SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Xızı sakini nədən narazılıq edir? - Müraciət

Xızı sakini nədən narazılıq edir? - Müraciət

Tarix:

23-11-2017, 09:33

/ 2 695 dəfə oxundu.
Xızı sakini nədən narazılıq edir? - Müraciət

Xəbər verdiyimiz kimi, redaksiyaya Xızı rayonu, Altıağac qəsəbə sakini Həsənov Aslan Güllü oğlunun mülkiyyət hüquqlarının tapdanmasıyla bağlı Prezident İlham Əliyevə ünvanlanmış müraciəti daxil olub.

Müraciətdə deyilir:

"Hörmətli cənab Prezident! Mən, Həsənov Aslan Güllü oğlu 1959-cu ildə Altıağac qəsəbəsində anadan olmuşam. Qəsəbənin Cəfər Cabbarlı küçəsində yerləşən evim 1918-ci ildə babam tərəfindən tikilmişdir. Hazırda ümumi sahəsi 20 kv.m, həyətyanı torpaq sahəsi 0,25 ha olan evdə rəsmən qeydiyyatdayam. Bunu bütün sənədlər təsdiqləyir. 1975-1996-cı illərdə qəsəbənin aid olduğu sovxozda traktorçu işləmişəm. 1997-ci il oktyabrın 30-da Xızı rayon İH başçısının sərəncamı əsasənda mən fərdi mənzil tikintisi məqsədi ilə JN-00023 kod 30602018 saylı şəhadətnaməyə əsasən 0.20 ha torpaq sahəsi almışam.
Cənab Prezident! Mən ötən 20 il ərzində sözügedən torpaq sahəsini əkib becərərək minbir əziyyətlə ailəmi, övladlarımı dolandırmışam. Eyni zamanda fərdi ev tikmək üçün aldığım torpağı kol-kosdan təmizləmiş, hamarlama işləri aparmış, müvafiq qurumların təsdiqlədiyi sxem əsasında hasara almış, ev tikmək üçün özül tökmüş və tikinti işlərinə başlamışam. Üstəlik, bu illər ərzində dövlətə müəyyən olunmuş məbləğdə torpaq vergisini də vaxtlı-vaxtında ödəmişəm.
Qəsəbəmizdə aqrar islahatların keçirilməsindən 16 il sonra -2014-cü ildə gözlənilmədən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Vurğun küçəsi, ev 49/41, mənzil 1-də qeydiyyatda olduğu deyilən İradə Mobil qızı Sadıqovanın adından bir qrup şəxs peyda olaraq guya mənə verilmiş bəhs etdiyimiz 0,20 ha torpaq sahəsinin bir hissəsinin həmin qadına aid olduğunu iddia etdi. Onların arasında olan özünü İ.M. Sadıqova kimi təqdim edən bu günədək qəsəbədə heç kəsin görüb-tanımadığı bir qadından sənədlərini istədikdə o, şəxsiyyət vəsiqəsini də göstərməkdən imtina etdi. Mən, onların tələblərinin əsassız olduğunu, göstərilən torpağı qeyd etdiyim sənədlər əsasında 16 il öncə aldığımı söyləsəm də, dinləmədilər. Və əksinə, mənim sənədlərimin saxta olduğunu bildirərək torpağımdan çıxmağımı tələb etdilər. Bundan sonra iddiaçı qismində çıxış edən İradə Mobil qızı Sadıqova Xızı rayon məhkəməsinə müraciət etdi. Həmin iddia əsasında keçirilən məhkəmə heç bir əsas olmadan 11 noyabr 2014-cü il tarixdə mənim guya iddiaçı İ.M.Sadıqovanın mülkiyyətində olan, guya zəbt etdiyim 0,12 ha torpaq sahəsindən çıxarılmam barədə qərardad qəbul etmişdir.
Cənab Prezident! Maraqlıdır ki, bundan sonra sözügedən qərardadı araşdıran Xızı rayon prokurorluğu cinayət işinin rədd edilməsi haqda qərar qəbul etsə də, mənim sənədlərimi diqqətlə araşdırdığı halda iddiaçı İ.M.Sadıqovanın sənədlərini araşdırmayıb. Araşdırma zamanı 1997-ci ildə alqı-satqı yolu ilə aldığım 0,20 ha torpaq sahəsinin torpağın mülkiyyətə verilməsi haqda şəhadətnaməsinin qanunlara uyğun tərtib edilmədiyini və həmin dövrdə Xızı Rayon İH torpaq şöbəsinin müdiri və eyni zamanda Rayon Aqrar İslahat Komissiyasının sədri olan İbrahimxəlil İbrahimovun imzası və möhürü ilə təsdiqlədiyi həmin sənədin nədənsə Azərbaycan Torpaq Dövlət Komitəsinin müvafiq qurumlarının elektron bazasına daxil edilmədiyi məlum olub. Təbii ki, bu, vətəndaşın yox, həmin işə məsuliyyət daşıyan vəzifəli şəxslərin günahıdır.
