SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Göygölün icra başçısı ancaq kasıb-kusubu hədəfə alır... - ŞİKAYƏT

Göygölün icra başçısı ancaq kasıb-kusubu hədəfə alır... - ŞİKAYƏT

Tarix:

30-09-2017, 11:36

/ 84 306 dəfə oxundu.
Göygölün icra başçısı ancaq kasıb-kusubu hədəfə alır... - ŞİKAYƏT

"Uşağa ad günü keçirirdik. Qonaqlar da yığışmışdı. Məhkəmə icraçıları tökülüşdü, evə gələn işıq və qaz xətlərini kəsdilər. Hələ evi sökmək istəyirdilər, ara qarışdı, qonaqlar qarşılarını kəsdi". Bu xoşagəlməz macəra Göygölün Xanlar qəsəbəsinin sakini Akif İskəndərovun başına gəlib.

Sentyabrın 18-də İskəndərovlar ailənin kiçik üzvünün doğum gününü qeyd edirmiş. Məclisin şirin vaxtı qapıya tökülüşən polis, icra məmurları və yerli icra hakimiyyətinin işçiləri əvvəlcə evin işıq və qaz xətlərini kəsərək qonaqları qaranlıqda qoyublar. Daha sonra evi sökməyə cəhd ediblər: "Keçən dəfə mətbuata müraciət etdim, yazdılar, sağ olsunlar, qapıdan əl çəkdilər. İndi yenə fəallaşıblar. Özləri ilə ekskavator gətirmişdilər. Bizi zorla çölə atmaq istəyirdilər".

İskəndərovlar köçkün ailəsidir. Ailənin başçısı deyir, sığınacağa görə uzun illər məmur qapıları döyüb. Sonra özü ev tikmək qərarına gəlib. Xanlar qəsəbəsində yerli bələdiyyədən torpaq sahəsi alaraq icra hakimiyyətinin və bələdiyyənin gözü önündə xudmani bir ev tikib. Nə icra hakimiyyəti, nə də bələdiyyə onu sorğulamayıb.

Amma sonradan ona məlum olub ki, sən demə, torpağı ona satan yazılmamış qaydaları pozaraq icra hakimiyyətinə "hörmət etməyib". Bu səbəbdən də evi tikəndən sonra qapıya icra hakimiyyətinin nümayəndələri axışmağa başlayıb: "İcra hakimiyyəti evi sökə bilməyəcəyini görəndə məni məhkəməyə verdi. Məhkəmə də mənə icra hakimiyyətinin "sök" əmrini yerinə yetirmədiyim üçün 500 manat cərimə kəsib. Halbuki, qərardan əvvəl hakimlə dərdləşdim, illərdir küçələrdə azyaşlı övladlarımla nə zülmlər çəkmişəm, hamısını danışdım, o da məni anladı. Gəl ki, gedib əleyhimə qərar çıxartdı. Deməli, köçkün qalıb ortada, dövlət ona sahib çıxmır, gedir başına çarə qılır, dövlət papağını göyə atmaqdansa, gəlib onu cərimələyir. Ətrafımda bu qədər evlər tikilib, niyə heç biri sökülmür? Hanı bərabərlilik hüququmuz? Niyə qonşuya olar, mənə yox?.. Həqiqət ortadadır, çünki qonşu məmurların cibinə pul qoyub, mən yox... Səhv deyirəmsə, icra hakimiyyəti daha tutarlı səbəblə əsaslandırsın, mən də üzr istəyim".

Akif İskəndərov evini sökməyə hazırdır. Ancaq bir şərti var – əvvəlcə ondan əvvəl və sonra tikilmiş sənədsiz evlər sökülsün. Bərabərlik təmin olunduqdan sonra o da öz evini sökəcək.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