SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "Mənə çatası torpağı başqasına satıblar" - ŞİKAYƏT

"Mənə çatası torpağı başqasına satıblar" - ŞİKAYƏT

Tarix:

5-10-2017, 09:59

/ 39 348 dəfə oxundu.
"Mənə çatası torpağı başqasına satıblar" - ŞİKAYƏT

"Kənddə hərəni bir bəhanəylə torpaqsız qoyurlar. Kimisinə torpaq vermirlər, kimisinin də olan torpağını əlindən alırlar. Halbuki, torpaqsız kəndli ölü kimi şeydir. Bizi yaşadan, ayaqda saxlayan əkindir, heyvandarlıqdır". Bunu Göyçayın Cəyirli kənd sakini, 1-ci qrup əlil Gülağa Quliyev deyir.

Əlilin iddiasına görə, yerli icra hakimiyyəti ilə yerli bələdiyyələr əlbir olaraq kəndlilərə məxsus torpaq sahələrini satırlar: "Torpaqlar saxta yollarla satılır. Kənd adamları çıxılmaz durumda qalıb. Kəndlilər kənd təsərrüfatı ilə məşğul ola bilmirlər. Səsimizi eşidən yoxdur. Bu gün torpağın, əkinin, dolanışığın var, səhər eşidirsən ki, torpaq başqasındadır. Bu alverdən kəndli itirir, rayon məmurları qazanır".

Əlil deyir, Cəyirlidə doğulub, orada yaşayır. 1998-ci ildə aparılan aqrar islahatlar vaxtı ona pay torpağı verilməyib: "Mən bu barədə yerli məmurlara və bələdiyyəyə müraciət edəndə, deyirlər, həmin illərdə kənddə olmamısan. Halbuki, mən həmin illərdə Gəncə Kənd Təsərrüfatı Texnikumunda təhsil alırdım. Tələbəlik həyatıyla əlaqədar müvəqqəti Gəncədə yaşasam da, yaşayış qeydiyyatım kənddəki evimizə olub və mütəmadi ailəmin yanına gəlib getmişəm, qalmışam. Məgər təhsil almağa ölkədaxili başqa şəhərə gedən kəndliyə torpaq verilmir? Bu, tam əsassız bəhanədir".

Əlilin deməsinə görə, aqrar islahatlardan kənarda qalması onun və dörd nəfərlik ailəsinin işsiz, səfalət içərisində yaşamasına səbəb olub: "Hamı taxıl əkir, məhsul götürür, satır, qışı dolanır. Mənim ailəm acından köpük qusur. Araşdırmışam, mənə çatası torpaq başqasına satılıb. Özlərinə də bildirmişəm, deyirlər, xoşun gəlmir, köç get kənddən, harda torpaq versələr, orda həyatını yaşa... Kəndi əməlli-başlı özəlləşdiriblər. Sahibsiz qalmışıq".

Kəndli iddia edir ki, kənd bələdiyyəsi hektarlarla torpaq sahəsini yaxınlarının adına sənədləşdirərək satıb.

Qarşı tərəfi də dinləməyə hazırıq.

DİA,AZ

Şərhlər

XƏBƏR LENTİ