SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Zamirə Hacıyevanın 2 ay vaxtı qalır - Azərbaycana ekstradisiyası yenidən gündəmdə

Zamirə Hacıyevanın 2 ay vaxtı qalır - Azərbaycana ekstradisiyası yenidən gündəmdə

Tarix:

16-07-2019, 10:20

/ 1 075 dəfə oxundu.
Zamirə Hacıyevanın 2 ay vaxtı qalır - Azərbaycana ekstradisiyası yenidən gündəmdə

Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Azərbaycana ekstradisiyası məsələsi London Məhkəməsində 2 ay sonra yenidən araşdırılacaq. Bu müddətdə Zamirə Hacıyeva zamində olacaq. Azərbaycan hüquq-mühafizə orqanları hələ 2016-cı ilin yayında Zamirə Hacıyevanın da əri Cahangir Hacıyev kimi mənimsəmədə ittiham olunduğunu bəyan etmişdi.

İttihama görə, Zamirə Hacıyeva və digərləri mütəşəkkil cinayətkar qruplaşma yaradıb. Qruplaşmanın Beynəlxalq Bankın talanmasında iştirak etdiyi iddia olunurdu. Ona qarşı cinayət işi başlansa da, həbsi mümkün olmayıb. O, ölkəni hələ 2014-cü ilin noyabrında - ərinin həbsindən bir neçə ay öncə, KİV-lərin Cahangir Hacıyevə hücumlarının başladığı dövrdə tərk edib. Bu səbəbdən haqqında axtarış qərarı verilib və ilkin olaraq barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilmişdi. Beynəlxalq Banka vurulan ziyanın ümumi dəyəri 211 milyon 597 min manat məbləğindədir. Məhkəmə Cahangir Hacıyevdən 63 milyon 80 min manat tutularaq, Beynəlxalq Banka verilməsi, ona məxsus olan dəyərli qol saatının və sikkə pulların müsadirə olunması barədə hökm çıxarıb. Zamirə Hacıyeva Böyük Britaniyada yaşayır, bu ölkənin Daxili İşlər Nazirliyi ona Britaniyada varlı sahibkarlar üçün nəzərdə tutulmuş viza ilə yaşamaq icazəsi verib. 3 il öncə ailənin vəkili Aqil Layıcov bankirin xanımının yaxalanıb gətirilməsi məqsədilə Londona Azərbaycandan xüsusi əməliyyat qrupu göndərildiyini demişdi. Azərbaycanda Cahangir Hacıyeva qarşı başlanmış cinayət işində Zamirə Hacıyeva də təqsirli bilinir. Amma o, istintaqdan gizləndiyi üçün barəsində həbs-qətimkan tədbiri seçilərək axtarış elan edilib. Rəsmi məlumatda bunlar öz əksini tapıb. Ona qarşı Cinayət Məcəlləsinin mənimsəmə və israfetmə (mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda törədildikdə) maddələri üzrə ittihamlar irəli sürülüb. Bu maddəyə görə, 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur.

Həbs-qətimkan tədbiri haqda qərarı baş prokurorun müavini Rüstəm Usubovun təqdimatı əsasında Bakının Nərimanov Rayon Məhkəməsi çıxarıb. Qərarda deyilir ki, Zamirə Hacıyeva əri Cahangir Hacıyevin Azərbaycan Beynəlxalq Bankının rəhbəri olduğu dövrdə bankın “Mərkəz” filialının ayrı-ayrı vaxtlarda müdirləri olan Anar Sultanov və Yusif Ələkbərov, filialın müdir müavini, daha sonra müdiri olmuş İlham Abdullayev, “Nəqliyyat” filialının müdiri Kənan Orucov, “Nərimanov” filialının müdiri Məmməd Cahangirov, eləcə də onun yaxın dostu Azad Cavadov və digərləri ilə mütəşəkkil cinayətkar qruplaşma yaradıb. Qruplaşmanın Beynəlxalq Bankın “talanmasında” iştirak etdiyi iddia olunur. Zamirə Hacıyeva və ailə üzvlərinin mənimsənildiyi iddia edilən pullarla təyyarə biletləri, zinət əşyaları alındığı, təhsil haqlarının ödənildiyi, Avropanın dəbdəbəli istirahət mərkəzlərində istirahət etdikləri, gözəllik salonlarında, restoranlarda xərclədiyi bilinir.

