SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İki rayonun bir dərdi... - "Vallah, hesablayanda bir məmurun uşağının naharının hesabından azdır..."

İki rayonun bir dərdi... - "Vallah, hesablayanda bir məmurun uşağının naharının hesabından azdır..."

Tarix:

15-08-2017, 11:53

/ 59 434 dəfə oxundu.
İki rayonun bir dərdi... - "Vallah, hesablayanda bir məmurun uşağının naharının hesabından azdır..."

«Əsasən kəndin yuxarısındakı evlərin 90 faizinin dam örtüyü dağılıb. Kəndin aşağısına isə dolu az yağmışdı, evlərə, demək olar, zərər dəyməmişdi. İş orasındadır ki, kəndin aşağısında yaşayanlara 30-40, ancaq mənə 7 şifer verilir. Və iş orasındadır ki, o 7 şiferi də sözdə verirlər, əməldə heç o da ortada yoxdur». Tovuzun Qaraxanlı kəndinin sakini Rəhman Abbasov deyir, bu il iyunun 10-da yağan dolu kəndin yuxarı hissəsindəki evlərin dam örtüklərini dağıdıb, evləri qəzalı vəziyyətə salıb. Hadisənin ilk günləri evlərə və təsərrüfatlara dəyən zərər hesablansa və fəsadların aradan qaldırılacağı vəd olunsa da, hələ də zərərdən çıxmayanlar var.
Rəhman Abbasovun iddiasına görə, aidiyyəti üzrə yerli qurumlar evlərin dam örtüklərinin təmirinə gərəkən materialları öz yaxınları arasında bölüşdürürlər: «Üzü yağışlara gedir. Özüm də, həyat yoldaşım da ağır xəstədir, ünvanlı sosial yardımı kəsiblər, pay torpağımı əlimdən alıblar, iş yerim yoxdur, bank da kredit vermir. Deməyim odur ki, mənim dam örtüyünü təmir etməyə imkanım yoxdur. Bildiyim də odur ki, təbii fəlakət nəticəsində dəymiş zərəri dövlət aradan qaldırmalıdır. Buna görə vəsait də ayrılıb, ancaq vəsaiti istədikləri kimi xərcləyiblər, tikinti materiallarını, şiferləri istədikləri kimi sağa-sola dağıdıblar, adamların evlərinin dam örtükləri hələ də təmirsiz qalıb. Kəndin aşağı tərəfinə çox az dolu düşmüşdü, orda fəsad yox idi, ancaq orada yaşayan adamlar tanıyıram ki, onlara tanışlıq, qohumluq xatirinə tikinti materialları verilib».
Rəhman Abbasov deyir, aradabir yağan yağışın suları açıq dam örtüyündən divarlarla evin içərisinə süzülüb döşəməyə axır deyə, getdikcə ev də qəzalı vəziyyətə düşür.
Ağstafanın Yuxarı Göycəli kəndindən də eyni məzmunlu şikayət var. Sakinlərin deməsinə görə, eyni gündə kəndə düşən dolu azı 200 evə ziyan vurub. Ancaq bu günədək fəsadlar aradan qaldırılmayıb. Kənd sakini Hüsniyyə Qafarova deyir: «Biz icra hakimiyyətinin nümayəndələrini və Fövqəladə Hallar Komissiyasının üzvlərini hadisədən sonra bircə dəfə gördük. Gəlib zərərləri hesablayıb, sənədləri ev sahiblərinə imzaladıb getdilər. İki aydan çox keçib, hələ də xəbər yoxdur. Adam da fikirləşir ki, yəqin bunlara elə bizim imzamız lazım imiş, indi o sənədlərlə nə qədər pul silib keflərinə baxıblar, bir özləri bilir...».
Sakin deyir, kəndlinin son ümid yeri olan əkin sahələrindən də bu mövsümdə qazanc əldə olunmayacaq: «Hamısı dolu nəticəsində məhv oldu. Heç olmasa, əkindən götürəcəyimiz pulla düzəltdirərdik. İndi bu da mümkün deyil. Kəndlilər batır. Dolu onsuz da hamının həyatını iflic edib, heç olmasa, bir də yağışlar başlayanda yaşamağımıza peşman olmayaq. Bu boyda dövlətdən ötrü bir kəndin evlərinin dam örtüyünü təmir etmək nədir ki... Vallah, hesablayanda bir məmurun uşağının naharının hesabından azdır».

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