SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağdamda “Qaçqınkom” rəzaləti: Faktlar bitib tükənmir (VİDEO, FOTO)

Ağdamda “Qaçqınkom” rəzaləti: Faktlar bitib tükənmir (VİDEO, FOTO)

Tarix:

28-09-2017, 09:08

/ 60 045 dəfə oxundu.
Ağdamda “Qaçqınkom” rəzaləti: Faktlar bitib tükənmir (VİDEO, FOTO)

Prezident məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün daim dövlət dəstəyini verməkdədir. Ölkə başçısı göstərdiyi qayğı və diqqəti heç zaman əsirgəmir. Amma köçkünlər üçün nəzərdə tutulan və dövlət büdcəsindən ayrılan vəsait korrupsiya qurbanı olur. Başqa sözlə, prezidentlə qaçqın və məcburi köçkünlər arasında körpüləri yandıranlar var və şəxsi mənfəət üstün tutulur. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi tərəfindən ya susqunluq nümayiş etdirilir, ya da konkret faktlar gülünc şəkildə təkzib olunur. Bu yazımızda da cumhuriyyet.az olaraq belə bir halın üzərində dayanacağıq.

“Çörək pulu” üçün 1500 manat tələbi

Bir neçə gün öncə mediada Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin Ağdam Şəhər üzrə nümayəndəsi işləyən Məlahət İsmayılova ilə Bakı şəhəri, Cavadxan küçəsi 18, mənzil 54-də müvəqqəti qeydiyyatda olan Ağdam rayon sakini Məmmədova Aytəkin Məmməd qızının telefon söhbətinin audioyazısı yayılmışdı. Həmin telefon söhbətində Məlahət İsmayılova vətəndaşın məcburi köçkün kimi yardım pulunun kəsilməsi ilə bağlı probleminin həllindən danışır və bildirir ki, əgər Aytəkin Məmmədova 1500 manat çatdırsa ailə yenə “çörək pulu” alacaq. Əks təqdirdə dövlətin köməyindən məhrum olacaqlar. Aytəkin Məmmədova çox yalvarıb ki, cəmi 500 düzəldə bilər. Lakin məmur xanım qiymətin 1000-dən aşağı olmayacağını bildirib. Hadisənin tam aydınlığı üçün cumhuriyyet.az olaraq həmin audioyazını bir daha diqqətinizə çatdırırıq:


“Qaçqınkom”un üzürü günahından betər təkzibi

Gözləmək olardı ki, ortada olan konkret və təkzibolunmaz faktla bağlı “Qaçqınkom” sərt tədbirlər görəcək. Amma bunların əvəzinə mətbuata müəmmalı açıqlama verildi. Açıqlamada bildirilir: “Komitənin nümayəndəsi kimi adı çəkilən İsmayılova Məlahət Əsgər qızı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı deyil. Ağdam rayonundan olan məcburi köçkün Məmmədova Aytəkin Məmməd qızı 5 nəfər ailə üzvləri ilə birlikdə hazırda vahid aylıq müavinət alırlarlar və heç vaxt müavinət verilməsi dayandırılmayıb. Lakin Məmmədova Aytəkin Məmməd qızı vahid aylıq müavinət aldığı halda Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin aparıcı mütəxəssisi İsmayılova Məlahət Əsgər qızına müraciət etməyinə heç bir əsası olmadığı halda ona müraciət etmişdir. Əslində o Komitəyə müraciət etməli idi və düzgün cavabı da Komitədən almalı idi”. Maraqlıdır, məcburi köçkün A.Məmmədova 5 nəfər ailə üzvləri ilə birlikdə həqiqətən də hazırda vahid aylıq müavinət alırlarsa daha Komitəyə müraciət edib hansı cavab almağa ehtiyac var ki? Danışıqdan göründüyü kimi, ilkin qiyməti məhz Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Ağdam rayon şöbəsində müəyyənləşdiriblər və M.İsmayılova sadəcə rəqəmi aşağı salmaqda vasitəçilik edir. Elə isə kim cəzalandırıldı? Aldığımız məlumata görə, M.İsmayılova tutduğu vəzifədən kənarlaşdırılıb. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Ağdam rayon şöbəsində isə heç kəsə “gözün üstə qaşın var” deyən olmayıb.

Ağdam “Qaçqınkom”undan gələn səslər…

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Ağdam rayon şöbəsində baş verən qanunsuzluqlar və vətəndaş etirazı ilə bağlı bu ilk və yeganə fakt deyil. Biz cumhuriyyet.az olaraq son illərə aid bir neçə hadisəni yenidən yada salmaq istərdik. 2014-cü il fevralın 20-də Ağdamdan məcburi köçkün Nəcibə Cəfərova 3 ailə üzvü ilə ev əşyalarını Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin qarşısına tökərək etiraz edib. 2015-ci il iyulun 28-də Ağdam rayonundan məcburi köçkün düşmüş Sahib İsmayıl oğlu Nəsibov “Qaçqınkom”un Sabunçu rayon şöbəsinin qarşısında özünü yandıraraq intihara cəhd etmişdi. 2015-ci ilin avqustun 1-də Bərdə rayonunda Ağdam rayonundan olan məcburi köçkünlər Bərdə-Yevlax yolunda qaçqınlar üçün nəzərdə tutulmuş mənzillərin verilməməsi ilə bağlı etiraz aksiyası keçiriblər. Bu kimi etirazlar faktlarını uzatmaq da olar. Amma nə faydası. Bundan daha ciddi faktlara da “Qaçqınkom” susqunluq göstərib.

