SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Siraqəddin Cabbarovun qeyri-etik hesabatı

Siraqəddin Cabbarovun qeyri-etik hesabatı

Tarix:

1-12-2017, 10:38

/ 2 183 dəfə oxundu.
Siraqəddin Cabbarovun qeyri-etik hesabatı

SAATLININ İCRA HAKİMİ ONDAN “YUXARIYA” ŞİKAYƏT EDƏN RAYON SAKİNLƏRİNİ VƏRDİŞKAR DEMAQOGİYADA SUÇLAYIB.

Bəzi rayon, şəhər (şəhərlərdə rayon) icra hakimiyyətləri başçılarının tənqidə, özləri barədə edilən şikayətlərə dözümsüz yanaşmaları bəllidir. Belə icra başçılarından biri də Saatlı rayonuna rəhbərlik edən cənab Siraqəddin Cabbarovdur. Təəccüblüdür ki, S. Cabbarov bu cür qeyri-tolerant münasibəti RİH-nin saytında sərgiləməkdən də çəkinməmişdir.
2016-cı ildə rayon Saatlı İcra Hakimiyyətinə daxil olan müraciətlər, xüsusi ilə Prezident Administrasiyası və Milli Məçlisə ünvanlanan müraciətlər əvvəlki illə müqayisədə artmışdır. Belə ki, ümumilikdə 2015-ci illə müqayisədə müraciətlərin sayı 116 ədəd artmışdır ki, bundan da 42 ədədini Prezident Administrasiyasına, 47 ədədini Milli Məclisə və 34 ədədini isə rayon İcra Hakimiyyətinə ünvanlanan müraciətlər təşkil etmişdir. Bu məlumatlar S. Cabbarovun 2016-cı ilin yekunlarına və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabatında yer almışdır.
Gəlin görək, rayon icra hakimiyyəti 2016-cı ildə daxil olan müraciətləri xarakterinə görə necə təhlil edir: “Vətəndaşlar yenə də əsasən mənzillə təmin olunmaq, fərdi ev tikilməsi və ya tikinti materialı verilməsi, ünvanlı sosial yardım almaq, işlə və birdəfəlik maddi yardımla təmin olunmaq, kənd təsərrüfatı və bələdiyyədən ƏLAVƏ torpaqla təminat məsələləri ilə bağlı müraciətlərə üstünlük verirlər. Bu xarakterli müraciətlər (bu müraciətlər 1135 ədəd təşkil edir) ümumi müraciətlərin 70,1 faizini təşkil etmişdir. İl ərzində olunan müraciətlərin 149 ədədi təkrar və 83 ədədi kollektiv müraciətlər təşkil etmişdir. Rayonun sakinləri tərəfindən yuxarı orqanlara olunan müraciətlərin təhlili göstərir ki, ayrı-ayrı vətəndaşlar ARAMSIZ olaraq yuxarı orqanlara müraciət yazmağı VƏRDİŞƏ çevirmişlər. Buna misal olaraq onu qeyd etmək olar ki, rayonun 14 yaşayış məntəqəsindən vətəndaşlar tərəfindən yalnız Prezident Administrasiyasına 345 müraciət daxil olmuşdur ki, bu da ümumi müraciətlərin 74,7 faizini təşkil edir”.
Təhlildən belə çıxır ki, Saatlı vətəndaşlarının çoxu işləmək, zəhmət çəkib halal qazanc əldə etmək deyil, ancaq və ancaq “hazıra nazir” olmaq istəyirlər. Yəni, saatlılıların elə də dərin problemləri yoxdur və onlar haqq etmədikləri hallarda da ƏLAVƏ təminat istəməyə VƏRDİŞ ediblər. Çox maraqlıdır, görəsən RİH-nin hesabatında demaqogiyaya meylli kimi göstərilən 14 yaşayış məntəqəsi hansılardır.
“Dərkənar” yazır ki, qəzetimizin irəliləyən saylarında həmin kənd və qəsəbələrin adlarını öyrənib sakinləri ilə söhbət etməyə, onları narahat edən məsələlərlə tanış olmağa çalışacağıq. Həmçinin, hesabatda xarakteri açıqlanmayan 29, 9 faiz müraciətlərin də təfərrüatlarına varmağa cəhd edəcəyik.

“Dərkənar” qəzeti

Şərhlər

XƏBƏR LENTİ