yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Fərhad Əliyev üçün “yaşıl işıq” - Bakıya və biznesə qayıdışı mümkündür

Fərhad Əliyev üçün “yaşıl işıq” - Bakıya və biznesə qayıdışı mümkündür
11-05-2017, 09:21 34 273 dəfə baxılıb
yüklənir...

Azərbaycanın keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin ölkəyə qayıtması və biznesə başlaması barədə yayılan xəbərlər ölkə gündəmini zəbt edib. Sabiq nazirin Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Alco Lubricant Company” şirkətinin sahibi olduğu deyilir.

Həbsdən buraxılandan sonra Azərbaycanı tərk edən və Belarus da daxil olmaqla, bir sıra xarici ölkələrdə biznes layihələri ilə məşğul olan keçmiş nazirin ölkəyə döndüyü, bəzi investisiya layihələri həyata keçirməyə başladığı haqda çoxdan söz-söhbətlər yayılıb.

F.Əliyevin Azərbaycandakı biznes layihələrindən biri Sumqayıt Kimya Sənaye Parkının ərazisində 2,5 ha torpaq sahəsində tikilən sürtgü yağları istehsal edən zavodun tikintisidir.
Həmin zavodu keçmiş nazirin qurduğu “Alco Lubricant Company” MMC inşa edir. Zavodun investisiya dəyəri 10 milyon manatdır və orada ildə 30 min ton sürtkü yağı istehsal etməsi nəzərdə tutulur. Şirkət 2016-cı il mayın 5-də yaradılıb, bundan 45 gün sonra Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib və investisiya təşviqi sənədi ilə təmin edilib. Bu sənədə görə, şirkət əmlak və torpaq vergisindən tam, mənfəət vergisindən əlli faiz azad olunub. Bundan əlavə, şirkət xaricdən gətirəcəyi avadanlıq və istehsal təyinatlı texnologiyalara görə gömrük vergisindən də tam azad olunub. Zavodun bu ilin ikinci yarısında fəaliyyətə başlaması planlaşdırılır.

