SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » TOVUZUN KÖHNƏ BAZARININ TƏZƏ PROBLEMLƏRİ - İCRA BAŞÇISI CƏNAB TOFIİQ ZEYNALOV RAYONA RƏHBƏRLİK EDƏ BİLMİR?

TOVUZUN KÖHNƏ BAZARININ TƏZƏ PROBLEMLƏRİ - İCRA BAŞÇISI CƏNAB TOFIİQ ZEYNALOV RAYONA RƏHBƏRLİK EDƏ BİLMİR?

Tarix:

1-06-2018, 09:28

/ 1 877 dəfə oxundu.
TOVUZUN KÖHNƏ BAZARININ TƏZƏ PROBLEMLƏRİ - İCRA BAŞÇISI CƏNAB TOFIİQ ZEYNALOV RAYONA RƏHBƏRLİK EDƏ BİLMİR?

Tovuzda “Nəsimi” ticarət mərkəzinin rəhbəri əndazəni aşır

Son illər paytaxt Bakı şəhəri ilə bərabər, ətraf regionlarda da əsaslı yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir. Bu hər şeydən əvvəl ölkə rəhbəri cənab İlham Əliyevin həyata keçirdiyi müdrik idarəçiliklə və ölkəmizin ildən-ilə artan iqtisadi-siyasi qüdrəti ilə bağlıdır. Belə bir səbəblər üzündəndir ki, bu gün hər sahədə yeniliklər tətbiq olunmaqla bərabər, müasir elmi-texniki tərəqqinin son naliyyətlərindən də geniş istifadə olunur. Amma hazırda elə sahələr var ki, həmin sahələrdə hökm sürən ab-havanın varlığı, sanki feodal dövrünün eybəcərliklərini xatırladır. Belə sahələrdən birinin də, Tovuzun mərkəzi ərazisində yerləşən və bir növ İmaməddin Nəsiminin dövründə həyata keçirilən idarəçiliyi və ab-havanı xatırladan “Nəsimi” ticarət mərkəzinin olduğu bildirilir.

Əvvəla onu qeyd edək ki, adı çəkilən bu ticarət mərkəzi olduqca acınacaqlı durumdadır. XXI əsrdə yaşamağımıza baxmayaraq, “Nəsimi” bazarı adı ilə məşhur olan və açıq-aşkar şəkildə xəstəlik mənbəyinə çevrilən ticarət mərkəzi nəzarətsiz fəaliyyət göstərir. Yəni, bazarın daxilində və kənarında satıcılar küçə ticarəti ilə məşğul olurlar. Hər növ kənd təsərrüfatı məhsulları ayaqlar altında, çirkli yerlərdə satılır. Artıq xeyli müddətdir ki, bazarda satılan ət və süd məhsulları rayonun baytarlıq idarəsinin nəzarəti olmadan satılır.

Deryaz.az saytına məlumat verən mənbə bildirir ki,ilin ayrı-ayrı fəsllərində satışı həyata keçirilən balıq məhsullarının satışı zamanı heç bir sanitar-gigiyenik qaydalarına riayət edilmir, yəni tam nəzarətsiz satılır. Hələ bir müddət bundan əvvəl yaşanan problemlərin varlığına münasibət bildirən Tovuz rayon baytarlıq idarəsinin rəisi Zülfüqar Kərimov da, bazarda ət, süd və balıq məhsullarının tam nəzarətsiz satıldığını təsdiq etmişdi. O, yaşanan acınacaqlı durumun varlığına münasibət bildirərkən qeyd etmişdi ki,bazarda ət və süd məhsullarının satışı baytarlıq idarəsi tərəfindən dayandırılsa da, satıcılar bir neçə dəfə cərimə olunsalar da, təəssüflər olsun ki, satıcılar yenə də həmin məhsulların satışı ilə məşğul olmaqdadırlar. O, onu da vurğulamışdı ki, “çox zaman satılan ət məhsullarının mənşəyi məlum olmur”.



Zülfüqar Kərimov dəryaz qəzetinin əməkdaşı ilə söhbəti zamanı onu da qeyd etmişdi ki, bu gün bazarda satılan ətlərin at, it, eşşək, yaxud da mal və qoyun əti olmasını heç kim bilmir. Yaxud da heç kim bilmir ki, bu heyvanlar xəstədir, yoxsa yox!.

