SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Marketdən rüşvət alarkən həbs edilən Tural Abdullayev kimdir, jurnalist, yoxsa marketoloq?

Marketdən rüşvət alarkən həbs edilən Tural Abdullayev kimdir, jurnalist, yoxsa marketoloq?

Tarix:

2-05-2017, 15:42

/ 61 120 dəfə oxundu.
Marketdən rüşvət alarkən həbs edilən Tural Abdullayev kimdir, jurnalist, yoxsa marketoloq?

Bir neçə gün öncə Daxili İşlər Nazirliyi tanınmış marketoloqun həbsi ilə bağlı məlumat yaymışdı.
Məlumatda deyilirdi ki, "Sosial şəbəkələrdə qeydiyyatdan keçməklə müxtəlif iş adamlarını barələrində guya rüsvayedici məlumatlar yayacaqları, sahib olduqları şirkətləri ictimaiyyət arasında nüfuzdan salacaqları ilə hədələyərək onlardan qanunsuz olaraq pul tələb edən şəxslərə qarşı daxili işlər orqanları tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib.
Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Məhdud Məsuliyyətli Cəmiyyətlərdən birinin rəhbərliyi sosial şəbəkələrdə Tural adlı vətəndaşın onların fəaliyyəti barədə təhqirdici, həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatlar paylaşdığını və bu tipli məlumatların təkrar yayılmaması üçün həmin şəxsin külli miqdarda pul tələb etdiyi barədə məlumat verib: "Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən həmin şəxs - Bakı şəhər sakini Tural Abdullayev qeyd edilən cəmiyyətin əməkdaşından 3500 manat pul alan zaman saxlanılıb. Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir".
Tural Abdullayevin həbs edilməsindən sonra onu bəziləri jurnalist kimi qələmə verməyə başladılar. Bu da media camiyəsində heç də yaxşı qarşılanmadı. Bu səbəbdən məsələni araşdırmaq qərarına gəldik.
Araşdırma zamanı məlum olub ki, onunla bağlı polisə müraciət edən isə "Araz" supermarketlər şəbəkəsinin rəhbərliyidir. Onların arasında bir müddət imiş ki, mübahisə yaşanırmış. Tural Abdullayev "Araz" marketlər şəbəkəsi ilə bağlı bir neçə dəfə tənqidi məzmunlu statuslar paylaşıb, özünün şəxsi saytında məqalələr dərc edib.
Aralarında münaqişənin yaşanmasında əsas səbəblərdən biri, Tural Abdullayevin "Araz" marketlər şəbəkəsini plagiatlıqda ittiham etməsi olub. Bir neçə gün əvvəl İngiltərədən qayıdandan sonra T.Abdullayevin tutulması ilə bağlı əməliyyat keçirilib.
Tural Abdullayev kimdir?
T.Abdullayev bu günə qədər 10-dan çox tanınmış şirkətdə çalışıb. Amma onu hər kəslə tanış edən, reklam edib, tanıdan ilk olaraq telekanallar olub. Telekanallar Tural Abdullayevi marketoloq, ekspert kimi təqdim ediblər. Son 1 il ərzində T.Abdullayev azı 15 dəfə marketoloq kimi rəy verib, verilişlərin qonağı olub.
Özünü hər zaman xidmət və pərakəndə sektoru üzrə ekspert, marketoloq kimi tanıdan Tural Abdullayev əvvəlcə "Tərəzi" layihəsi ilə səs-küy salmışdı. Müxtəlif marketlərə müştəri kimi daxil olub, onlara "Xidmət", "Keyfiyyət", "Rahatlıq", "Təmizlik", "Kampaniyalar" və "Çeşid" üzrə qiymət verirdi. Bu videolar onun ən səs salan layihəsi idi. Bir neçə videodan sonra bu layihəni dəyişməli olub. Eyni adla çəkdiyi videolarda artıq marketlərə getmədən, eyni ərzaqları alıb, çəkisini, dadını və qiymətini müqayisə etməyə başlamışdı.
T.Abdullayev supermarketinq.net saytının da sahibidir. Sayta göz gəzdirdikdə yetərincə məqalə, araşdırma və reklamlar görmək olur. Müxtəlif market və şirkətlərin bannerləri saytda görünür. Bu da təbii ki, ödənişsiz deyil. Həbsi zamanı sübut kimi təqdim edilən videoda T.Abdullayevin pul aldığı görünür. Onun yaxınları bu görüntüdə T.Abdullayevin rüşvət yox, reklam üçün ödəniş aldığını və onun şərləndiyini deyirlər.
Supermarketinq.net saytında marketlər haqqında məqalələrə də göz gəzdirdik. Yazıları oxuyub, müqayisələri incələdik. T.Abdullayevin ən çox tənqid etdiyi, hətta təhqir etdiyi deyilən "Araz" market haqqında saytda müsbət yazılar gördük. Hətta bu yazılar daha çox reklam xarakterlidir.
T.Abdullayevin həbs edilməsi xəbərlərinin sonunda bütün saytlar, "Qeyd edək ki, Tural Abdullayev facebook səhifəsində "Araz" marketlər şəbəkəsini təhqir və şantaj etmişdi" - deyə əlavə edirlər. Öyrəndik ki, T.Abdullayev bunu vaxtilə özünün şəxsi profilində yazıb və sonra silib. Silinən statusu tapdıq. Lakin təhqiramiz ifadələrə görə onu oxuculara təqdim edə bilmirik.
O, həmçinin supermarketinq.net saytından "Araz" marketlə bağlı yazdığı bütün tənqidi yazları silib. "Google" axtarış sistemində həmin yazıları tapmaq mümkün olsa da, saytdan yazı silindiyi üçün onları oxumaq olmur. "Araz" marketlə bağlı müsbət xarakterli məqalələr bu ilin yanvar, fevral aylarına aiddir və heç bir tənqidi yazı yoxdur. Belə bir vəziyyət istər-istəməz şübhə doğurur.
Tural Abdullayevin həbsindən sonra onu "reket jurnalist" kimi adlandıranlar da oldu. Bu səbəbdən Mətbuat Şurası İdarə Heyətinin üzvü və "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevlə əlaqə saxladıq.
A.Quliyev T.Abdullayevin jurnalistikaya heç bir aidiyyəti olmadığını, onun sırf cinayət əməlinə görə həbs edildiyini dedi: "Belə şəxslərin jurnalist kimi qələmə verilməsi, müdafiə edilməsi çox təəccüblüdür. Kiminsə yazı yazması onun jurnalist olması anlamına gəlmir. Əgər hansısa şəxs kimlərisə şantaj edib, onlardan pul alırsa və bu fakta görə yaxalanırsa, deməli, həmin adam cinayət əməli törədib. Buna görə də, cavab verməlidir. Bu tipli şəxslər haqqında "jurnalist həbs edildi" demək olmaz. Həmin adam yazılarına görə yox, cinayət əməlinə görə həbs edilib. Burada heç cür müdafiə forması ola bilməz".

musavat.com

Şərhlər

XƏBƏR LENTİ