SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Sabirabadda Etibar müəllimdən etibarsız addım

Sabirabadda Etibar müəllimdən etibarsız addım

Tarix:

26-01-2018, 13:27

/ 3 124 dəfə oxundu.
Sabirabadda Etibar müəllimdən etibarsız addım

Müəllimin ərsəyə gətirdiyi məhsul cəmiyyətin gələcəyi olduğundan, müəllimlik peşəsi olduqca müqəddəs peşədir

Bu da bir həqiqətdir ki, dünyanın tanınmış simaları hər zaman müəllim haqqında müdrik sözlər, dəyərli kəlamlar və s. söyləmişlər. Məsələn, antik dünyanın ən böyük yunan filosoflarından olan Platon deyib ki, “Müəllimlik hər şeydən əvvəl bir tanrı sənətidir”. Makedoniyalı İsgəndər isə müəllimi Aristotel haqqında deyir: “Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı”. Məhəmməd Peyğəmbər bilik öyrənməyi hər cür ibadətdən üstün sayıb. Həzrəti Əli isə “Mənə bir hərf öyrədənin qulu olmağa hazıram” deyib. Azərbaycan ədəbiyyatının tanınmış klasiklərindən olan Nizami Gəncəvi müəllimə fərqli prizmadan yanaşaraq onu göydəki günəşə bənzədib.
Xalqımızın və dövlətimizin tarixi xilasgarı, ulu öndər Heydər Əliyev də həmişə müəllimə yüksək qiymət vermiş, müəllim haqqında dəyərli kəlamlar demişdir. Mərhum prezidentimizin müəllim haqqında dediyi “Müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini, uşaqların tərbiyəsini yalniz ona etibar edir” deməsi, sözün həqiqi mənasında müəllimə verilmiş ən dəyərli qiymətdir. Həqiqətən də cəmiyyətin qurucusunu, onu idarə edənləri, fəhləni, mühəndisi, baytarı, alimi, həkimi və s–ni, bir sözlə hər kəsi tərbiyə edən, hər kəsin formalaşmasına səbəb olan müəllimdir. Ona görə də müəllimlik həm şərəfli və məsuliyyətli, həm də çətin və müqəddəs bir peşədir.
Unutmaq olmaz ki, əsl müəllim hər zaman şagirdlərinin yaxın dostu, sirdaşı, qayğıkeşi, düşünəni, onların bu günü və gələcəyi üçün narahat olanı, addımlarını düzgün atmaları naminə yolgöstərəni, bələdçisi, qayğıkeşi və s. olmuşdur. Odur ki, müəllim təkcə özünün deyil, həm də tərbiyə verdiyi, elm öyrətdiyi şagirdlərinin taleyini yaşayır, sevincini, kədərini və problemlərini onlarla birlikdə bölüşür. Əslində, əsl müəllim dərs keçdiyi hər saat ərzində deyil, bütün ömrü boyu şagirdlərinin gələcəyi haqda düşünməlidir. Belə bir səbəb üzündən də, müəllim gözünün nurunu, qəlbinin odunu, ürəyinin sevgisini, illər uzunu çəkdiyi zəhmətini şagirdlərinə verir.
Bəli əsl müəllim qəlbən, mənən pak olmalı, danışığında və davranışlarında bütün şagirdlərinə eyni gözlə baxmalı, sevgisi hər bir şagirdinə yetəcək qədər böyük olmalıdır. Açıq-aydın onu da vurğulayaq ki, bu gün hər bir müəllimin vəzifəsi, yaxud da işi təkcə hansısa fənni tədris etməklə bitməməli, müəllim geniş dünyagörüşə, milli-mənəvi dəyərlərə, yüksək mədəniyyətə, intellektə, mənəviyyata və s. malik olmalıdır. O, yetişdirdiyi gənclərə, həmçinin xalqına, vətəninə sadiq olmağı aşılamalı, əxlaqi dəyərləri təbliğ etməlidir. İlk öncə müəllim sadalanan keyfiyyətlərə malik olmalı, davranışı və danışığı, geyimi, ətrafındakılarla rəftarı, yüksək mədəniyyəti ilə də hər kəsə nümunə olmalıdır. Müəllim adını daşıyan hər kəs ilk öncə yaradıcı olmalı, tədris etdiyi hər bir dərsə yazacağı əsər kimi baxmalı, yenilikçi və novator olmalı, bilib dərk etdiyi ilə kifayətlənməməli, hər zaman axtarışda olmalı, bir sözlə cəmiyyətin inkişafına uyğun müvafiq addımlarını da atmalıdır.
