SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Kürdəmirli ananın fəryadı "Müstəntiq günahsız oğlumu həbsə atdırıb "

Kürdəmirli ananın fəryadı "Müstəntiq günahsız oğlumu həbsə atdırıb "

Tarix:

29-08-2017, 10:34

/ 58 242 dəfə oxundu.
Kürdəmirli ananın fəryadı "Müstəntiq günahsız oğlumu həbsə atdırıb "

17 yaşlı məktəblinin həbs edilməsinin səbəbi nədir?

Biz redaksiya olaraq zaman-zaman ölkədə baş verən qanunsuzluqları işıqlandırmağa çalışırıq. Redaksiyamıza tez-tez müxtəlif şikayət məktubları daxil olur. Bu məktublarda ən müxtəlif məsələlərdən - korrupsiya, rüşvət, məmur özbaşınalığı, insan haqlarının pozulması, müxtəlif sosial ədalətsizliklər və sairdən bəhs olunur. Xüsusilə də bölgələrdən redaksiyamıza şikayət edənlər üstünlük təşkil edir. Təəssüf ki, bu şikayətçilər arasında hüquq-mühafizə orqanları əməkdaşlarının fəaliyyətindən narazılıq edənlər də olur. Bu da səbəbsiz deyil. Çünki bu sahədə də neqativ hallar müşahidə olunur. Hüquq-mühafizə orqanlarının bəzi əməkdaşları qanunları pozur, qanunsuz əməllərlə məşğul olur, insanlara işgəncə verir, etmədiyi cinayətləri insanların boynuna qoymağa çalışırlar. Son nəticədə bəzi vətəndaşlarımız işgəncələrə məruz qalır, onların hüquqları kobud şəkildə pozulur, vətəndaşların dövlətə, polis, məhkəmə və prokurorluq oranlarına inamı sarsılır. Bəzi polis məmurları, prokurorluq əməkdaşları, məhkəmə hakimlərinin qanunsuz əməlləri hüquq-mühafizə orqanlarına ləkə gətirir. Redaksiyamıza daxil olan növbəti şikayət də elə bununla bağlıdır.
Kürdəmir rayonu, Xınıslı kənd sakini Salahova Güləbətin Rza qızı ünvanladığı şikayət məktubunda bildirir ki, onun
övladı - 17 yaşlı məktəbli Məmmədov Bəhram Yenigibar oğlu qanunsuz həbs edilib. Şikayətçinin sözlərinə görə, onun övladına işgəncə verib törətmədiyi iyrənc cinayəti boynuna qoyublar: "Kürdəmir Rayon Polis Şöbəsində azyalı övladıma ağır, dözülməz işgəncələr verilib. Yeniyetmə övladım Bəhramın törətmədiyi cinayəti boynuna qoyublar. Heç bir mötəbər subut və şahid olmadığı halda oğlumu həbs ediblər".
Güləbətin Salahova yazır ki, həyat yoldaşı Məmmədov Yengibar Bəhram oğlu 1-ci qrup gözdən əlildir: "Özüm isə pambıqçıyam. Oğlum Bəhram 11-ci sinifdə oxuyur.Guya oğlum 16 yaşlı həmkəndlisi Məmmədov Rəvan Faiq oğlunu zorlayıb. Hansı ki, Rəvan Məmmədov mənim oğlumdan dəfələrlə canlıdır. Həmçinin belə bir hadisənin heç bir şahidi yoxdur. Kürdəmir Rayon Polis Şöbəsinin müstəntiqi, polis mayoru Rüfət Mustafazadə kəndimizdən çoxlu sayda azyaşlıları zorla gətirib hədə-qorxu gələrək oğlumun əleyhinə yalan ifadə verib şahidlik etməyə məcbur etsə də, çirkin niyyətinə nail ola bilmir. Polis mayoru Rüfət Mustafazadə azyaşlıları - 7-ci sinif şagirdi Məmmədov Maarif Çingiz oğlunu, 11-ci sinif şagirdi Manafov Eldəniz Mübariz oğlunu və 10-cu sinif şagirdi Abışov Zamiq Müslüm oğluna hədə-qorxu gələrək, onları oğlum Bəhramın əlehinə ifadə verməyə məcbur etmək istəyir. Müstəntiq azyaşlıları məcbur edir ki, onlar ifadə verib Bəhram tərəfindən zorlandıqlarını desinlər. O, bu çirkin hərəkəti ilə azyaşlıları və onların valideyinlərini şantaj edib pul almaq istəyir".
