SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Beyləqanda fermerlər pambıq əkininə zorla məcbur edilir

Beyləqanda fermerlər pambıq əkininə zorla məcbur edilir

Tarix:

1-03-2018, 09:25

/ 1 524 dəfə oxundu.
Beyləqanda fermerlər pambıq əkininə zorla məcbur edilir

Səbəb pambıq əkən fermerlərin haqqının vaxtında verilməməsidir
Ölkəmizdə qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi sahəsində kifayət qədər müsbət nəticələrin əldə edilməsi əhalinin bu sahəyə olan marağını xeyli artırıb. Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən yüksək səviyyəli tədbirlər artıq müsbət nəticəsini verir. Pambıqçılığın, üzümçülüyün, tütünçülüyün, baramaçılığın, bağçılığın, bostan-tərəvəz və digər kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi üçün lazım olan maddi-texniki bazanın son illər gücləndirilməsi bu sahələrin sürətlə inkişaf etməsinə, məhsuldarlığın və məhsul istehsalının həcminin artmasına güclü təkan verib. Xaricə satılmış məhsullar ölkəmizə xeyli xarici valyuta gətirməklə yanaşı, eyni zamanda, bu sahədə çalışan insanların həyat səviyyəsinin yüksəlməsinə, onların gəlirlərinin artmasına müsbət təsir göstərib.
Azərbaycanda qeyri neft sektoruna ölkə Prezidenti tərəfindən göstərilən diqqət və qayğı nəticəsində əhalinin, xüsusən fermerlərin marağı birəbeş artıb. Cənab Prezidentin qeyri-neft sahəsinə, o cümlədən kənd təsərrüfatının inkişafını daha da gücləndirmək məqsədi ilə verdiyi maddi və mənəvi dəstək əhalinin bu sahələrin inkişaf etdirilməsinə səyini gücləndirib. Kənd təsərrüfatı məhsullarının əkilib becərilməsinə və məhsulun itgisiz yığılıb yüksək keyfiyyətlə saxlanılmasına görə, verilən əmək haqqıların və subsidiyaların artırılması işin sürətinə və keyfiyyətinə müsbət təsir göstərir.
Lakin bu cür yüksək nəticələrin əldə edilməsi nə qədər sevindirici olsa da, ölkədə qeyri neft sektorunun, xüsusən kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi sahəsində bütün rayonlarda eyni müsbət nəticələrin əldə edilməməsi o qədər təəssüf doğurur. Bir sıra rayonlarda ölkə Prezidentinin kənd təsərrüfatının inkişaf etdirilməsinə dair verdiyi sərəncam və göstərişlər düzgün yerinə yetirilmir. Fermerlərin və burada çalışanların maraqları kobud şəkildə pozulur. İnsanların bu sahəyə olan marağı rayon və pambıq zavodlarının rəhbərliyi tərəfindən kobudcasına pozulur.
Dünən Beyləqan rayonunun bir sıra fermerlərindən redaksiyamıza daxil olan şikayətlər də təsdiq edir ki, rayon və pambıq zavodlarının rəhbərliyi maddi maraq prinsiplərini kobudcasına pozaraq, fermerləri zorla pambıq əkməyə cəlb edirlər. Əslində, əhalinin qazandığı pulu vaxtında verib marağı artırmaq əvəzinə, inzibati-amirlik üsuluna əl atılması heç bir müsbət nəticəyə gətirib çıxara bilməz. Zavod rəhbərliyi ilə qazanc sövdələşməsinə gedən yerli hakimiyyətartıq orqanları dərk etməlidir ki, şairin dediyi kimi: “Ax necə kef çəkməli əyyam idi, onda ki, övladi-Vətən xam idi!”- dövrünü bir də geri qaytarmaq daha mümkün deyil.
Fermerlərin dediklərinə görə, ötən ilin nəticələri üçün zavodlar tərəfindən fermerlərə ödənilməli olan pulların böyük əksəriyyəti müxtəlif bəhanələrlə hələ də ödənilmədiyi üçün fermerlər pambıq əkməkdən imtina edir. Buna görə də Beyləqan rayon icra hakimiyyətinin rəhbərliyi ərazi nümayəndələrini və bələdiyyə sədrlərini fermerlərin üzərinə hücum çəkməyə və zorla pambıq əkdirməyə məcbur etməyə cəlb edib. Bu isə insanların, vətəndaşların və fermerlərin hüquqlarının kobud surətdə pozulması ilə nəticələnir. Təbii olaraq bu cür mənfi nəticələr ümumilikdə qeyri neft sektorunun inkişaf etdiririlməsinə, xüsusən kənd təsərrüfatının sürətlə inkişaf etdirilməsinə ciddi maneədən başqa bir şey ola bilməz.
Deyilənlərdən belə nəticəyə gəlinir ki, Beyləqan rayon icra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev fermerləri maddi maraq prinsipi ilə deyil, sovet dönəmindən miras qalmış inzibati-amirlik metodu ilə pambıqçılığa cəlb etmək eşqinə düşüb.
Güman edirik ki, Beyləqanda pambıq əkini sahəsində hökm sürən “məcburetmə metodu”na tezliklə son qoyulması və Vaqif Abdullayevin yanlış eşqbazlığını durdurmaq üçün Prezident Administrasiyasının yüksək vəzifəli məsul şəxsləri hərəkətə gələcək və cənab Vaqif Abdullayevin inzibati-amirlik metodunun çiçəklənməsinin qarşısını vaxtından əvvəl, zamanında alacaqlar.

paralel.az

Şərhlər

XƏBƏR LENTİ