SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Gəncəlilər Məharət Mustafayevin qanunsuz əməllərinə son veriləcəyi və... - ONUN CƏZALANDIRILACAĞI GÜNÜ GÖZLƏYİR

Gəncəlilər Məharət Mustafayevin qanunsuz əməllərinə son veriləcəyi və... - ONUN CƏZALANDIRILACAĞI GÜNÜ GÖZLƏYİR

Tarix:

6-11-2017, 16:24

/ 63 796 dəfə oxundu.
Gəncəlilər Məharət Mustafayevin qanunsuz əməllərinə son veriləcəyi və... - ONUN CƏZALANDIRILACAĞI GÜNÜ GÖZLƏYİR

Cəmiyyətin yaxşı idarə olunması və ölkə rəhbərinin verdiyi tapşırıqların vaxtında, uğurla yerinə yetirilməsi peşəkar kadrlardan asılıdır. Düzgün, peşəkar, əzmkar və güclü kadr seçimi uğurlu gələcək deməkdir. Bu şüar bütün dövrlərə şamil edilən bir deyimdir. Əgər rəhbər strukturlarda, dövlət qulluğunda çalışan kadrlar yerindədirsə, o zaman cəmiyyət irəli gedəcək və hər hansı problemə yer qalmayacaq.
Danılmaz faktdır ki, güclü dövlətin güclü kadrları olmalıdır və elə kadrlar ki, həm yorulmadan işləməyi, həm də səriştəli rəhbərlik etməyi bacarsınlar. Onlar sürətlə dəyişən gerçəkliklərlə ayaqlaşmalı, keçmişin təcrübəsini unutmamaqla, daim irəliyə baxmalı, baş verəcək hadisələri proqnozlaşdırmalıdırlar. Deməli, dövlətdə yüksək intellektual səviyyəli peşəkar qulluqçuların olması ölkənin təhlükəsizliyi üçün güclü ordunun olmasından heç də az əhəmiyyətli deyil. Əslində, intellektual və peşəkar kadr elitası olmadan yaxşı ordu da qurmaq mümkün deyil.
Ümumiyyətlə, kadr siyasəti hər bir insanın Konstitusiya hüquqlarından istifadə etməsinə – cinsindən, yaşından, milliyyətindən, sosial vəziyyətindən, dini etiqadından asılı olmayaraq, onun səriştəsinə müvafiq surətdə öz imkan və qabiliyyətini tam açıb göstərməsinə xidmət etməlidir.
Ölkə başçısı da dəfələrlə qeyd edib ki, Azərbaycanın gələcəyini peşəkar və səriştəli kadrlar yaradacaq. Çünki həyat bunu tələb edir. İndi dövlət idarəetməsində insan potensialının üstünlüyünə, dövlət qulluqçusunun işgüzarlıq, mənəvi və intellektual keyfiyyətlərinə daha çox əhəmiyyət verilir. Bu, bir həqiqətdir ki, yalnız peşəkarlığı yüksək olan kadrlar sayəsində dövlət qurumlarının səmərəli fəaliyyətini təmin etmək olar.
Lakin heç də hər zaman kadr seçimi uğurlu olmur və günümüzdə tez-tez yerində olmayan qeyri-peşəkar kadrlarla rastlaşırıq və yaxud da onların fəaliyyəti haqqında məlumatlar dolaşır. Belə kadrlar cəmiyyətdə səmərəli idarəetməni yerinə yetirmək əvəzinə xalqı hökumətdən narazı salacaq istiqamətdə fəaliyyət göstərirlər. Belə kadrlardan biri də Gəncə şəhəri Nizami rayon icra başçısı Məharət Mustafayevdir.