“Alco Lubricant” sürtgü yağları üzrə alman brendidir.
Belə görünür ki, F.Əliyev əfv olunandan sonra vaxtilə yığdığı kapitalın da reabilitasiyası üçün siyasi razılıq alıb. Məlumdur ki, Əliyev qardaşları hələ 90-cı illərin əvvəllərindən Moldovada bizneslə məşğul olublar, daha sonra Azərbaycanda öz bizneslərini inkişaf etdiriblər. Onun nazir təyin olunması Əliyev qardaşlarının biznes imperiyasının daha da böyüməsinə şərait yaradıb.
Lakin sabiq nazir həbs olunandan sonra onların aktivlərinin bir çoxu əllərindən alınıb. Bununla belə, şübhə yox idi ki, biznes işlərində və çirkli pulların leqallaşdırılmasında kifayət qədər məharət sahibi olan Əliyev qardaşları hansısa offşor zonalarda kapitallarının bir qismini gizlədə biliblər. F.Əliyev və qardaşı, “Azpetrol”un keçmiş rəhbəri Rafiq Əliyev həbsdən buraxılandan sonra həmin kapitalı xarici ölkələrə yatırmağa başlayıblar. İndi isə Əliyev qardaşlarına şərait yaradılıb və təminat verilib ki, kapitallarını Azərbaycanda da leqallaşdırsınlar, investisiya yatırsınlar.
F.Əliyevin ailəsinə yaxın mənbələrdən daxil olan məlumatlara görə, sabiq nazir artıq bir neçə aydır Bakıdadır.
F.Əliyevin ölkəyə dönüşündən Azərbaycanın siyasi hakimiyyətinin də maraqlı olduğu deyilir. İnvestisiya qıtlığı keçirən ölkəyə sərmayə axınını təmin etmək üçün sabiq nazirin kapitalından və əlaqələrindən faydalanmaq qərara alınıb.
İqtisadçılar ölkə iqtisadiyyatının çətin vaxtlarında F.Əliyevin investisiyasına böyük ehtiyacın olduğunu qeyd edirlər. 12 il öncə siyasi fiqura çevrilən, 8 illik həbsdən sonra azadlığa çıxıb xaricə üz tutan sabiq nazirin qısa müddət sonra ölkəyə investor kimi dönüşü maraqlı məsələdir.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli F.Əliyevin ölkəyə qayıdışını müsbət qiymətləndirir: “Dünyadakı böhran ölkəmizə də təsir edib. Bu dövrdə əllərində olan yüksək vəsaitləri offşor zonalara, yaxud müxtəlif ölkələrə yatırmaqdansa, öz ölkələrinin qeyri-neft sektorunun inkişafına sərf edirlərsə, bunun hər hansı bir mənfi nəticələrinin olacağını güman etmirəm. Fərhad Əliyev kifayət qədər bacarıqlı bir iş adamıdır. O pulları haradan almasından, necə qazanmasından asılı olmayaraq, əlində olan pulla iş yeri açıb, yeni texnologiyanın ölkəyə gəlməsinə çalışırsa, bu, bir tərəfdən məmurların əllərində olan vəsaitlərin leqallaşması, digər tərəfdən həmin pullarla yeni iş yerlərinin açılması deməkdir. Kaş ki, digər məmurlar da əllərində olan pullardan ölkə iqtisadiyyatının, qeyri-neft sektorunun inkişafı üçün istifadə edərdilər. Azərbaycandan oğurlanan pulların geri qaytarılması yaxın gələcəkdə yürüdülən siyasətin əsaslarından birini təşkil etməlidir. Bu, ölkənin iqtisadiyyatının inkişaf etdirilməsi üçün mühüm bazaya çevrilə bilər. Bu nöqteyi-nəzərdən Əliyev qardaşlarının bizneslərinin bir hissəsini Azərbaycana daşımaları müsbət haldır. Burada həm siyasi, həm də iqtisadi zərurət görürəm. Ola bilsin ki, iqtisadi zərurət siyasini üstələsin. Amma hər halda, oğurlanmış, qeyri-qanunu əldə edilmiş pullar leqallaşdırılmalı, onun ölkə iqtisadiyyatının inkişafı üçün sərf edilməsinə şərait yaradılmalıdır. Burada ancaq Azərbaycan xalqı, iqtisadiyyatı və hökuməti uda bilər”.
Politoloq sabiq nazirin siyasətə baş vura biləcəyini istisna edir: “Zənn etmirəm ki, o siyasətə qayıdacaq. Açıqlamalarında həmin dövrdə siyasi eşqə düşmədiyini də dəfələrlə deyib. Öz vətənində rahat yaşamağı, məncə, hər şeydən üstün tutar. Güman etmirəm ki, yaşının bu çağında Fərhad Əliyev özünü yenidən siyasi risklər altına atıb, həm həyatını, həm də yaxınlarının həyatını bitirsin. Onun üçün iş yerləri açıb, ölkə vətəndaşlarının burada işləmələrinə şərait yaratmağı özünün ən böyük xidməti olar. Ağıllı insan bu cür edər. Başqa fikrə düşəcəksə, yenidən yana bilər”.
İqtisadçı ekspert Qadir İbrahimli hesab edir ki, hazırkı Azərbaycan iqtisadiyyatı üçün atılan hər bir addım önəmlidir: “Ölkə iqtisadiyyatına investisiya tələbatı olduqca yüksəkdir. Burada söhbət qeyri-neft sektorundan və milyardlarla vəsaitdən gedir; hər milyon, hətta bir neçə yüz min dollar da önəmlidir. Burada böyük biznesə sahib olanların iştirakı olduqca önəmlidir. Əliyev qardaşlarının Moldovada, xaricdə böyük biznes şəbəkələri qurulub. Fərhad Əliyevin hakimiyyətdə olduğu dövrdə bu biznes şəbəkəsi daha da genişləndi. Həmin şəxslərin yenidən Azərbaycan iqtisadiyyatına investisiya yatırmalarında qeyri-adi heç nə yoxdur. Normal haldır. Yaxşı olardı ki, hökumət bu tipli şəxsləri bu prosesə cəlb etməkdə maraqlı olsun, buna çalışsın. Hazırda iqtisadiyyata investisiya qoyuluşu elə bir vəziyyətdədir ki, bu bir şəxs, bir milyarderdən asılı məsələ deyil. Məsələn, İsgəndər Xəlilov və digər milyarderlər gəlib ölkə iqtisadiyyatına müəyyən qədər milyardlarla investisiya qoysalar, bu tələbat ödənilməyəcək. Rusiya və digər ölkələrdə olan azərbaycanlı milyarderlər Azərbaycana dəvət olunmalı, onlara təminat verilməlidir ki, onlar da investisiya qoysunlar. Əvvəl hakimiyyətlə Fərhad Əliyev arasında müəyyən anlaşma olmuşdu. O, həbsdən azad olunurdu, xaricdə yaşayırdı, xarici ölkəni də özü seçirdi. Amma arada ölkəyə yaxınlarına baş çəkmək və digər icazələr nəzərdə tutulurdu. Amma Fərhad Əliyev son bir ildə artıq ölkədə yaşamağa icazə alıb. Düzdür, onun qardaşı hələ də Türkiyədə yaşayır. Konkret olaraq, İstanbul, Ankarada böyük biznes şəbəkəsinə malikdir. Dörd ildir həbsdən çıxan və son bir ildə Fərhad Əliyevin ölkədə olması artıq rəsmi xəbərdir. Hər dövrün özünün siyasi reallıqları var. Fərhad Əliyev 10 il öncə siyasi baxımdan daha nüfuzlu idi. Amma hazırda o, siyasi baxımdan heç bir əhəmiyyət kəsb etmir. O bəzi vaxtlarda hakimiyyətdə təmsil olunan və sonradan işindən azad olunan yüzlərlə məmurdan biridir. İnanmıram ki, o, indiki şəraitdə bundan artığına iddia etsin”.
Qeyd edək ki, 2005-ci il oktyabrın 19-da - parlament seçkiləri ərəfəsində F.Əliyev öz xidməti kabinetində həbs edilib. Hakimiyyət çevrilişinə cəhddə ittiham edilən sabiq nazir 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Onun ölkə başçısının 2013-cü ilin payızında - Qurban Bayramı ərəfəsində imzaladığı əfv sərəncamı ilə azadlığa çıxdıqdan az sonra xaricə köçdüyü, Almaniyadan siyasi sığınacaq alıb Londona yerləşdiyi, qardaşı Rafiq Əliyevlə Böyük Britaniyada yaşadığı deyilirdi.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: , ve, uchun, Bakiya, Eliyev, qayidishi, biznese, mumkundur, ishiq, Ferhad, yashil
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