SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Büdcə vəsaiti Beyləqanda “Bermud üçbucağına düşüb”

Büdcə vəsaiti Beyləqanda “Bermud üçbucağına düşüb”

Tarix:

1-12-2017, 12:33

/ 1 418 dəfə oxundu.
Büdcə vəsaiti Beyləqanda “Bermud üçbucağına düşüb”

Beyləqan Rayon İcra Hakimiyyəti ilə “Veteks-2017” MMC və “Yol İnşaat Servis” MMC-ni hansı maraqlar birləşdirir?
Dövlət başçısı cənab İlham Əliyevin tikinti-abadlıq məqsədi ilə rayonlara ayırdığı büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı ictimai rəyin birmənalı olmaması sirr deyil. Bu mövzuda mediada dəfələrlə yazılıb və yazılmaqdada davam edir. Bir qayda olaraq, bu yazılarda Rayon İcra Hakimiyyətləri ilə hansısa şirkətlər arasında şübhə dolu əməliyyatlardan bəhs olunur. Şübhələrə əsas verən başılca faktor isə “tenderləri udan” şirkətlərin yeni yaradılmış, heç bir təcrübəsi olmayan, 5-10 manat büdcəyə malik olmasıdır…
Bu istiqamətdə Beyləqan rayonundan yeni məlumatlar daxil olub. Məlumatlarda Beyləqan Rayon İcra Hakimiyyəti ilə “Veteks-2017” MMC və “Yol İnşaat Servis” MMC arasında gerçəkləşən layihələrdən və bu prosesdə şübhə doğuran faktlardan bəhs olunur. Rayon İcra Hakimiyyəti Beyləqan şəhərində çoxmənzilli yaşayış binalarının əsaslı təmiri ilə bağlı 725 min manatdan artıq büdcə vəsaitini 2016-cı il 11 noyabrda dövlət qeydiyyatından keçən, hüquqi ünvanı Beyləqan şəhəri A.Əkbərov küçəsi ev 24 və nizamnamə kapitalı cəmi on manat olan “Veteks-2017” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib. Belə təəssürat yaranır ki, Beyləqan rayonunda rəhbər şəxslərdən kimsə “Veteks-2017” MMC-nin rəhbəri Aydın Əligüşad oğlu Qardaşovla əməllicə “qardaşlıq münasibətləri”nə malikdir. Əks halda 725 min manatdan artıq büdcə vəsaiti yeni yaradılmış və on manat nizamnamə kapitalı olan bir şirkətə həvalə olunmazdı.
Rayondakı mənbəmiz bildirir ki, məhz bu səbəblərdəndir ki, Beyləqan yollarının, şəhərdaxili küçələrin və binaların xarici görkəminə görə rayonlar sırasında sonuncu yerləri bölüşür. Əksər rayonlarla müqayisdə Beyləqan ötən əsrin görkəmini hələ də üzərindən ata bilməmiş az sayda rayonlardan biridir.
Beyləqan rayonunda şəhərdaxili yollar xüsusilə pis vəziyyətdədir. Ekspertlərə görə rayonlarda bu sayaq mənzərənin mövcudluğuna səbəb ayrılan büdcə vəsaitindən yumşaq desək səmərəli istifadə olunmamasıdır.
Daxil olan məlumatlarda büdcədən Beyləqan şəhərinin daxili yollarının təmirinə ayrılmış 400 min manata yaxın vəsaitin qaranlıq taleyindən də söz açılır. Şəhərdaxili yolların asfalt-beton qarışığı, çınqıl materialı ilə əsaslı təmiri “Yol İnşaat Servis” MMC-yə etibar edilib. Zamin Abbasovun rəhbərlik etdiyi, Beyləqan rayonu Mil qəsəbəsində yerləşən “Yol İnşaat Servis” MMC-nin ayrılan vəsaitdən necə istifadə etdiyi isə obrazlı desək göz önündədir. Bunun üçün Beyləqan şəhərinin küçələrini bir dəfə görmək yetərlidir…
Bəlli səbəblərdən Beyləqan Rayon İcra Hakimiyyəti ilə “Veteks-2017” MMC və “Yol İnşaat Servis” MMC arasında gerçəkləşən layihələrə və bu prosesdə şübhə doğuran faktlara ötəri toxunuruq. Söhbət dövlət vəsaitinin xərclənməsi ilə bağlı iddialardan gedir. Dövlətin hazırkı məlum maliyyə-iqtisadi durumunda büdcə vəsaitinin xərclənməsi xüsusi ilə həssaslıq tələb edir. Biz bununla heç də demək istəmirik ki, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev bunu bilmir, yaxud bilmək istəmir. Əsla, amma…
Qeyd etdiyimiz kimi, bu istiqamətdə daxil olan məlumatlarda kifayət qədər ciddi sayılacaq faktlar yer alır. Elə bu səbəbdən də məlum qanun və prinsiplərə uyğun olaraq, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Abdullayevə sorğu ünvanladıq. Bu il oktyabrın 25-də göndərdiyimiz rəsmi sorğuya hələ ki, cavab yoxdur. Niyə? Hörmətli Vaqif müəllimin “İnformasiya əldə etmək haqqında” və “KİV haqqında” qanunlarımızdan bixəbər olmamasını nəzərə alsaq, onda sualımıza təxmini iki cavab meydana çıxır: ya cavab yazmağa söz tapılmır, ya da sadəcə mətbu sayqısızlıq.
İkinci cavab daha da inandırıcı görünür. (Nədən ki, cavab xatirinə “cavab” yazmaq olardı. Doğru, ya da qeyri-doğru.) Təəssüf ki, hələ də əksər səlahiyyət sahibləri mətbuatla əməkdaşlığın həm də bir vəzifə borcu olduğunu “unudurlar”. Bir az da fərqli desək, mətbuat, jurnalist bunlar üçün axırıncı sortlar sırasında yer alır. Mətbuatla əməkdaşlığı özlərinə ayıb bilirlər. Rəsmi, ya qeyri-rəsmi sorğulardan yayınıb da, sonda “çepe”lərindən yazanın ünvanına əxlaq və tərbiyələrinə uyğun “tərifnamə” yağdırmaqdan belə çəkinmirlər. Nə isə, bu ayrı yazının mövzusudur.
Ümid edirik ki, bu yazıdan sonra, Beyləqan Rayon İcra Hakimiyyətindən bir cavab ala biləcəyik. Və elə o cavabla da qarşıdakı günlərdə mövzu ilə bağlı geniş yazı hazırlayacağıq.

Yenixeber.org

Şərhlər

XƏBƏR LENTİ