Bir neçə gün əvvəl London məhkəməsində Azərbaycan hüquq-mühafizə orqanlarının tələbi ilə Zamirə Hacıyevanın ekstradisiyası məsələsinə baxılıb. APA-nın London müxbirinin verdiyi xəbərə görə, keçirilən məhkəmə prosesində Birkbeck Universitetinin professoru Bill Villiam Bovring şahid qismində çıxış edib. O, 26 iyunda məhkəmədə gizli şahid qismində çıxış edən azərbaycanlı kimi Azərbaycan məhkəmə sistemini tənqid edib, insan haqları sahəsində problemlər olduğunu iddia edib. O, Azərbaycanda qadınlar üçün nəzərdə tutulan cəzaçəkmə müəssisələrində şərtlərin yaxşı olmadığını qeyd edib. Azərbaycan hökumətinin iddiasını müdafiə edən Helen Malcolm isə Azərbaycanda məhkəmə sistemi və insan haqları mövzusunda gedən islahatlar haqqında məlumat verib. O, şahid qismində çıxış edən Bill Villiamın Azərbaycanda 2005-ci ildə səfərdə olduğunu, qadın cəzaçəkmə müəssisəsinə isə ümumiyyətlə baş çəkmədiyini bildirib. Helen Malcolm şahidin Azərbaycanda hər hansı məhkəmə prosesində iştirak etmədiyini də deyib. Hakim Emma Arbuthnot isə növbəti məhkəmə prosesini sentyabrın 26-na təyin edib. O, Zamirə Hacıyevanın zaminə buraxılma şərtlərini yüngülləşdirib. Belə ki, Zamirə Hacıyeva bundan əvvəl hər gün 9:00-dan günorta saatlarınadək Londonun “Charing Cross” polis stansiyasına baş çəkməli idi. Hakim günləri azaldaraq, Hacıyevanın polis stansiyasına həftənin çərşənbə axşamı və cümə günləri getməsinə qərar verib.

Yada salaq ki, 8 noyabr 2018-ci ildə Kral Ədalət Məhkəməsində keçirilən iclas sonrasında Zamirə Hacıyeva bəzi şərtlərlə zaminə buraxılmışdı. Bu şərtlərdən biri isə odur ki, Z.Hacıyevanın pasportu polisdə saxlanılmalıdır. Bir vaxtlar Azərbaycanın zəngin ailələri sırasında ilk yerlərdə adları çəkilən Cahangir və Zamirə Hacıyevlərin günü hazırda məhkəmələrdə keçir. Zamirə Hacıyeva Londonda, Cahangir Hacıyev isə Bakıda hakimlərin suallarını cavablandırmaq məcburiyyətindədir. Cahangir Hacıyev bundan əvvəl də hakim qarşısına çıxarılıb və barəsində 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılıb. Hazırda o, yeni ittihamlar üzrə sorğu-sual olunur. Ölkədən milyardlarla pulun çıxarılmasında ittiham edilir.

Zamirə Hacıyeva təkcə Azərbaycan hüquq-mühafizə orqanlarının tələbi ilə deyil, həmçinin Britaniyada ötən il ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində məhkəməyə çəkilib. O da 2018-ci ilin sonunda London məhkəməsində varidatı ilə bağlı sorğu-sual edilib. Xanım Hacıyevaya varidatın mənbəyini açıqlamaq üçün vaxt verilib.

Zamirə Hacıyeva 2018-ci ilin sonunda İngiltərənin paytaxtı Londonda saxlanılıb və sonradan girov müqabilində zaminə buraxılıb. 55 yaşlı Zamirə Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunmuşdu. Bu sərəncama əsasən, o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır. Zamirə Hacıyeva 10 il ərzində Londonun məşhur dükanı “Harrods”da 16 milyon funt sterlinq xərcləyib. Bu, gündə 4 min funtdan çox xərcləmə deməkdir. O, Londonda alış-verişləri üçün ödənişi ərinin bankının 35 ədəd kredit kartı ilə edib. 7 il əvvəl Britaniyanın Virgin Adalarında mənzillənən bir şirkət Londonun qərbində “Harrods” alış-veriş mərkəzinin yaxınlığında bir evə 11.5 milyon funt ödəyib. 2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını - “Mill Ride Golf Club”u almaq üçün 10 milyon funt xərcləyib. Rəsmi məlumatlar cütlüyün “Harrods”un bahalı avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta “Gulfstream G550 jet” təyyarəsini aldığını da ortaya çıxarıb. Onun ailəsinə aid olan 400 min funt-sterlinqdən çox dəyəri olan zinət əşyaları müsadirə edilib və “Christie” auksionunda satışa çıxarılması nəzərdə tutulub. Zamirə Hacıyeva hazırda Londonda yaşayır, o, məhkəmənin tələbini yerinə yetirib xərclədiyi pulların mənbəyini açıqlaya bilməsə, həbs edilə və Azərbaycana tərəfinə təhvil verilə bilər.

