SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Ordumuzun irimiqyaslı təlimləri nədən xəbər verir?

Ordumuzun irimiqyaslı təlimləri nədən xəbər verir?

Tarix:

21-06-2017, 09:45

/ 41 322 dəfə oxundu.
Ordumuzun irimiqyaslı təlimləri nədən xəbər verir?

Xəbər verildiyi kimi, Azərbaycan ordusu iyunun 19-da irimiqyaslı hərbi təlimlərə başlayıb. Bu, son iki ayda ordumuzun üçüncü belə təlimidir. 23 minlik canlı qüvvə və yüzlərlə hərbi texnika təlimlərdə iştirak edir.

Ekspertlər belə təlimlərin Azərbaycan üçün böyük əhəmiyyətinin olduğunu və sonunda bunun müsbət nəticələrinin olacağını deyirlər. Eyni zamanda bu cür təlimlərin tez-tez keçirilməsinin vacibliyi vurğulanır. Son iki aydakı təlimlərin ermənilər arasında xof yaratdığı açıq şəkildə görünür.

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov təlimlərin əhəmiyyətindən söz açdı: “Bu təlimlər ötən ilin sonlarından planlaşdırılıb. Ölkə başçısı tərəfindən təsdiq olunmuş plandır ki, bu il ərzində bir neçə təlim keçirilsin. O təlimlərdən biri də bu günlərə təsadüf edir. Bu təlimlərin indiki vəziyyətlə əsla əlaqəsi yoxdur. Sadəcə, təsadüf nəticəsində bu vaxta düşüb. Belə təlimlərin əhəmiyyəti çox böyükdür. Burada Azərbaycan son illərdə aldığı silahları sınaqdan keçirir. Tapşırıqların icrası zamanı üstün və çatışmayan tərəflər müəyyən edilir. Bu təlimlərin müsbət tərəflərindən biri də düşmənə verilən mesajdır ki, ordumuzu boşuna hazırlaşdırmırıq. Əgər işğal olunmuş ərazilərimiz olmasaydı, bu qədər vəsaiti təlimlərə xərcləməzdik. Amma bu gün biz buna məcburuq. Ordu nəzərdə tutulan vəzifələri, tapşırıqları həyata keçirmək üçün böyük əmək sərf edir. Təcrübə və praktika baxımından bu təlimlərin misli yoxdur. İl ərzində say etibarı ilə bundan daha çox hərbçilərin iştirakı ilə təlimlər keçirilməsi planlaşdırılır. Ali Baş Komandanla məsləhətləşmədən sonra payızda yığılan təcrübənin praktikası olacaq. Eyni zamanda silahlı qüvvələrimizin qardaş Türkiyə və Gürcüstanla birlikdə bir neçə təlim keçirməsi nəzərdə tutulub. Başa düşürəm ki, havalar istidir, amma təlimlər çox vacibdir”.

Hərbi ekspert təlimlərin fonunda Azərbaycan tərəfin müharibəyə hazırlaşdığı barədə deyilənlərə də münasibət bildirdi: “Biz heç vaxt gizlətməmişik ki, ordumuzun qarşısında duran əsas vəzifə ərazi bütövlüyümüzü təmin etməkdir. Biz heç vaxt düşmənə hesabat verməmişik, verməyəcəyik də. Onlar kimdir ki, hesabat da verək. İşğal etdikləri ərazilərimizdə bizə ağıl öyrətmək istəyirlər. Bizim kifayət qədər ön xətdə qüvvəmiz var ki, istənilən an verilən tapşırıqları həyata keçirmək iqtidarındadırlar. Hər kəs təlim səviyyəsində üzərinə düşənləri yerinə yetirir. Ermənistan səs-küy qaldırıb ki, Azərbaycan cəbhə xəttinə qoşun toplayıb. Bizim orada qoşun toplamağımıza ehtiyac yoxdur, çünki kifayət qədər təcrübəli hərbi hissələrimiz var. Ermənilər son təlimlərlə bağlı çox absurd fikirlər səsləndiriblər ki, guya Naxçıvandan Dərələyəzə girməyə hazırlaşırıq. Unudurlar ki, Azərbaycan işğal olunmuş ərazilərindən başqa heç vaxt deməyib ki, harasa iddiamız var. Vaxtilə Zəngəzur kimi ərazilərimizin düşmən ölkəyə verilməsi ilə bağlı gələcəkdə hüququ müstəvidə məsələlər qaldıra bilərik. Bu gün əsas söhbət işğal olunmuş ərazilərimizdən gedir. Biz gizlətmirik ki, qısa zamanda o ərazilər azad olunmasa, güc amilinə üstünlük verəcəyik. Yaxınlarda müdafiə nazirimiz Naxçıvanda düşmənə mesaj verdi ki, Azərbaycanda kifayət qədər peşəkar ordu var, ordumuz hazır vəziyyətdə Ali Baş Komandanın verəcəyi tapşırıq əsasında işğal faktorunu aradan qaldıracaq, ərazi bütövlüyümüz tam şəkildə təmin olunacaq”.

Şərhlər

XƏBƏR LENTİ