SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Gədəbəydə hərbiçilər heyvan oğurluğunda ittiham olunurlar - VİDEO

Gədəbəydə hərbiçilər heyvan oğurluğunda ittiham olunurlar - VİDEO

Tarix:

29-09-2017, 11:45

/ 90 231 dəfə oxundu.
Gədəbəydə hərbiçilər heyvan oğurluğunda ittiham olunurlar - VİDEO

“Dövlətə xəyanətdə ittiham olunan hərbçilərlə bağlı istintaq tədbirləri aparılır”. Bunu dünən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib. O, bildirib ki, “istintaq məxfidir, çünki burda istintaq sirləri var. Bu da təbiidir. Ona görə ki, hər bir dövlətdə digər dövlətlərin yırtıcı casus şəbəkəsi işləyir. Azərbaycanda da hüquq-mühafizə orqanları buna qarşı mübarizə aparırlar”.
Qeyd edək ki, bu il mayın 7-də Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayıblar. Bəyanatda bildirilir ki, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçu və digər mülki şəxslər, Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq, düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək, müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər. Toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə 2017-ci il 3 may tarixdə Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanaraq, Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılır. Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində düşmənin kəşfiyyat və xüsusi xidmət orqanlarının Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdıqları təxribat və terror fəaliyyətinin qarşısı alınıb, məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri də seçilib.
Onu da vurğulayaq ki, Vətənə xəyanət təkcə müxtəlif yollarla qazanc əldə etməkdən, dövlət və hərbi sirrlərin düşmən tərəfə satılmasından ibarət deyil. Xalqımızın övladlarına məxsus var-dövləti oğurlamaqla ermənilərə dəyər-dəyməzinə satan, aclıq çəkən düşmən hərbçilərinin ömrünü uzadan naxələflər də az deyildir. Hələ bir müddət bundan əvvəl, baş verənlərlə bağlı redaksiyaya Gədəbəy rayon sakini, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Namiq Astanov tərəfindən sensasiya doğurabiləcək məlumat çatdırılmışdı. O, çatdırdığı məlumatda bildirirdi ki, “rəhbərlik etdiyim təsərrüfatda saxladığımız, əsasən də iribuynuzlu heyvanlardan ibarət olan mal-qara sürüsünü qış fəslində Ceyrançöldə, yayda isə Qocadağın ətəyində saxlayırıq. Bu ilin 09 iyulunda təsərrüfatımda çalışan çobanlar 6 baş iribuynuzlu heyvanın itdiyini bildirdilər. Bu barədə yerli polis əməkdaşlarına dərhal məlumat versəm də, aparılan axtarışlar heç bir nəticə vermədi. 25 iyulda gündüz saat 11 radələrində isə, iki nəfər hərbiçinin təsərrüfatımda çalışan çobanların başına avtomat silahı dirəyərək daha 19 baş iribuynuzlu heyvanların aparılması xəbərini eşitdim. Baş verən belə bir olay haqda da, dərhal Gədəbəy rayon Polis Şöbəsinə məlumat verdim. Çox keçmədi ki, RPŞ-nin rəis müavini vəzifəsini daşıyan Bəhmən müəllim, mən və şöbənin Fariz adlı əməliyyatçısı hadisə yerinə olduq. Atılan addımlarla bağlı briqada komandirinə məlumat verildikdə “bu dəqiqə mən həmin istiqamətdə gedən dərənin qarşısının alınması üçün əmr edərəm” deyə cavab verdi”. (Sonra məlum olur ki, hansısa səbəbdən briqada komandiri addımını atmayıb)