Bu şəxs Gəncə şəhər Nizami rayon icra başçısı vəzifəsinə təyin olunmamışdan öncə də işlədiyi rəhbər vəzifələrdə işinin öhdəsindən gələ bilməyib və onun fəaliyyəti cəmiyyət tərəfindən mənfi qarşılanıb. Onun işlədiyi rayonlarda xalq M.Mustafayevin qanunsuz əməllərindən əməlli-başlıca təngə gəlib. Bunun üçün elə son bir neçə ildə onun qanunsuz fəaliyyəti ilə bağlı mediada gedən yazılara diqqət yetirmək kifayət edər. Gəncədə “torpaq dəllalı” kimi tanınan bu şəxsin hansı yolla Gəncə kimi ölkənin ikinci şəhərindəki rayonların birinə necə rəhbər təyin olunması və bu yarıtmaz fəaliyyətini davam etdirməsi insanlarda çoxlu suallar doğurur. Onun səlahiyyəti və qanunvericiliyə hayqırı formada fəlaiyyət göstərməsi yekunda xalqın haqlı narazılığına yol açır. Çünki o, Nizami rayonuna rəhbər təyin edildikdən sonra şəhərdə qanunsuz torpaq satışı və söküntü işləri də həmin şəxsə həvalı olundu. Ümumiyyətlə, M.Mustafayevin qanunsuz hərəkətləri sadalamaqla bitən deyil.
Yuxarıda sadaladığımız fikirləri isə faktlarla sübuta yetirək. Bir müddət öncə mətbuatda gedən məlumata görə, Məharət Mustafayev hələ RİH başçısı vəzifəsində çalışarkən Göygöl rayon bələdiyyəsinin sədri ilə dalaşıb. Münaqişə zəminində bələdiyyə sədrinə bədən xəsarətləri yetirmiş Məharət Mustafayev barəsində polis şöbəsinə və prokurorluğa şikayət olunub. Daha sonra məsələ böyüyüb, olayla bağlı baş prokuror Zakir Qaralova məlumat verilib. Hadisə daha yuxarı instansiyalara məruzə olunduqdan dərhal sonra M.Mustafayev Göygöl RİH başçısı vəzifəsindən azad olunub.
Belə bir şəxs RİH başçısı vəzifəsindən azad edildikdən bir müddət sonra Gəncə şəhər Memarlıq və şəhərsalma idarəsinin rəisi təyin edilir. Qalmaqallı hərəkətləri ilə ad çıxaran Mustafayevin birdən-birə belə vəzifəyə gətirilməsi təəccübə səbəb olur. Baxmayaraq ki, M.Mustafayev bu vəzifəyə təyin olunanadək qeyri-rəsmi formada şəhərin baş memarı vəzifəsini icra edib. Xalqın təəccübünə səbəb isə onun barəsində Respublika Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə cinayət işi açılmasından sonra və vəzifəsindən qovulan məmurun yenidən önəmli sahəyə rəhbər təyin olunması idi. M.Mustafayev kimi yerində olmayan bir kadrın istər Gəncə şəhər Memarlıq və şəhərsalma idarəsinə rəis, istərsə də Nizami RİH başçısı təyinatı ölkə mediasının diqqətindən yayınmadı. Bu təyinat onun fəaliyyətinə yaxından bələd olanlar tərəfindən heç də müsbət qarşılanmadı. Və bir zamanlar ölkə başçısının qəzəbinə tuş gələn şəxsin yenidən belə bir mötəbər vəzifəyə təyin olunması və belə bir şəxsə etimad göstərilməsi Gəncəbasar əhalisi tərəfindən heç də xoş qarşılanmadı. Buna da səbəb Məharət Mustafayevin rəhbər işlədiyi yerlərdəki “məharətli” fəaliyyəti ilə bağlı idi. Çünki xalq onun kim olduğunu hamıdan yaxşı bilirdi. Bu şəxs indi də qanunsuz fəaliyyətlə məşğuldur. Gəncə sakinləri M.Mustafayevin qanunsuz fəaliyyətindən mütəmadi olaraq yuxarı instansiyalara və aidiyyati orqanlara şikayət xarakterli müraciət etsələr də hələlik bunun nəticəsi yoxdur. Məhz elə bu səbəbdən də Gəncə sakinləri Məharət Mustafayevin qanunsuz hərəkətlərinə son veriləcəyi və onun əməllərinə görə cəzalandırılacağı günü səbirsizliklə gözləyir.

gununsesi.info

Şərhlər

XƏBƏR LENTİ