SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » “70 min manat başçıya vermişəm” – Beyləqanda büdcə talanı

“70 min manat başçıya vermişəm” – Beyləqanda büdcə talanı

Tarix:

7-08-2017, 10:11

/ 56 992 dəfə oxundu.
“70 min manat başçıya vermişəm” – Beyləqanda büdcə talanı

Balakişiyev “təyinatı üzrə və səmərəli” istifadə etdiyi maliyyə vəsaitinin heç də hamısını Abdullayevlə bölməyib, özünə də xeyli haram kapital saxlayıb.

Beyləqan rayon İcra Hakimiyyətinin (RİH) Beyləqan şəhəri üzrə nümayəndəsi Bakir Balakişiyev 2015-ci ildə rayon rəhbəri Vaqif Abdullayev tərəfindən hazırki vəzifəsinə təyin olunana qədər Beyləqan Bələdiyyəsinin sədri işləyib. Yerli özünüidarəetmə qurumuna rəhbərlik etdiyi uzun müddət ərzində daha çox korrupsiya əməlləri ilə yadda qalıb. Görünür, elə məhz bu “müstəsna” qabiliyyətinə görə icra başçısı onu daha mühüm, həm də daha münbit korrupsiya şəraiti olan dövlət qulluğu postuna irəli çəkib. Elə o vaxtdan hər il şəhərin abadlaşdırılması məqsədilə ayrılan 90-100 min manat civarında maliyyə vəsaiti Balakişiyevin sərəncamına verilib.

Hətta ötəri, vizual müşahidə ilə də görmək mümkündür ki, bunca vəsaitin qarşılığında şəhərdə çox az abadlıq-quruculuq işləri həyata keçirilib. Görülən işlərin də keyfiyyətindən oğurlanıb. Bir məqamı da xüsusi qeyd etməyə dəyər ki, bu sahədə yerinə yetirilən işlərin əksər hissəsi iməcilik yolu ilə şəhərin idarə, müəssisə, təşkilatlarının əmək kollektivlərinin zorla cəlb olunduqları iməciliklər yolu ilə istismar edilmələri hesabına gerçəkləşdirilib. Və əlbəttə ki, işlərin həcmi şişirdilmiş rəqəmlərlə ifadə olunaraq RİH-nin və şəhər nümayəndəliyinin aktivinə yazılaraq başçı ilə nümayəndəlik sədrinin hesabatlarında öz əksini tapıb. Keyfiyyəti oğurlanmış, göstəriciləri şişirdilmiş həmin işlərin sırası uzundur.

Beyləqandan verilən məlumata görə şəhər stadionunun arxa tərəfi ilə rayon polis idarəsinin qarşısı arasında eni 2,5 metr, uzunu 100 metr olan yol nahiyəsinə üzlük daşı döşənib. Lakin kağız üzərində işin həcmi 650 kvadrat-metr göstərilib. Bundan başqa, şəhərin Sevil Qazıyeva küçəsi ilə mərkəzi xəstəxanaya aparan yola “əkilmiş” 22 ədəd işıq dirəyinin hər biri qiymətindən xeyli baha – hər biri 1270 manatdan hesablanıb.

Bildirilir ki, Balakişiyev məhrəm məclislərdə bütün bu işdəycələrinə görə eyhamlar eşidəndə, “70 min manat başçıya vermişəm, bəs nə etməliyəm?” deyərək öz əməllərinə haqq qazandırmağa çalışır. Ancaq bəllidir ki, Balakişiyev “təyinatı üzrə və səmərəli” istifadə etdiyi maliyyə vəsaitinin heç də hamısını Abdullayevlə bölməyib, özünə də xeyli haram kapital saxlayıb. Elə malik olduğu var-dövlət, mülk-səltənət, Beyləqan şəhərində özü və yaxınları üçün qurub-yaratdığı çoxsaylı gəlirli obyektlər də məhz vaxtilə sədr kimi bələdiyyədən və sonra şəhər nümayəndəsi kimi dövlətdən çırpışdırdığı vəsait hesabına ərsəyə gəlib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

AzMedia.info

Şərhlər

XƏBƏR LENTİ