Ümumi şəkildə götürdükdə, müəllimlik müqəddəs bir peşədir və hər bir müəllim unutmamalıdır kı, ərsəyə gətirdiyi hər bir şagirdi qiymətli xəzinədir. Həmin şəxs gələcəkdə layiqli bir vətəndaş olacaq, xalqına, dövlətinə xeyr verəcək. Tanınmış azərbaycanlı filosov, astronom, riyaziyyatçı alim, görkəmli dövlət xadimi olan Nəsrəddin Tusi də demişdir ki, “Hər kəsi kamilliyə çatdırmaq məqsədi güdən sənət, dünya sənətlərinin ən şərəflisi olmalıdır. Bütövlükdə götürdükdə bu sənət elə müəllimlik sənətidir, müəllimlik peşəsidir”.
Bəli, bütün bunları nəzərə alaraq onu da bildirək ki, bu gün ölkəmizdə müəllim adı üstün tutulur, müəllim şərəfi hər an qorunur. Bunun da başlıca səbəbi, dövlətimizin Azərbaycan təhsilinə, onun ziyalı potensialına bəslədiyi yanaşmasının varlığıdır.
Müəllim adının bu qədər uca, bu qədər əlçatmaz tutulmasına baxmayaraq, bir neçə gündür ki, Sabirabad rayonundakı 8 saylı orta məktəbin direktoru Etibar müəllimin rəhbərlik etdiyi təhsil müəssisəsində hüquqa zidd addımlar atması ilə bağlı bəzi media qurumlarında müzakirələr aparılır və atılan addım kəskin tənqid atəşinə də tutulur. Çünki, yuxarıda qeyd etdiyimiz kimi məktəb həyatı dedikdə hər kəsin nəzər-diqqətində şagirdlərin təhsil aldıqları, əxlaq-tərbiyə öyrəndikləri, həyatda formalaşmaları üçün üz tutduqları bir ünvan nəzərdə tutulur. Müəllim dedikdə isə, bütün bunların təsdiqini tapması üçün zirvədə duran, şagirdlərə yol göstərən, təlim-tərbiyə öyrədən, bir sözlə bu yolda zəhməti olan şəxslər nəzərdə tutulur. Direktor vəzifəsini daşıyan şəxs isə, atılacaq hər bir addıma görə kollektiv qarşısında məsul olan vəzifə sahibi nəzərdə tutulur. Bu belə olduğu halda direktor vəzifəsini daşıyan və atdığı addımına görə məsuliyyətini hiss etməyən şəxsdən nə gözləmək olar? Məhz, ona müəllim adı ilə müraciət etmək olarmı? Bu gün atılan addımı təhlil etməklə belə bir qənaətə gəlmək olur ki, məktəb kollektivinə rəhbərlik edən bir şəxsin hüquqa zidd addım atması nə mənəvi dəyərlərimizə, nə də ki, hüquqa sığası məsələ deyil. Əgər atılan addım digər idarə, müəssisə və təşkilat rəhbərləri tərəfindən atılsayda, o halda ona hansısa don geyindirmək olardı. Amma, orta məktəblərdən birinə rəhbərlik edən rəhbər şəxs tərəfindən atılan addım heç cür yolverilməz haldır.
Təəssüf və təəccüb doğuran hal isə, baş verən olayla bağlı yerli hüquq-mühafizə orqanı əməkdaşlarının lazımi addımlarını atmamalarıdır. Hətta, əldə etdiyimiz şifahi məlumatlara görə, adı çəkilən şəxs yenə də vəzifəsini icra etməkdədir. O halda sual oluna bilər ki, əgər danışılanlar şər-böhtandırsa, o halda niyə valideyin məsuliyyəti müəyyən olunmadı? Bəs səbəb nədir ki, adı müəyyən olayda hallanan Etibar müəllim media qarşısına çıxıb barəsində dolaşan söz-söhbətlərə aydınlıq gətirmir? Məsələyə Təhsil Nazirliyi tərəfindən münasibət bildirilməməsi isə, bu gün də ictimaiyyəti çaşbaş qoymaqdadır.
Hörmətli oxucular! Gəlin olub-keçənləri birlikdə müzakirə edək və ortaq məxrəcə gəldiyimiz qənaəti də bir-birimizlə bölüşək. Şagirdə qarşı hüquqa zidd addım atan məktəb direktoru lazımınca cəzalandırılmalıdırmı, daşıdığı vəzifəsində saxlanmalıdırmı, aidiyyəti qurumlar olayla bağlı susmalıdırmı, yoxsa atdığı addımı ilə bağlı adını məşhur edən Etibar müəllimə qarşı cəza tədbiri görülməlidirmi? Odur ki, sualı bizdən, cavablandırmağı sizdən.
P.S. Açıqlamada sadalananlar qarşı tərəfin mövqeyi öyrənilmədən işıq üzü görüb. Buna da səbəb, qəzetmizə aid materialların bazar günü, yəni qeyri iş günü hazırlanmasdır. Odur ki, qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq. Araşdırmamız davam edəcək.

gündəmxəbər.az

Şərhlər

XƏBƏR LENTİ