yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Xaçmaza kanali(Zay)siya və içməli su neçə çəkilir?

Xaçmaza kanali(Zay)siya və içməli su neçə çəkilir?
10-11-2017, 11:48 87 460 dəfə baxılıb

Rayon mərkəzinin bir çox küçə və məhəllələri bərbad vəziyyətə düşüb

Xaçmaz respublikanın gözəl rayonlarındandır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar sərəncamlarından sonra son illər şəhərdə görülən tikinti-abadlıq işləri və salınan yeni parklar ürək açır. Heç kim inkar edə bilməz ki, əvvəlki rayon mərkəzindən əsər-əlamət qalıb. Təxminən iki il bundan öncə Xaçmaz şəhərinə kanalizasiya və içməli su çəkilişinə start veriləndən bu gözəlliyə və səliqə-səhmana ciddi zərbə vurulub. Əlbəttə, layihə çox əhəmiyyətli və vacibdir. Bunu hər kəs anlayır. Amma onun icrasını həyata keçirənlər məsuliyyətlərini dərk etmirlər. Kanalizasiya və su çəkilişlərində bir xaos hiss olunur. Bəzi küçələr bir neçə dəfə qazılır. Məsələn, şəhərin mərkəzi N. Nərimanov küçəsi qazılır, asfaltlanır və yenidən qazılır. Baş açmaq olmur, bu necə layihə həyata keçirməkdir? Əmək müqaviləsi olmadan küçələrdən işçilər yığılır, on-on beş gün çalışdırıldıqdan sonra qovulurlar. Bəzi küçələrə su və kanalizasiya xətləri düzgün çəkilməyib. Hətta elə yerlər olub ki, yoxlamalar zamanı sızma da müşahidə olunub. Bu nədir? Böyük bir şəhərin taleyi ilə oyuncaqmı oynanılır? Bəs əhali? Onlar palçıqlı yollardan və məhəllələrdən nə vaxt xilas olacaqlar? Sürücülər lap təngə gəliblər. Nə qədər avtomobil təmir etdirmək olar? Dəqiq bir tarix də deyilmir ki, bütün bu işlər haçan yekunlaşacaq. Deyəndə ki, 2030-cu ilə qədər gözləməliyik, inanmırdıq. Amma deyəsən, layihənin tam icrasını görmək doğum şöbələrində dünyaya gələn uşaqlara qismət olacaq. Bəlkə də səhv edirəm. Məncə bu müddət perspektivli inkişaf üçündür. Lakin belə getsə rayon mərkəzində də işlər elə həmin müddəti əhatə edəcək.