Sadə ağdamlıların evlərinə sahib çıxan “imkansız” məmurlar

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Ağdam rayon şöbəsi ilə bağlı qalmaqallı məqamlardan biri də ev bölgüsü ilə bağlıdır. Belə ki, Ağdamdan olan məcburi köçkünlər üçün inşa edilmiş mənzillərin bir hissəsi yerli məmurlara verilib, o məmurlara ki, hərəsinin bir neçə mənzili var. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı üzə çıxan faktları sizə təqdim edirik:
– Ağdam rayonunun sabiq prokuroru, hazırda Qaxda eyni adlı vəzifəni daşıyan İslam Qasımov. Bu şəxs Ağdamdakı yeni qəsəbədə evlə təmin olunub.
– Tərtər Məhkəməsinin sabiq hakimi, əslən ağdamlı olan şəxs də evlə təmin olunub.
– Ağdam Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Qara həkim də başqalarından geri qalmayıb. O da «Qaçqınkom» tərəfindən mənzillə təmin edilib.
– Ağdam rayon İcra Hakimiyyəti başçısının sabiq müavini, rayon Maliyyə Şöbəsinin sabiq rəisi Elşad Əhmədov. Bu şəxs də Qasımbəyli kəndindəki evlərdən birinə sahib çıxıb.
– Ağdam Mədəniyyət Şöbəsinin müdiri Şahin Qasımov. Əli Həsənov ona da mənzil peşkəş edib.
– Ağdamın təhsil şöbəsinin sabiq müdiri Elmira Şükürova. Bu şəxsin Bakıda bir neçə evi var. Bərdədə villası, Gəncədə isə topdağıtmaz əmlaka malikdir. Amma «ehtiyac» üzündən «Qaçqınkom»dan da «dar günü» üçün bir ev alıb.
– Arzu Rəhimova. Ağdam icra başçısının müavini olan xanım Rəhimovanın Bakıda, Bərdədə evləri olduğu halda, Qaçqınkom ona yeni tikilən qəsəbədə daha bir mənzil hədiyyə edib. Və bu da belə əsaslandırılıb ki, guya, qaçqınlıq həyatı yaşayan icra başçısının müavininin evə ehtiyacı var.
– Ağdamda yüksək vəzifədə çalışan Hafiz Əzizadə də komitədən mənzil alıb. Bu məmurun da Bakıda və Bərdədə bir neçə evi var və başqalarının işlətməsinə verdiyi obyektləri mövcuddur. Və bunun üzərindən «imkansız» məmura daha bir ev də verilib ki, sərvətinə sərvət qata bilsin.
– Bir başqa mənzil sahibi olmuş şəxs Ağdam Musiqi Kollecinin direktoru Laura Ağayevadır. Bakıda və Bərdədə evləri olan Laura xanımın Quzanlıdakı Təzə qəsəbədə də mənzil sahibi olması hamını təəccübləndirib. Çünki direktorun olmayan bir şeyi yoxdur.
– Ağdam Uşaq Xəstəxanasının həkimi Həqiqət Süleymanova da «ehtiyac içində» yaşayanlar kateqoriyasına şamil edilib. Baş həkim Bərdə və Bakıda mənzillərə sahibdir. İmkanları da xeyli çoxdur. Amma o da digər məmurlar kimi, Əli Həsənovun mənzili ilə təltif olunub və ona təzə qəsəbədə yeni ev verilib.

Ağdamda Qabil İbadov rüzgarı

Göründüyü kimi sözügedən telefon danışığı sıradan adi bir faktdır. Ağdam “Qaçqınkom”unda elə küləklər əsir ki… Bir tərəfdə zirzəmidə yaşayan yüzlərlə, bəlkə də minlərlə qaçqın ailəsi, bir tərəfdə isə qaçqınların pulu ilə harınlamış və dünyaya meydan oxuyan balaca bir məmurun oğlu. Bakıda zirzəmidə yaşayan qaçqının oğlu uzun illər boyu bir qurtum kola xəyalı ilə siçovullarla oynayıb vətəni qorumaq üçün cəbhə bölgəsində yağışdan islanıb, günəşdən çatlarkən, qaçqınlardan mənimsənilən vəsaitlərlə böyüyən məmur oğlu isə Bakıda kef içində əsgərliyini keçirir və üstəlik bahalı avtomobillərini sosial şəbəkələrdə paylaşaraq tanıyanlara göz dağı verir. Söhbət Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Ağdam rayon şöbəsinin müdiri Qabil İbadovun oğlundan gedir.
Ağdamda “Qaçqınkom” rəzaləti: Faktlar bitib tükənmir (VİDEO, FOTO)
Ağdamda “Qaçqınkom” rəzaləti: Faktlar bitib tükənmir (VİDEO, FOTO)
Ağdamda “Qaçqınkom” rəzaləti: Faktlar bitib tükənmir (VİDEO, FOTO)
Ağdamda “Qaçqınkom” rəzaləti: Faktlar bitib tükənmir (VİDEO, FOTO)
Ağdamda “Qaçqınkom” rəzaləti: Faktlar bitib tükənmir (VİDEO, FOTO)

Şərhlər

XƏBƏR LENTİ