Şikayətçi bildirir ki, həmin azyaşlıların valideyinləri də müstəntiqin bu hərəkətlərindən narazıdırlar: "Artıq həmin valideyinlər mərkəzi orqanlara şikayətlər göndəriblər. Onlar bu özbaşınalıqla bağlı şikayət etmək üçün Prezident Administrasiyasına gedəcəklər. Ancaq müstəntiq öz çirkin hərəkətlərini davam etdirir. Özünü mətbuat işçisi kimi qələmə verən Aslanov Sahib Məhəmməd oğlu da bu işdə canfəşanlıq edib və mənim oğlumun həbs edilməsinə nail ola bilib.Çünki bu hadisəni birbaşa onun oğlu Münasib edib və videoçəkliş aparıb. Münasib həmin videonu yayıb deyə hadisənin üstü açılıb. Mənim oğlum Bəhramın isə bu hadisədən xəbəri olmayıb. Sadəcə, Bəhram zorlamaya məruz qaldığı bildirilən oğlanla əvvəllər dalaşdığı üçün özünü mətbuat işçisi kimi qələmə verən Sahib Aslanov və müstəntiq Rüfət Mustafazadə əlbir olub onu öyrədiblər və oğlumun əlehinə ifadə alıblar. Həmin zorlama hadisəsini videolentə alan şəxsin, oradakı zorlayanın kimliyini nə üçün müəyyən etmirlər ? Nə üçün heç bir şahid, subut olmadan yeniyetmə övladımı həbs ediblər ? Hamının toylarda gitara çalan kimi tanıdığı Sahib Aslanovun özünü mətbuat işçisi kimi qələmə verib polisləri şantaj edib öz oğlu Münasibi məsuliyyətdən kənarda saxlaması faktı araşdırılmalıdır. Biz oğlum Bəhramın barəsində olan cinayət işinə Kürdəmir Rayon Polis Şöbəsində müstəntiq Rüfət Mustafazadənin ibtidai istintaqı aparmasına etiraz edirik.Çünki burada qərəzçilik və şəxsi maraqlar var. Oğlum Bəhram evə xəbər göndərib ki, ona ağır, dözülməz işgəncələr verilib, etmədiyi çirkin cinayəti boynuna qoymaq istəyirlər".
Şikayətçi bildirir ki, obyektivliyinə inanmadıqları üçün Rüfət Mustafazadənin bu cinayət işinin istintaqını aparmasına etiraz edir: "Mən mətbuat vasitəsilə Azərbaycanın vicdanlı vəkillərindən xahiş edirəm ki, mənim məktəb yaşlı, günahsız oğlum Bəhramın hüquqlarını müdafiə etsinlər. Oğluma təyin edilən vəkil polis mayoru Rüfət Mustafazadənin əlaltısıdır. Xahiş edirəm ki, bizə kömək edin.Oğlum Bəhram xəbər göndərib ki, bu haqsızlığa görə intihar edəcəm. Bir ana kimi çox-çox narahatam və mən özüm də bu haqsızlığa görə intihar edəcəm. Bunun məsuliyyəti isə Kürdəmir Rayon Polis Şöbəsinin müstəntiqi Rüfət Mustafazadənin üzərinə düşəcək".
Sonda şikayətçi bildirir: "Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə,Mehriban xanım Əliyevaya, Prezident Administrasiyasının Hüquq- Mühafizə Orqanları ilə iş üzrə şöbəsinin müdiri cənab Fuad Ələsgərova, Baş Prokuror cənab Zakir Qaralova və Daxili İşlər naziri cənab Ramil Usubova səslənərək, xahiş edirəm ki, bu qurama cinayət işinin obyektiv istintaq edilmısinə tapşırıq versinlər".

Gundemxeber.Az

Şərhlər

XƏBƏR LENTİ