Namiq Astanov onu da bildirir ki, “biz on nəfərlə birlikdə heyvanların izi ilə getdik və 19 baş iribuynuzlu heyvanların hamısını, bizim keşik postumuzla erməni postunun orta hissəsində, yəni neytral zonada gördük. Mən bizimlə gedən əsgərlərə və Emin adlı postun komandirinə təkidlə bildirdim ki, əsgərlər gedib neytral zonadan heyvanları gətirsinlər. Bu yöndə nə qədər təkid etsəm də, nədənsə hərbiçilərimiz buna razı olmadılar. Həmin vaxt hərbiçilər bildirdilər ki, “biz heyvanlar gedən istiqamətdə güllə atacağıq, ola bilsin ki, heyvanlardan bir neçəsi öldü”. Səbəbini soruşduqda onlar belə bir cavab verdilər ki, “rəhbərlik bizdən güllə atmağımızın səbəbini soruşduqda deyəcəyik ki, heyvanları ermənilər aparırdılar, biz qoymadıq”. Əsgərlər heyvanları gətirməyə getməkdən imtina etdikdə, çobanlardan biri məcburiyyət qarşısında qaldığımızndan, onun özü atla heyvanları gətirməyə getdi. Həmin an hərbiçilər heyvanlar olan istiqamətə səkkiz dəfə dalbadal güllə atdıqda, ermənilər də, cavab olaraq iki dəfə güllə atdılar. Çoban heyvanları gətirməyə gedənə qədər, ərazini sıx duman örtdü. Elə ki, çoban heyvanların olduğu yerə çatır, o halda görür ki, əsgərlər 11 baş heyvanı aradan çıxarıblar və o, yalnız yerdə qalan 8 baş heyvanı gətirə bilir. (Sadalananı təsdiq edəcək video və fotolar da var) Həmin vaxt bizim yanımızda olan Emin adlı şəxs, hansı ki, o, post komandiri vəzifəsini daşıyır, bizə bildirdi ki, “heç də narahat olmayın, bu dəqiqə gedib 11 baş heyvanı özüm gətirəcəyəm, yaxşı olar ki, siz gedin”. Post komandiri bizi arxayın etdi və az sonra heyvanlar olan istiqamətə getdi. Elə ki, o, bir müddətdən sonra geri qayıtdı, o halda onun əlində Ermənistanın istehsalı olan siqaret olduğunu gördük. Emin bizimlə üz-üzə dayanıb məyus görkəm alaraq “heyvanları axtarmağın heç bir faydası yoxdur, artıq heyvanlar düşmən əlinə keçib” dedi. Bu şəxs özünə haqq qazandırmaqdan ötəri “bəlkə də mən olmasaydım ermənilər heyvanların hamısını aparacaqdılar” dedikdə, biz onun danışdıqlarına inanmadıq. Əvvəllər də heyvanlarımızın oğurlanması hadisələri baş vermişdi, həmin vaxtlarda biz öz hərbçilərimizdən müəyyən qədər şübhələnirdik. Məsələn, bu ilin iyun ayında rayonun Çalburun kənd icra nümayəndəsi olan İlqar müəllimə məxsus 17 baş iribuynuzlu mal-qara yoxa çıxdı. Yoxa çıxmış heyvanları Azərbaycan ərazisində mülki şəxslər oğurlayıb biri-digərinə satsaydı, o halda heyvanları tapmaq heç də çətin olmazdı. Əgər doğrudan da Emin adlı post komandirinin dediyi kimi, ermənilər sərhəddi sərbəst keçərək biz tərəfdən malqaranı asanlıqla apara bilirlərsə, bəs onda sərhəddə keşiyimizi çəkən hərbçilərimiz hara baxırlar? Yox, əgər bizim hərbiçilər sakinlərin malqarasını oğurlayıb düşmən tərəfə satırlarsa, bu daha pis haldır. Baş verənlərə diqqət yetirərək, indi biz belə bir qənaətə gəlmişik ki, yaşananlarla bağlı müraciət edəcəyimiz müvafiq dövlət qurumları, o cümlədən Baş Prokurorluq, Daxili İşlər və Müdafiə Nazirlikləri, Dövlət Təhlükəsizlik Xidməti İdarəsi bütün bunlarla bağlı lazımi araşdırmalar aparıb, vəzifə səlahiyyətindən hansısa maraqlar çərçivəsində istifadə edən, yerli sakinlərə bir növ qənim kəsilən, hətta Vətənini, xalqını erməni siqaretinin tüstüsünə “qurban verən” xainlərin cəzalandırılmasına nail olacaqlar. O halda yəqin ki, əsl həqiqətlər aşkar olunacaq və bir çox qaranlıq mətləblərə də aydınlıq gətiriləcək.
Mövzunu diqqətdə saxlayacağıq.

“Gündəm Xəbər”


Şərhlər

XƏBƏR LENTİ