundan sonra Əlik bələdiyyəsi M. Adıgözəlovla müqavilə bağlayıb. Həmin müqavilə ilə də icarədara torpaq sahəsindən 15 il müddətinə istifadə hüququ verilib. Lakin istər icra başçısı, istərsə də bələdiyyə sədri hansısa marağa görə şəhadətnaməyə şübhə ilə yanaşır, məhəl qoymurlar. Nadir Məmmədov heç bir sübut olmadan iddia edir ki, icarə müddəti bitib. İcra başçısının yanında bir məsələnin də üstü açılıb. Məlum olub ki, bələdiyyə sədri 2015-ci ildə M. Adıgözəlovdan icarə haqqı kimi 500 manat nağd pul və 10 baş qoyun alıb. 2016-cı ildə isə 400 manat nağd pul, 20 baş qoyun götürüb. İcarədara deyib ki, qoyunların pulunu icarə haqqı kimi hesablayacaq və ona qəbz verəcək. Lakin ortalıqda nə pul, nə qoyunlar, nə də qəbz var. Təccüblənməyin, Əlik bələdiyyəsi feodal töycü üsulları ilə işləyir. 21-ci əsrdə heç bir əndazəyə sığmayan əməllərə əl atıb. Pulu verən də məlum, qoyunları bələdiyyə sədrinə təhvil verən şəxslər də. Lakin N. Məmmədov törətdiyi əməli gizlədərək heç kimdən çəkinmədən deyir ki, belə bir hadisə olmayıb.

İyunun 14-də bələdiyyə sədri ilə danışıb məsələni araşdırmaq istəsək də Nadir Məmmədovun mobil telefonu cavab vermədi.

Yenidən icarə müqaviləsinə qayıdıram. Burada göstərilib ki, müqavilə torpağın qeydiyyat şəhadətnaməsi alınan gündən qüvvəyə minir. Şəhadətnamə isə 2004-cü ildə 15 illiyə alınıb. Deməli, hələ 2019-cu ilin mayınadək vaxt var. Müqavilədə 322 hektara görə illik icarə haqqı manatın köhnə dəyəri ilə 805 000 manat göstərilib. Bu isə yeni məzənnə ilə 161 manat edir. Lakin sonradan bələdiyyə sədri şifahi şəkildə deyib ki, illik icarə haqqı hər hektara görə 5 manatdır, on dəfə artırılaraq cəmisi 1610 manat təşkil edir. Əgər M. Adıgözəlovun bələdiyyə sədrinə verdiyi 900 manatı nəzərə alsaq və 30 baş qoyunu bazar qiyməti ilə hesablasaq sədrin iddialarının tam əsassız olduğunu görərik. Bir də ki, müqavilə 2004-cü ildə bağlandığı halda icarə haqqı niyə 2001-ci ildən hesablanmalıdır? Başqa bir əsas nüans da budur ki, istər dövlət şəhadətnaməsində, istərsə də müqavilədə icarənin başlama müddəti 2004-cü il olaraq göstərilib. Lakin müqavilənin ştamp vurulmayan ikinci səhifəsində icarə haqqının 2001-ci ilin mayından hesablanması əksini tapıb. Bu, necə müqavilədir? Əslində, ikinci səhifənin müqaviləyə necə “salındığı” araşdırılmalıdır. Sənəddə Beynəlxalq bankın bir hesab nömrəsi də var. Lakin icarədar heç vaxt bu hesaba pul köçürməyib. Bələdiyyə sədri pulları nağd alıb. Nə dərəcədə qanunidir? Başqa bir sual da çıxır. Torpağın hər hektarının beş manat olmasını hansı icra qurumu müəyyənləşdirib? Tutaq ki, M. Adıgözəlov icarə pulunu ödəməmişdi. Ona xəbərdarlıq məktubu göndərilibmi? Bələdiyyə sədri niyə məhkəməyə müraciət etməyib? Ümumiyyətlə, yaylaqlardan yığılan pullar hara gedir? Bir də müqavilədə qeyd olunub ki, düzələn hallar olduqda müqavilə pozula bilməz. Burada düzəlməyən nə var ki? Oxucular elə bilməsin ki, mən Mirnağı Adıgözəlovdan həmin torpağın alınma səbəbini bilmirəm. Elə deyil. Yayılan şayiələrə görə, yaylaqlara göz dikənlər arasında vəzifəlilər də çoxdur. Deyirlər ki, Hacının yerinə “yağlı” müştəri tapılıb, ortalıqda bir yaylaq korrupsiyası var. Bütün bunların nə dərəcədə doğru olub-olmadığını isə icra başçısı Ziyəddin Əliyev daha yaxşı bilər.

