SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Neftçalada vətəndaşın mülki ələ keçirildi - Rayon İcra başçısı cavabdehlə əlbirdir

Neftçalada vətəndaşın mülki ələ keçirildi - Rayon İcra başçısı cavabdehlə əlbirdir

Tarix:

7-03-2018, 12:44

/ 1 302 dəfə oxundu.
Neftçalada vətəndaşın mülki ələ keçirildi - Rayon İcra başçısı cavabdehlə əlbirdir

Neftçala rayonu Xıllı qəsəbəsində yerləşən 34 saylı mağazanı Neftçala rayon yaşıllaşdırma idarəsinin direktoru Miryaqub Mehdi oğlu Miriyev hərəkatçı Xalid Fərəcovun əlindən qeyri-qanuni yollarla alıb.

Yenicag.az xəbər verir ki, Xalid Fərəcov 34 saylı mağazanı 1987-ci ildə özü tikdirib və ilk işlədəni də o olub. 1989-cu ildə hərəkatçı olduğu üçün mağaza Neftçala rayon prokurorluğu tərəfindən bağlanıb. 1992-ci ildən Xalid Fərəcov mağazanı özü işlətməyə başlayıb. 1994-cü ildə mağaza lisenziyalaşma ilə bağlı dövlət tərəfindən fəaliyyətini dayandırıb. Son ödəməsi 245 min 61 manat 50 qəpik olub.

Xalid Fərəcovun sözlərinə görə, Mehdi Miriyev saxta sənədlər düzəldərək, mağazanı özəlləşdirib:

“Qanunda var ki, əgər bir obyekt özəlləşdirilərsə, onu sonuncu işlədən şəxsə təklif etmək lazımdır. Əgər mən imtina edərəmsə, başqa bir şəxs o obyekti özəlləşdirə bilər. Ancaq Mehdi Miriyev saxta sənədlər düzəldərək, obyektimi ələ keçirib. Bununla bağlı dəfələrlə dövlət orqanlarına, məhkəmələrə müraciət etmişəm, heç bir nəticəsi də olmayıb. Mehdi Miriyevin rayon rəhbərliyi ilə olan yaxşı əlaqəsi məhkəmə qərarına təsir göstərir”.

Xalid Fərəcov bəy nəslindən olduğunu deyərək, 1980-ci illərdən Azərbaycanın müstəqilliyi uğrunda hərəkata qoşulduğunu bildirib:

“Sovet hakimiyyəti atamı bəy nəslindən olduğu üçün həbs etmişdi. O vaxt ailə üzvlərimizlə birlikdə Moskvaya yola düşdük. Olanları görəndə 12 yaşım vardı. Azərbaycanın müstəqilliyi üçün dualar edirdim. Şükürlər olsun ki, ölkəmiz azaddır. Ancaq bu azadlığa ləkə salan neçə-neçə məmur var ki, zamanında meydanlarda qanı ilə, canı ilə müstəqilliyi əldə edənlərə Sovetin repressiyasından da kəskin münasibətlə yanaşır, o insanları təqib edirlər. Azərbaycanın müstəqilliyi üçün keçirilən referendum zamanı mən qanımla imza atmışam. Oğlum 20 yanvar hadisələrində qorxudan qan xərçənginə tutuldu, sonra da dünyasını dəyişdi. Ancaq məhkəmələr bu vətən üçün hər şeyindən keçən adamı indi süründürür”.

Aidiyyatı olan və olmayan bütün qurumlara müraciət etdiyini deyən şikayətçinin sözlərinə görə, məhkəmələr gerçəkləri yox, saxta sənədləri qəbul edir:

“Neftçala Rayon Məhkəməsinə müraciət etdim. Uzun çəkişmələrdən sonra Neftçala Rayon Məhkəməsi əleyhimə qərar çıxartdı. Məhkəmənin qərarından Şirvan Apellyasiya Məhkəməsinə müraciət etdim. Yenə get-gəllər və sonda Neftçala Rayon Məhkəməsinin qərarını qüvvədə saxladı. Hazırda Şirvan Apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə müraciət etmişəm. Təsəvvür edin, qanunu bilən, bu vətən üçün hər cür zillətlər görən birini bu qədər süründürürlərsə, görün digər vətəndaşlar nələr çəkir”.

Sonda Xalid Fərəcov qeyd edib ki, bütün varlığı ilə bu haqsızlığa qarşı vuruşacaq, haqqını alana qədər mübarizə aparacaq.

Şərhlər

XƏBƏR LENTİ