SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Şəhidimizin meyitini qaytarmayan Ermənistan əməlinə peşman ediləcək – xəbərdarlıq

Şəhidimizin meyitini qaytarmayan Ermənistan əməlinə peşman ediləcək – xəbərdarlıq

Tarix:

23-01-2017, 09:46

/ 1 711 dəfə oxundu.
Şəhidimizin meyitini qaytarmayan Ermənistan əməlinə peşman ediləcək – xəbərdarlıq

“Bir neçə gündən sonra şəhid əsgərimiz Çingiz Qurbanovun meyitinin düşmən əlində saxlanmasının bir ayı tamam olacaq. Bu müddət ərzində həyasız və insanlıqdan kənar bir həyat tərzi sürən vəhşi, faşist ermənilər hələ də öz inadkarlıqlarından əl çəkib hərbçimizin nəşini qaytarmırlar. Əslində düşmən heç özü də nə istədiyini doğru-düzgün anlamır”.

Hərbi ekspert Üzeyir Cəfərov bunları ötən ilin 29 dekabrında Ermənistanın diversiya-kəşfiyyat qrupunun hücumunu dəf edərkən həlak olan əgərimizlə bağlı düşmənin göstərdiyi anti-insani münasibət haqda danışarkən bildirdi. Onun sözlərinə görə, bəlkə də erməni tərəfi bununla özünü qarşıdakı hadisələr zamanı necə çətin bir duruma saldığını təsəvvürünə belə gətirə bilmir: “Düşmən hələ ki, eyforiyadadır. Ermənilər onsuz da özlərini öldürsələr belə, məcburiyyət qarşısında qalıb şəhid əsgərimizin meyitini qaytarmağa məcbur olacaqlar. Bunun başqa alternativi yoxdur. Amma demişik və bir daha təkrarlayırıq ki, Ermənistan çox pis ənənənin təməlini qoydu. Onları mütləq peşman edəcəyik və özü də bu, çox yaxın zamanlarda baş verəcək. Zatən o proses başlayıb, amma onun bəzi detalları var ki, bunun üzərində Azərbaycan Müdafiə Nazirliyi, qoşunların təmas xəttində olan hərbi hissə və birləşmələrin komandanlığı çox ciddi iş aparır”.

Ü.Cəfərov xatırlatdı ki, dekabrın 29-dan bu günə kimi, yəni Çingizin şəhid olduğu vaxtdan bu yana bizim cəmi 1 itkimiz olubsa, düşmənin bu müddət ərzində 5-7 arası ölən və yaralanan hərbçisi olub: “Bu, hələ bizim açıq mənbələrdən aldığımız məlumatdır. İndi görün, açıqlanmayan məlumatlar nədən xəbər verir. Beynəlxalq qurumlar isə növbəti dəfə özlərini rüsvay etdilər. Ermənistan siyasi və hərbi rəhbərliyi ATƏT-in, Avropa Şurasının və digər qurumların üzünə faktiki tüpürdü. Yəni onların həqiqətən də mənasız təşkilatlar olduğunu sübut etdi. Məni sakit buraxmayan bu polşalı casus Anjey Kaspşikin, ümumiyyətlə, şəhid əsgərimizin meyitinin qaytarılması ilə bağlı sərgilədiyi son dərəcə yekəxana biganəliyidir. Axı bu yaramaz erməni tərəfdən bir işğalçı cəhənnəmə vasil olanda, az qala özünü ”cırır". Mən tam əminəm ki, tez bir zamanda biz Ermənistan ordusunun necə sərt şəkildə cəzalandığının şahidi olacağıq. Şərəfli komandirlərimiz lazım olan hər şey edirlər ki, tez bir zamanda düşmən və havadarları, nəhayət ki, öz yaramazlıqlarını anlasınlar. Mən bunu söz xətrinə, pafos naminə demirəm. Çox ciddi şəkildə bu məsələ üzərində işlənilir. Sadəcə, bir az zaman lazım olacaq. Şəhidimizi də biz tezliklə ən yüksək səviyyədə torpağa tapşıracağıq. Bunu düşmənlərimiz də özləri görəcəklər".