Yazının hazırlanmasına bir neçə gün qalmış-iyunun 15-də bələdiyyə sədri Hacı Mirnağıya xəbərdarlıq məktubu göndərib. Sənəddə qeyd olunur ki, Mirnağı Adıgözəlovla bağlanmış icarə müqaviləsinin müddəti 2016-cı ilin aprel ayında bitib. O, iki ilə yaxındır ki, ərazidən qeyri-qanuni istifadə edir. Guya dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilsə də müqavilə bağlamaq üçün heç bir təşəbbüs göstərməyib. Məktubda qeyd olunur ki, ərazi beş gün müddətinə boşaldılmasa hüquq-mühafizə orqanlarına müraciət olunacaqdır. Bu da bələdiyyə sədrinin əl atdığı yeni qanunsuz əməl. Məktubu təhlil etməyə məcburuq. Çünki ortalığa yenə də suallar çıxır. Aşağıdakı fotoşəkillərdən də görəcəksiniz ki, icarə müqaviləsinin müddəti 2019-cu ildə bitir. Diqqəti çəkən odur ki, bələdiyyə sədri məktubda əvvəl iddia etdiyi kimi icarə haqqının verilməməsindən danışmır. Sadəcə Hacı Mirnağıya deyir ki, ərazini tərk et. Adama sual verərlər ki, əgər doğrudan da M. Adıgözəlov torpaqdan iki il müddətinə qeyri-qanuni istifadə edibsə niyə göz yumurdun? Nə üçün vaxtında hüquq-mühafizə orqanlarına müraciət etmirdin? Niyə qanuna zidd olaraq torpağın zəbt olunmasına, qanunsuzluğa şərait yaradırdın? Nadir Məmmədov bunlara cavab verə bilməz. Çünki M. Adıgözəlov və işçilərinin dediklərini əsas götürsək aldığını alıb. İndi də yeni müştəri ilə sövdələşib, qanunları isə ayaq altına atıb.

Biz ilkin araşdırmalardan sonra belə qənaətə gəldik ki, Əlik bələdiyyəsində qanunsuzluqlar baş alıb gedir. Ümumiyyətlə Quba rayonunda bələdiyyələrin mülkiyyətində olan yaylaq sahələrinin və onlardan daxil olan vəsaitlərin ciddi monitorinqi aparılmalıdır. Lap əslində məsələyə respublikanın hüquq-mühafizə orqanları müdaxilə etməlidirlər. Biz bu yazını həm də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və ədliyyə nazirliyinin bələdiyyələrlə iş mərkəzinin rəhbərlərinə ünvanlayırıq. Söhbət ciddi məsələdən gedir. Kənd təsərrüfatının inkişafı dövlət başçısı cənab İlham Əliyev üçün böyük önəm kəsb edir. Prezident aqrar sahənin dirçəldilməsi üçün ciddi proqram həyata keçirir. Belə olan halda digər qurumlar da kənd təsərrüfatındakı qanunsuzluqları , korrupsiya hallarını araşdırıb qanuni və təxirəsalınmaz tədbirlər görməlidirlər. Yaylaqlarda bəzi dövlət məmurlarının deyil, həqiqi fermerlərin mal-qarası saxlanılmalıdır. Yeni kənd təsərrüfatı naziri İnam Kərimova da müraciət edirik. O, aqrar sahədə islahatlara başlayıb. Elə bu yaxınlarda qeyd edib ki, fermərlər nazirin deyil, nazir fermerlərin yanında olmalıdır. Mirnağı Adıgözəlovun timsalında təcrübəli bir fermerin başına olmazın oyunlar açılır. Lakin yerli məmurlar heç bir tədbir görmürlər. Şantajla, hədə-qorxu ilə, yalanla M. Adıgözəlovun qanuni torpağını əlindən almaq istəyirlər. Əgər doğrudan da kənd təsərrüfatının dirçəldilməsini istəyiriksə susmaq olmaz, hər şey ədalətlə həll edilməlidir. İnam Kərimovdan isə ricamız budur ki, M. Adıgözəlovun da yanında olsun.

Yazıda adı çəkilən şəxslərin, qurumların və Əlik bələdiyyəsinin sədri Nadir Məmmədovun mövqeyini olduğu kimi verməyə hazırıq.

Müqəddəs Mehdiyev
“Şimal xəbərləri”

Şərhlər

XƏBƏR LENTİ