SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » İran səfiri Azərbaycan XİN-ə çağırıldı - Məscidə görə

İran səfiri Azərbaycan XİN-ə çağırıldı - Məscidə görə

Tarix:

12-04-2017, 18:44

/ 129 290 dəfə oxundu.
İran səfiri Azərbaycan XİN-ə çağırıldı - Məscidə görə

İran İslam Respublikasının ölkəmizdəki səfiri Cavad Cahangirzadə Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə “1news.az”a XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, səfir XİN-ə Ermənistanın işğalı altında olan Şuşa şəhərində Yuxarı Gövhər ağa məscidində aparılan qanunsuz işlərə İrandan olan mütəxəssislərin cəlb olunması ilə əlaqədar çağırılıb.

H. Hacıyev qeyd edib ki, iranlı diplomatla görüş zamanı ona Azərbaycan tərəfinin mövqeyi çatdırılıb: “İran tərəfindən “Part Saman Jahan Co” şirkətinin bu tip qanunsuz işlərə cəlb edilməsinin qarşısını almağı üçün tədbirlər görməyi xahiş olunub”.

Qeyd edək ki, hələ 2016-cı ilin payızında Qarabağ separatçıları İranın “Part Saman Jahan Co” şirkəti ilə Yuxarı Gövhər ağa məscidində qanunsuz bərpa işlərinin aparılmasına dair saziş imzalayıblar.

Azərbaycan XİN daha öncə Ermənistan tərəfindən Şuşa məscidi ətrafında Azərbaycanın işğal edilmiş ərazilərində maddi- mədəniyyət və dini abidələrinin məhv edilməsi, qarət edilməsi və mənimsənilməsi, onların mənşəyinin və təyinatının dəyişdirilməsi üzrə sistematik vandalizm siyasətinin əsas tərkib hissəsi olan qazıntılara dair bəyanatla çıxış etmişdi.

Xatırladaq ki, Yuxarı Gövhər ağa məscidi İbrahim xanın dövründə (1663-1769-cu illər) tikilib. Layihənin müəllifi Kərbalayi Səfi olub.

Sovet illərində burada tarixi-memarlıq muzeyi yerləşirdi. Azərbaycan müstəqillik əldə etdikdən sonra məscid öz fəaliyyətini bərpa etsə də, 1992-ci ildə Şuşanın işğalından sonra fəaliyyətini dayandırıb.

Şərhlər

XƏBƏR LENTİ