Sabiq təhlükəsizlik xidməti zabiti Arzu Nağıyev isə bildirdi ki, əsgərimizin nəşinin qaytarılmasının bir neçə yolunu görür: “İlk öncə məsələnin danışıqlar yolu ilə həlli mümkündür. Belə ki, beynəlxalq qurumların Ermənistana ciddi təzyiqi ilə məsələni həll etmək lazımdır. Əgər münaqişənin həllini ATƏT öz üzərinə götürübsə, həmsədr dövlətlər bu missiyaya uyğun addımlar atmalıdır. Bundan başqa, Cenevrə razılaşması ilə bağlı Ermənistana xəbərdarlıq edilməlidir. Eyni zamanda, ”xalq diplomatiyası", dini qurumlar da öz xətləri ilə bu məsələyə qarışmalıdır". A.Nağıyev hesab edir ki, ermənilərin havadarları olan dövlətlər də onlara təzyiq göstərə bilərlər: “Əsir və girovlarla bağlı Dövlət Komissiyası da müvafiq danışıqlar aparmalıdırlar və bu istiqamətdə işlər gedir. Diaspora təşkilatları da aktiv rol oynamalı və müvafiq aksiyalar keçirməlidir. Bütün bunlar nəticə verməsə, o halda hərbi müdaxilə edərək əks tərəfin əsgər və zabitini ölü, yaxud diri ələ keçirmək, şəhidimizlə dəyişmək lazımdır”.

Qarabağ Qazilər Birliyinin sədri, keçmiş döyüşçü Etimad Əsədov isə təəssüflə bildirdi ki, nəinki şəhid əsgərimizin nəşini, həmçinin Şuşada girov saxlanılan iki həmvətənimizin də geri qaytarılması mümkünsüz deyil: “Girovların, həmçinin şəhidimizin geri qaytarılması ilə bağlı danışıq xətrinə danışıq aparmamalıyıq. Düşmənin və beynəlxalq təşkilatların qarşısına konkret tələb, mövqe qoyulmalıdır. ATƏT-dən yüksək səviyyədə tələb olunmalıdır ki, ya siz bu insanların geri qaytarılmasına nail olursunuz, şəhid əsgəri geri alırsınız, ya da birdəfəlik ayağınızı bu ölkədən çəkirsiniz! Yaxud pazı pazla çıxararlar. Biz də ermənilərin postlarına girməli, düşmən hərbçilərini öldürüb cəsədini götürməli, deməliyik ki, gətirin əsgərimin meyitini, aparın cəsədlərinizi, əclaflar!”

E.Əsədov beynəlxalq qurumların davranışları ilə bağlı kifayət qədər sərt mövqe ortaya qoymağın tərəfdarıdır: “Biz, nəhayət, ayılmalı, ortaya iradəmizi qoymalıyıq! İşğala, soyqırımına məruz qalan bizik, amma beynəlxalq təşkilatlar elə davranırlar ki, elə bil bu faciələri ermənilər yaşayıb. Azərbaycan hökuməti səfərbər olunmalı, torpaqların azad olunmasını qarşıya məqsəd qoymalıdır. Azərbaycan dövləti sülh tərəfdarı olduğunu bəyan etməklə yanaşı, xalqa imkan verməlidir ki, qəhrəman oğullarımız ermənilərin bizim ərazimizdə ordu saxlamasına, rahat oturmalarına, məscidlərimizdə donuz saxlamalarına imkan verməsin”. Qarabağ qazisi bildirdi ki, Azərbaycan xalqı bu torpaqların azadlığı üçün canını verməyə hazırdır: “Lələtəpə hadisələri göstərdi ki, əlil və şəhid ailələrinə nə qədər biganəlik olsa da, onların övladları yenə Vətən uğrunda savaşa hazırdırlar. Mən Lələtəpədə də, Goranboy tərəfdə də olmuşam, həmçinin Cəlilabadda gənclərimizin hərbi xidmətə yola salınması prosesində iştirak etmişəm. Gənclərimiz ”Vətənə canımız fəda" deyib, bayrağımızı öpüb hərbi xidmətə yola düşdülər. Valideynlərimiz də deyirdilər övladlarımızı Vətənə qurban demişik, yetər ki, torpaqlar alınsın. Bundan artıq ruh yüksəkliyi, Vətənə bağlılıq nə ola bilər ki? Bu ruhu öldürmək olmaz, bu ruha sahib çıxıb insanlarımızı torpaqların azadlığı uğrunda mübarizəyə səfərbər etmək lazımdır. Qoy biz ölək, amma torpağımız azad olunsun, alnımızdakı ləkəni silib-təmizləyək, Xocalının qisasını alaq! Biz bu qisası Qiyamətədək saxlaya bilmərik. Əks təqdirdə gələcək nəsillər bizi lənətləyəcək. Bu hadisələr bizim zamanımıza düşübsə, onu biz həll etməliyik, gələcək nəsillərə saxlamamalıyıq".

Şərhlər

XƏBƏR LENTİ