Cənab prezident! Əsas qanunsuzluq ondan ibarətdir ki, guya onun 19 il öncə aldığı torpağını zəbt etməyim haqda iddiaçı qismində çıxış edən İradə Mobil qızı Sadıqovanın nəinki Altıağac qəsəbəsində, ümumiyyətlə Xızı rayonunda heç bir qeydiyyatı olmadığı, vaxtilə hansısa kolxozda işləmədiyi, yaxud kəndlərdən birində həkim, müəllim və s. kimi də çalışmadığı halda ona hansı hüquqi əsasla Altıağac qəsəbəsində torpaq payı verilmişdir. İ.M.Sadıqovanın bu qəsəbədə yaşaması, işləməsi, eləcə də mülkiyyətində hər hansı bir ev, yaxud torpaq sahəsi olması haqda heç bir sənəd olmadığını Xızı rayonunun və qəsəbənin müvafiq qurumları da təsdiqləyir. Bu barədə əlimizdə kifayət qədər sənədlər vardır. Və həmin vətəndaş İ.M.Sadıqovanın qeydiyyatı 2014-cü ildə məhkəməyə etdiyi müraciətində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, 2016-cı ildə Ali Məhkəmənin Mülki Kollegiyasına müraciətində isə Abşeron rayonu, Xırdalan şəhərində göstərilmişdir. Bir sözlə, mövcud qanunlara və normativ hüquqi sənədlərə əsasən ilkin sənədi olmadan, Xızı rayonunda yaşamayan, işləməyən və daimi qeydiyyatı olmayan İ.M.Sadıqovaya verilmiş şəhadətnamə hüquqi sənəd sayıla bilməz. Əgər hüquqi sənəd olsa da belə, Respublika Torpaq Məcəlləsinin 73-cü maddəsinin 6.7 abzasına əsasən torpaqdan təyinatı üzrə istifadə etmədikdə və 2 il müddətində üzürsüz səbəbdən torpaq vergisi ödənmədikdə həmin vətəndaşın mülkiyyət hüququna xitam verilir.
Əgər gerçəkdən İ.M. Sadıqovaya 1998 -2001-ci illərdə Altıağacda torpaq sahəsi verilibdisə, bəs sual olunur ki, həmin vətəndaş ötən 13-16 ildə harada idi, niyə bu müddət ərzində torpağına yiyə durmayıb.
Cənab Prezident! Bütün bu xüsuslara rəğmən mənim şikayətlərimin heç birinə hüquqi əsaslı şəkildə və ədalətlə baxılmamış və 2015-ci ildə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, 2016-cı ildə isə Respublika Ali Məhkəməsinin Mülki Kollegiyası Xızı rayon Məhkəməsinin məlum əsassız qərarını qüvvədə saxlamışdır.
Cənab Prezident! Gördüyünüz kimi, bəzi məmurların vicdansızlıq, səhlənkarlıq və özbaşınalığı, məhkəmələrin ədaslətsizliyi sayəsində biz kəndlilər torpaqla, təsərrüfatla məşğul olmaq yerinə yersiz, mənasız yazı-pozu işləri ilə məşğul olmağa məcburuq. Belə çıxır ki, bu gün mən - traktorçu, kəndli baba Həsənov Aslan Güllü oğlu məmurların özbaşınalığı, məhkəmələrin haqsızlığı ucbatından haqqımı qorumaq üçün cinayət, torpaq, mülki və s. məcəllələri əzbərləyib təzədən hüquqşünas, vəkil olmalıyam?
Cənab Prezident! Sizdən, Azərbaycan Respublikasının hüququ tapdanan bir vətəndaşı olaraq nəql etdiyim olayın ədalətli şəkildə araşdırılması və haqqın bərpası üçün müvafiq qurumlara göstəriş verməyinizi xahiş edirəm.

Hörmətlə Həsənov Aslan Güllü oğlu”.

Moderator.az

Şərhlər

XƏBƏR LENTİ