SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağdam RİH və rayon prokurorluğu şikayətçi xanımı aldadıblar?

Ağdam RİH və rayon prokurorluğu şikayətçi xanımı aldadıblar?

Tarix:

14-02-2017, 11:56

/ 2 075 dəfə oxundu.
Ağdam RİH və rayon prokurorluğu şikayətçi xanımı aldadıblar?

Fəridə Vəliyeva: “Raqub Məmmədov məni aldadıb məhkəməyə verdirdi, Rəfail Zeynalov isə korrupsiya şikayətilə bağlı ərizəmi götürmədi”

Xəstəni görmədən arayış yazan psixiatr Lətafət Camalova kimin sifarişini icra edib?

2016-cı il dekabrın 26-da Ağdam RİH-in “dəli” adını qoyduğu tərbiyəçi: “Bəs 26 il necə işləmişəm?” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda bildirilirdi ki, Baharlı kənd uşaq bağçasının sabiq tərbiyəçisi Fəridə Vəliyevanın şikayəti RİH başçısının müavini Ağa Zeynalovdan şikayətçidir: “İşlədiyim müddətdə heç vaxt nə kollektivlə, nə uşaqlar və ya onların valideynləriylə, nə də başqa bir problemim olmayıb. Son illərdə Ağdam RİH-də bağçalara nəzarət edən Ağa Zeynalov biz tərbiyəçilərdən davamlı pul yığımına başlayıb və müxtəlif aylarda cürbəcür bəhanələrlə bizdən pul alıb. Üç-dörd aydan bir kurs adı ilə bizdən 500 manat alırdı. Bizim maaşımız isə 144 manat idi və bu pul elə Ağa Zeynalovun “yığım”larına gedirdi.

2015-ci ilin avqustunda Ağa Zeynalov mənə bildirdi ki, ixtisar olacaq, əgər işdə qalmaq istəyirsənsə 5 min manat gətirməlisən. Mən borc-xərclə bu pulu hazırladım və rayon mərkəzindən aralıda, artezian yaxınlığında ona 5 min manatı əlbəəl verdim. Ağa Zeynalov pulu almağa qara rəngli “Hundai Sonata” ilə gəlmişdi. Bir müddət sonra eşitdim ki, ixtisara düşmüşəm. Ağa Zeynalovun yanına gedib ondan pulumu geri istədim. O isə dedi ki, sənə bir qəpik də verməyəcəm.

Başçı Raqub Məmmədovun qəbuluna düşmək istəsəm də, heç cür buna imkan vermədilər”. Nəhayət, dekabr ayında növbəti dəfə pulumu tələb edib, yenə də evə kor-peşman qayıdarkən, “Niva”da olan iki şəxs yaxınlaşaraq, başıma torba keçirdilər. Məni Ağcabədi rayon ərazisinə aparıb, kanala atdılar. Həmin şəxslər mənə Ağcabədidən olduqlarını və Ağa Zeynalovun sifarişini pulla yerinə yetirdiklərini dedilər. Mən kanaldan necə xilas oldum, bir Allah bilir. Kanalın kənarındakı armaturlardan yapışıb birtəhər özümü kənara çıxara bildim. Ondan sonra köməyə çatan şəxslər məni xəstəxanaya apardılar, amma kimin etdiyini biləndə orda da məni qəbul etmək istəmədilər. Qolumda, qıçlarımda sınıq var idi. Nə Ağdam Rayon Xəstəxanası, nə də Ağdam RPŞ yaxın düşmədi.

Özüm sınıqçıya getdim və evdə müalicə aldım. Hara müraciət etsəm də, heç bir nəticə hasil olmur. Ağa Zeynalov mənim guya qohumlarımın adından saxta imtina ərizələri hazırlayıb, haqqımda xoşagəlməz şayiələr yayır”, – deyə Fəridə Vəliyeva bildirib.

Ağdam RİH başçısının müavini Ağa Zeynalov isə demişdi: “O xanım müxtəlif qurumlara, prokurorluğa da müraciət edib. Atası da, yaxın qohumları da ondan imtina ediblər. Fəridə Vəliyeva böhtan atır. Mən onu tanımadığım halda, necə pul ala bilərəm? Atası, 1940-cı il təvəllüdlü Məhərrəm Mahmud oğlu Vəliyev ərizə yazaraq, ondan imtina edib və Fəridə Vəliyevanın mənə böhtan atdığını təsdiq edib. Fəridə Vəliyeva iki ay işə getmədiyinə görə, bağça rəhbərliyi tərəfindən işdən azad edilib”. “Bəs o xanımın sizlə nə qərəzi ola bilər?”, – deyə soruşduq. “Onun başı çatmır. Psixi xəstədir”, – deyə A.Zeynalov cavab verdi.