Tovuz rayon Gigiyena və Epidemialogiya Mərkəzinin baş həkimi Arifə Ağayeva da, “Nəsimi” ticarət mərkəzinə müdaxilə edə bilmədiklərini, ticarət mərkəzinin rəhbərliyi tərəfindən bazarda yoxlama aparılmasına imkan vermədiyini də vurğulamışdı. Hətta o, onu da qeyd etmişdi ki, bir neçə dəfə bazarda gigiyenik qaydalara nəzarət etmək istəsək də, rəhbərlik başda olmaqla işçilər az qala bizi ikinci mərtəbədən aşağı atırdılar. Həmin an polislər bizi güclə xilas edə bildilər. Belə olan halda adı çəkilən ticarət mərkəzində zəhərlənmə, yangın və s. baş verərsə, bütün bunlara kim cavab verəcək? Doğurdanmı adi bir sahibkar bu gün qanunlarımızı heç cür saya salmır, bir kimsəni vecinə almır. Bu gün rayonun gigiyena və epidemialogiya mərkəzinin rəhbərliyi ticarət mərkəzinə daxil ola bilmirsə, qanunvericiliyin tələblərinə uygun yoxlamalar apara bilmirsə, deməli bu cür ab-hava böyük bir faciədir. Doğurdanmı, rayon baytarlıq idarəsi rəhbərliyinin qeyd etdiyi kimi bazarda satılan at, it, eşşək və mənşəyi bilinməyən ət məhsullarına nəzarət yoxdur.

Onu da qeyd edək ki, ticarət mərkəzinin fəaliyyəti Fövqəladə Hallar Nazirliyinin normativ tələblərinə də heç cür cavab vermir. Çünki, daxildə hər hansı yanğın hadisəsi baş verərsə, o halda uzun müddət bazara daxil olmaq müşkül məsələyə çevrilər. Bazarda yanğının söndürülməsi ilə bağlı ilkin yardım məqsədilə nəzərdə tutulan su anbarı və digər avadanlıqlar yoxdur. Satıcıların ticarətlə məşğul olduqları sahənin üstündən iki ədəd yüksək gərginlikli elektrik xəttləri keçir. Belə bir ab-hava aidiyyəti qurumların gözü önündə yaşansa da, hələ ki, bir kimsə bazara müdaxilə etməyə cürət edə bilmir. Çünki, ortada “Nəsimi” ticarət mərkəzinə rəhbərlik edən şəxsin “hərbə-zorpası”, bir də ki, həmin şəxsin bir kimsəni saya salmaması əsas rol oynayır. Problemlərin varlığına münasibət bildirən Tovuz rayon FHN-nin Yanğından Mühafizə Xidmətinin rəisi də qeyd edir ki, “bu gün də mövcud ab-hava Tovuz rayonunun “Nəsimi” ticarət mərkəzində yaşanmaqdadır”.



Yaşananlarla bağlı aidiyyətı orqanlara lazımi məlumatlar verilib, amma bu günədək heç bir tədbir görülməyib. Müvvəqəti olaraq bazarın elektrik enerjisi dayandırılsa da, az sonra bərpa olunub. Bir sözlə, Nurəddin Hacıyev də “Nəsimi” ticarət mərkəzinə müdaxilə edə bilmədiyini deyir. İndi sual oluna bilər ki, görəsən biz hansı əsrdə yaşayırıq ki, bazara heç bir vəzifə sahibi müdaxilə edə bilmir. Küçə ticarətinə polisin, antisanitar vəziyyətə gigiyena və epidemiologiya mərkəzinin, nəzarətsiz satılan ət və süd məhsullarına baytarlıq idarəsinin göz yummasına, görəsən, rayonun ictimaiyyəti necə baxır? Təəssüflə qeyd edək ki, Tovuz rayon İcra Hakimiyyətinin rəsmiləri də, bu barədə narahat olduqlarını bildirsələr də, ticarət mərkəzinin rəhbəri ilə bacarmadıqlarını vurğulayırlar. İcra hakimiyyətində səlahiyyət sahibi olanlar isə bildirirlər ki, “Bizim «Nəsimi» ticarət mərkəzinın direktoruna gücümüz çatmır”.

