SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Xaçmaz rayon polis şöbəsində görünməmiş işgəncə

Xaçmaz rayon polis şöbəsində görünməmiş işgəncə

Tarix:

31-01-2017, 11:42

/ 8 786 dəfə oxundu.
Xaçmaz rayon polis şöbəsində görünməmiş işgəncə

Zaman Orucov: “Amil özü elə döyürdü ki, heç ermənini belə döyməzlər ”

Azərbaycan polisi dövlətçiliyin və vətəndaşlarımızın təhlükəsizliyinin qorunmasında çox mühüm işlər görür. Yaşadığımız həyat göstərir ki, ölkə insanı hər zaman öz polisinə güvənc yeri kimi baxır. Amma çox təəssüf ki, bəzi polislər insanların dövlətə və polisə inamını sarsıtmaqla görülən işləri də gözdən salırlar. Belələri düşünmürlər ki, qanuna zidd hərəkətlər törətməklə DİN-in imicinə də zərbə vururlar. Elə bu günlərdə Xaçmaz rayonunda baş vermiş hadisə də bu qəbildəndir.

Oğurlamış bir maşının kimin avtomobili tərəfindən qoşquya götürüldüyünü axtaran rayon polis şöbəsinin əməkdaşları gəlib çıxırlar Qusarçay kəndinə. Kənd sakini Zaman Orucovu evindən elə yataq paltarında çıxararaq maşına oturdub gətirirlər şöbəyə. Hadisəni Zaman Orucov belə şərh edir: “Yanvarın 22-dən 23-nə keçən gecə məni yataq paltarımda polisə aparıblar. Şöbədə gecə saat 3-ədək işgəncə veriblər. Özümdən getmişdim. Gözümün qabağına təcili yardım gəldi. Onlar dedilər ki, vəziyyəti pisdir, ölüm halındadır. Polislər isə dedilər ki, qəti olmaz. Nəsə spirt verib məni ayıltdılar. ” Müsahibimiz bildirir ki, onu döyənlər üç nəfər olublar, biri də mülki geyimdə olub.

“Amil(Xaçmaz RPŞ-nin rəis müavini-red) özü elə döyürdü ki, heç ermənini belə döyməzlər.” Zaman Orucov iddia edir ki, şöbədə onun bədəninə elektrik cərəyanı da buraxıblar. 48 saat ac saxlanılıb. Yalnız buraxılmasına az qalmış kafeyə apararaq müxtəlif yeməklər təklif ediblər. O, isə yalnız borş içə bilib. Yanvarın 24-ü qohum-əqrəbası polis şöbəsinin qarşısına gələndən sonra axşam saat 6-da onu sərbəst buraxıblar. Zaman onu da deyir ki, 48 saat saxlanılması səbəbsiz deyil. Gözləyiblər ki, şişləri çəkilsin.

Yəqin oxucular üçün də maraqlıdır ki, Zaman Orucovu niyə həbs ediblər. Sən demə, bir avtomobil oğurluğu hadisəsi baş verib. Oğurlanan maşını kimsə qoşquya götürüb. Polislər də qoşquya götürən maşının sürücüsünün Zaman Orucovun olduğundan şübhələniblər. Lakin deyilənə görə, sonradan oğurlanan maşın da, qoşquya alan da tapılıb. Bir zəruri məqamı da nəzərdən qaçırmayaq. Zaman Orucov deyir ki, onun “Jiquli” markalı bir köhnə avtomobili var. Bu maşın işləmir, işıqları və salonu yoxdur.

Biz Zaman Orucovun dediklərinə heç nə əlavə etmədik. Müsahibəni bizə xəstəxanadan telefonla verdi. Dedi ki, heç müalicə olunmağa belə pulu yoxdur. 30 yaşı var, ailəlidir, bir uşaq atasıdır, xırda ticarətlə məşğuldur.

Onu da öyrəndik ki, baş vermiş hadisə ilə bağlı Baş prokurorluğun və DİN-in qaynar xəttlərinə məlumat verilib. Bundan əlavə, Zaman Orucov Xaçmaz rayon prokurorluğuna ərizə ilə müraciət edib və izahat da yazıb.

Biz bu məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovla əlaqə saxladıq. Cənab Zahidov onlarda belə bir məlumatın olmadığını, lakin məsələnin mütləq araşdırılacağını söylədi.

Xaçmaz rayon polis şöbəsində baş vermiş işgəncə ilə əlaqədar ictimaiyyət arasında şayiələr, söz-söhbətlər gəzir. Xaçmaz rayon polis şöbəsinin rəis müavini Amil Tahirlinin bu işdə birbaşa iştirakı barədə Zaman Orucovun iddiaları yəqin ki, Xaçmaz rayon prokurorluğu tərəfindən qanun çərçivəsində araşdırılacaq və hadisəyə hüquqi qiymət veriləcəkdir. Kasıb, müalicə olunmağa pulu olmayan bir insanın başına gətirilənlərə DİN rəhbərliyinin laqeyd qalmayacağına əminik.

Mövzuya qayıdacağıq.

Müqəddəs Mehdiyev

“Şimal xəbərləri” qəzetinin baş redaktoru

Şərhlər

XƏBƏR LENTİ