Haşiyə: “Azərsu”nun saytından
Xaçmaz şəhərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi davam etdirilir
Tarix: 2015-12-17
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasını davam etdirir. Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (YBƏA) birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Xaçmaz şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin ikinci mərhələsi üzrə işlərə başlanılmışdır.
Qeyd edək ki, “Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2030-cu ilədək perspektiv inkişaf nəzərə alınmaqla Xaçmaz şəhərində 47 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır. Layihə çərçivəsində rayonun Qobuqırağı, Armudpadar, Qaraçı, Qaraqurdlu, Köhnə Xaçmaz kəndlərində 10 min nəfərin içməli su təchizatı yaxşılaşdırılmaqla ümumilikdə layihədən 58 min nəfər faydalanacaqdır.
İcrasına 2012-ci ilin aprel ayında başlanılmış layihənin birinci mərhələsində Xaçmaz şəhərinin əsas su mənbəyi sayılan Uçqun bulağı bərpa olunmuş və məhsuldarlığı saniyədə 230 litrə çatdırılmışdır. Su mənbəyindən anbarlaradək 400 mm diametrli borularla 2 km uzunluğunda magistral su xətti çəkilmişdir. Şəhərin dayanıqlı su təchizatını təmin etmək üçün ümumi tutumu 10000 kubmetr olan 4 ədəd (2 ədəd 3000 kubmetrlik, 2 ədəd 2000 kubmetrlik) su anbarı, 1,6 km uzunluğunda anbarlararası su xətti inşa edilmişdir. Anbar kompleksində yeni xlorator binasının tikintisi üzrə işlər yekunlaşmaq üzrədir.
Layihənin ikinci mərhələsi çərçivəsində Xaçmaz şəhərində mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulmasına başlanılmışdır. Xaçmaz şəhərində inşası nəzərdə tutulan 142,6 km uzunluğunda su şəbəkəsi yaradılacaq, 12 minədək abonent şəbəkəyə qoşulacaq və smart-sayğaclarla təmin olunacaq.
Tullantı sularının idarə edilməsi məqsədilə inşası nəzərdə tutulan 148 km uzunluğunda kanalizasiya şəbəkəsinin 12 km-lik hissəsi tikilmiş, 1,2 km uzunluğunda, 1400 mm diametrli kanalizasiya kollektorunun inşası isə yekunlaşmaq üzrədir.
Şəhərdə yaranacaq tullantı suları Xaçmaz rayonu ərazisində inşa ediləcək məhsuldarlığı sutkada 70 min kubmetr olan çirkab sutəmizləyici qurğuda emal olunacaq. Xaçmaz şəhəri ilə yanaşı, Quba və Qusar şəhərlərinin də tullantı suları bu qurğuda təmizlənib zərərsizləşdiriləcəkdir.
Hələ onu demirəm ki, şəhərin bəzi əraziləri layihədən kənarda qalıb. Görəsən, onların vəziyyəti necə olacaq? Camaat köhnə xətlərdənmi istifadə edəcək? M. Araz və ona yaxın bir neçə küçənin sakinləri aylarla layihə rəhbərlərinə və “Azərsu”ya müraciət etdikdən sonra nəhayət həmin küçələrə içməli su çəkilir. Amma kanalizasiya problemi yenə də qalır. Şəhərdə bir neçə belə ərazi var. Mən hələ asfalt çəkilən və bir yağışa bənd olan küçələri demirəm. Artıq əhali zinhara gəlib. Standartlara cavab verməyən və tələm-tələsik çəkilən nazik asfalt örtükləri tam keyfiyyətsizdir.
Xaçmaza kanalizasiya və içməli su çəkilişinin hansı qurumlar tərəfindən həyata keçirilməsi ilə də maraqlandıq. Məlum oldu ki, layihə rəhbəri “Azərsutikinti-təchizat” ASC-nin nümayəndəsi Təbriz Rəhimovdur. İş icraçısı isə “Alke inşaat” tikinti şirkətidir. Deməli, həyata keçirilən bütün işlərə bu iki qurum cavabdehdir. Lakin heç cavabdeh olana oxşamırlar. Kanalizasiya və içməli su xətlərini planauyğun şəkildə də görmək olardı. Mütəxəsislərin dediklərinə görə, şəhər xüsusi ərazilərə bölünməli, bir hissədə bütün işlər tam yekunlaşdıqdan sonra digərlərinə keçmək lazım idi.
Tarixçilərin söylədiklərinə görə, Xaçmaz şəhərinin yerləşdiyi ərazi qədimdə bataqlıq olub. Deyəsən, indi şəhərə kanalizasiya və içməli su xətti çəkənlər rayon mərkəzini qədim dövrlərə qaytarmaq istəyirlər. Mən üzümü “Azərsu” ASC-nin başçısı cənab Qorxmaz Hüseynova tuturam: Bizi bataqlıq və çirkabdan, palçıqdan xilas edin. Tabeliyinizdəkilərə tapşırın ki, insanların əsəbləri və heysiyyatı ilə bu qədər oynamaq olmaz. Yadımdan çıxmamış bir dövlət qurumunun rəhbərinə də müraciət etməyi özümə borc bilirəm. Bu da Azərbaycan Respublikası Hesablama Palatasının sədri cənab Vüqar Gülməmmədovdur. Xaçmaz şəhərinə kanalizasiya və içməli su xətti çəkilməyə başlayandan indiyədək xərclənən bütün vəsaitlərin təftişinə də ehtiyac var. Təkcə bunu da demirəm. Əmək müqaviləsiz və günəmuzd işləyən fəhlələrləsə dövlət əmək müfəttişliyi maraqlanmalıdır. Bir sözlə, aidiyyatı bütün dövlət qurumları layihənin icrasını ciddi nəzarətə götürərək əhalinin əzab və çətinliklərinə son qoymalıdırlar.

Qarşı tərəflərin mövqeyini olduğu kimi dərc etməyə hazırıq.

“Şimal xəbərləri”


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: neche, ichmeli, kanaliZaysiya, chekilir, su, ve, Xachmaza
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-09-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