Görəsən, rayonun mərkəzində oturub bazarı yoxlamaq istəyən səlahiyyətli dövlət məmurlarını «udan» bu «əjdaha»kimdir və yaxud da onun arxasında duran fövqəladə güc kimdir? Rayon sakinlərindən əldə etdiyimiz məlumata görə, bu «əjdaha»nın adı Teymur Bağırovdur. Əldə etdiyimiz məlumatlara görə adı çəkilən şəxs keçmiş polis əməkdaşı olub.Təqaüdə çıxdıqdan sonra olub «bazarkom». Başına da bir neçə qoçu dəstəsi və bir növ sahibsiz qadınları yığaraq, bazarı yoxlamağa gələn dövlət qurumlarının əməkdaşlarını şantaj etməklə məşğuldurlar. Vəziyyət o həddə gəlib çatıb ki, hətta bazarda hər hansı cinayət hadisəsi baş verdikdə də, polis onlara müdaxilə edə bilmir. Teymur Bağırov “mən sahibkaram” deyib əlində muzdlu saxladığı şəxslər vasitəsilə aidiyyətı orqanlara teleqram vurdurur ki, «amandı qoymayın sahibkara təzyiq olunur». Düzdür, cənab Prezident tapşırıq verib ki, sahibkarlarla heç kimin işi olmasın. Belə olan halda görəsən, bu «sahibkarı» başa salan yoxdurmu ki, cənab Prezident tapşırıq verib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan adamların fəaliyyətinə qanunsuz müdaxilə yolverilməzdir və onlar da qanun çərçivəsində fəaliyyət göstərməlidirlər. Cənab Prezident tapşırıq verməyib ki, sahibkar şəxsi mənafeyi xatirinə obyektə gələn qanunu yoxlamalara təzyiq etsin, onların heç birini obyektə buraxmasın və pul qazanmaq xatirinə satıcılara şərait yaradıb, hər kəsə keyfiyyətsiz və xarab məhsul satsınlar. Onları zəhərləsinlər, varlanmaq xatirinə heç bir təhlükəsizliyə riayət etmədən, obyektdə çalışan minlərlə insanın həyatını təhlükə qarşısında qoysunlar. Eyni zamanda, obyektdə çalışan yüzlərlə işçinin əmlak payını əlindən alıb, özlərini də çölə atdırsınlar.

Buna yalnız bir ad vermək olar.-Qudurğanlıq, harınlıq, özbaşınalıq.

Görəsən, Teymur Bağırovun belə bir özbaşınalığının və harınlığının arxasında kimlər dururlar? Bax budur hər kəsi düşündürən məqam!

Bütün bu kimi suallarla bağlı icra başçısı cənab Tofiq Zeynalova müraciət etdikdə o, “Ay mənim əzizim bu gün bazar günüdür, sənin xəbərin var? Vallah, mən sahibkarın işinə qarışa bilmərəm, o məsələlərlə aidiyyatı qurumlar məşğul olmalıdır. Mən bununla da, söhbətimizi qurtarmış hesab edirəm” deyərək telefonu qapatdı.

Cənab Tofiq Zeynalov o halı da unutmamalıdır ki, ölkə rəhbəri cənab İlham Əliyev doqquz milyonluq xalqının içərisindən, məhz ona etimad göstərərək təqribən 168200 nəfərlik əhalisi olan Tovuz rayonuna rəhbər təyin edibsə, deməli o, onu belə bir vəzifəyə təyin edən cənab İlham Əliyevin etimadını doğrultmalıdır. Bunun üçün o, xalqının, dövlətinin xidmətçisi olmasını əməlləri ilə də sübut etməlidir. Yoxsa, “bu gün bazar günüdür” deyərək mətləbdən yayınmamalıdır.

Xəstəlik mənbəyinə çevrildiyindən sanki ölüm saçan “Nəsimi” bazarının köhnə problemlərini aradan qaldırmaq üçün, görəsən bir “bazarkom”a doğrudanmı İcra başçısının gücü çatmır, yoxsa o, hansısa maraqları çərçivəsində qəti addımlarını atmaq istəmir? Çünki, hər kəsə bəllidir ki, bu gün paytaxt Bakı şəhəri ilə bərabər regionlarda da yeni ticarət mərkəzləri inşa olunur, sakinlərin rahatlığı təmin olunur, hər cür təminolunmalar da həyata keçirilir. O halda sual oluna bilər ki, görəsən Tovuz rayonuna rəhbərlik edən Tofiq Zeynalovu rayon sakinlərinin taleyi düşündürmürmü? Axı, təqribən üç il bundan öncə rayonun mərkəzi hissəsində, bir qədər də dəqiq desək Tovuz RPŞ-nin lap yaxınlığında yeni ticarət mərkəzi inşa olunub, hər kəsin ticarətlə məşğul olması üçün lazımi şərait də yaradılıb. Bu belə olduğu halda, görəsən Tovuz RİH-nin başçısı cənab Tofiq Zeynalov lazımi şəraiti olmayan Nəsimi” bazarının yeni ticarət mərkəzinə köçürülməsinə niyə cəhd etmir? Yoxsa…

Araşdırmalarımız davam edəcək.

Odur ki, bizi izləməyi unutmayın

DERYAZ.AZ

Şərhlər

XƏBƏR LENTİ