Fəridə Vəliyeva doğrudanmı ruhi xəstədir? Biz bu sualı Ağdam psixi dispanserinin baş həkimi Tofiq Qədimova vedik. “Mən sizin sualınıza dəqiq cavab verə bilmərəm. Amma deyə bilərəm ki, Fəridə Vəliyeva bizim dispanserdə qeydiyyatda olsaydı, bundan dəqiq xəbərim olardı”, – deyə T.Qədimov cavab verdi.

Fevralın 10-da yenidən əlaqə saxlayan F.Vəliyeva bildirdi ki, yanvarın 15-də Prezident Administrasiyasının tapşırığı əsasında, RİH başçısı Raqub Məmmədov onu qəbul edib: “Raqub Məmmədov məni dinlədi, halıma yanırmış kimi, hüquqşünas Tahir müəllimi çağırdı və dedi ki, bu xanımın adından sənədləri hazırla, onu işə bərpa eləmək lazımdır, qoy məhkəmədə baxılsın. Amma sonra xəbər tutdum ki, Ağa Zeynalov məni məhkəməyə verib, 2 min manat da təzminat tələb edir. Məhkəmədə onun iddiası rədd olundu, hakim Seyfəli Seyfullayev dedi ki, sən narahat olma, qərar sənin xeyrinə olacaq. Fevralın 8-də isə Ağdam rayon prokuroru Rəfail Zeynalovun qəbulunda oldum, Ağa Zeynalovun törətdiklərini, korrupsiya faktlarını, məndən 5 min manat rüşvət alınmasını danışdım. Qollarımdakı xəsarət izlərini də göstərdim. Ərizə yazmaq istədikdə isə köməkçi bildirdi ki, hələ ehtiyac yoxdur”.

O, həmçinin qeyd etdi ki, Ağdam Ruhi-Əsəb Dispanserinin psixiatrı Lətafət Zeynalova onu görmədən, psixi durumu haqqında mənfi xarakterli arayış imzalayıb. Biz Ağa Zeynalovla əlaqə saxladıq, o isə bildirdi ki, məhkəmədə qazanan tərəf məhz özü olub: “Ondan alınan təzminatı Sosial Müdafiə Fonduna köçürəcəyəm”. “O qadın nə vaxtdır işsizdir. İki min manatı hardan tapsın?”, – deyə soruşduq. “Onun öz işidir, məni maraqlandırmır. Haqqımda şər-şəbədə danışmayaydı”, – deyə A.Zeynalov bildirdi.

Ağdam Rayon Məhkəməsində də bildirdilər ki, həqiqətən də məhkəmədə qazanan tərəf məhz Ağa Zeynalov olub: “İddia qismən təmin olunub. Fəridə Vəliyeva mətbuata səsləndirdiyi fikirləri təkzib etməli və üzr istəməlidir, eyni zamanda 20 manat cərimə olunub”.

Ağdam rayon prokurorunun köməkçisi Babək Paşayevdən soruşduq ki, F.Vəliyevanın ərizəsi niyə qəbul olunmayıb. “O xanım bildirdi ki, mən 2 ilə yaxındır maaş ala bilmirəm, işdən çıxarılmışam… Biz də bildirdik ki, bu, məhkəmə mübahisəsidir. Əgər korrupsiya əməlləri barədə şikayəti olsaydı, onun ərizəsi qəbul olunardı”, – deyə B.Paşayev bildirdi.

Xatırladaq ki, bu yaxınlarda əri tərəfindən yandırıldığını, lakin hüquq mühafizə orqanlarının işi qərəzli araşdırdığını iddia edən Kima Vəliyevanın şikayəti üzrə Ağdam rayon prokuroru Rəfail Zeynalovla əlaqə saxlamışdıq. “Onlar mübahisə ediblər, gör nə deyirəm… O qadın kitabları söndürmək istərkən ayağı yanıb. Elə də ciddi yanıq yoxdur orda. Qızı da orda olub. Mübahisə olub, sonra kişi kitabları yandırıb, o da söndürməyə çalışanda qadın yanıb. Qızı da bu hadisənin şahidi olub.”, – deyə R.Zeynalov bildirdi.

Şərhlər

XƏBƏR LENTİ