Tanınmış hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, Zamirə Hacıyevanın sağa-sola səpələdiyi pulların bizneslə qazanılmadığı hamıya bəllidir: “Bunda heç kimin şübhəsi yoxdur. Cahangir Hacıyevin Beynəlxalq Bankın rəhbəri olaraq aldığı əmək haqqı o sayaq yaşamağa imkan verməyib. Odur ki, vəkilləri digər dəlillərlə Zamirə Hacıyevanın Azərbaycana təhvil verilməsinin qarşısını almağa çalışırlar. Buna nə dərəcədə nail olacaqlar sualına cavab vermək çətindir. Ortada yarısı dövlətə məxsus Beynəlxalq Bankdan milyonlarla pulun talanması haqda məlumatlar, məhkəmə qərarları var. Cahangir Hacıyevin Beynəlxalq Bankda rəhbər olaraq aldığı məvacib ailəsinə Londonda bu cür pul xərcləməyə imkan verməzdi”.

Əkrəm Həsənov hazırda aktual məsələlərdən biri kimi ölkədən çıxarılan pulların geri qaytarılması məsələsinin olmasına diqqət çəkib: “Azərbaycan tərəfi Hacıyevlərin Londondakı varidatının satılaraq pulunun ölkəyə təhvil verilməsinə cəhd etsə, İngiltərə məhkəməsi Azərbaycan dövlətindən dəlillər tələb edəcək. Bu zaman Azərbaycan dövləti 2 əsas problemlə üz-üzə qalacaq. Birincisi, bank sahəsi üzrə elementar hüquqi bilik və savadı olan kadrlar problemi var. Bu məsələdə bizdə durum nəinki Qərb, heç Rusiya standartları ilə də müqayisə edilə bilməz. Rusiyanın ”Mejprombank"ının sahibi Serqey Puqaçovun London məhkəməsində uduzması da Rusiyada dövlət qurumlarında yüksək səviyyəli hüquqşünas kadrların işləməsi ilə əlaqədardır. Həmin o hüquqşünaslar London məhkəməsində sübut etdilər ki, Sergey Puqaçov “Mejprombank”ın pullarını ələ keçirib. Bu məsələni savadlı şəkildə məhkəmədə izah edib sübuta yetiriblər. Azərbaycanda bu işi o səviyyədə izah etməyi bacaran az sayda hüquqşünas var. Azərbaycandan hüquqşünasları göndərməyib xarici hüquqşünaslarla bu məsələni çözmək istəsələr, vəziyyət dəyişməyəcək. Bu zaman 2-ci və ən əsas məqam ortaya çıxacaq - Cahangir Hacıyev özü təkbaşına bu boyda qələt edə bilməzdi. Bunu hamı bilir. Beynəlxalq Bankdan o boyda pulun çıxarılmasında azı 200 nəfər iştirak edib. Mütləq Cahangir Hacıyevlə əlbir işləyənlər olub. Bu gün həmin şəxslər istintaqa cəlb olunmayıblar, onlar elə həmin Beynəlxalq Bankda və ya digər banklarda işləyirlər. Azərbaycan dövləti London məhkəməsinə müraciət etsə, bir-bir, sənədlərlə, sübutlarla isbat etməlidir ki, pullar oğurlanıb, oğurluqlara görə Cahangir Hacıyev başda olmaqla, filankəslər ədalətli məhkəmə qarşısında dayanıb cəzalarını alıblar”.

Hüquqşünas deyir ki, Beynəlxalq Bankdakı oğurluqların miqyası böyükdür və belə oğurluqların qarşılığında aparılan istintaq, həbslər çox məhdud dairədə olub. Halbuki geniş istintaq tədbirlərinə ehtiyac zərurəti bu gün də qalır: “Bank qanunvericiliyində ”banka aidiyyəti olan şəxs" anlayışı var. Bu şəxslər bankın idarəetmə orqanlarında, bankın səhmdarları, ailə üzvləridir. Onların banklardan kredit almasına hər dəfə Müşahidə Şurasının razılığı alınmalıdır. Yəni Zamirə Hacıyevaya kreditlər Müşahidə Şurasının razılığı olmadan verilə bilməzdi. Böyük ehtimalla, belə bir razılıq olmayıb. Olmayıbsa, sual ortaya çıxacaq ki, banka necə nəzarət etmisiniz? Azərbaycan Beynəlxalq Bankdan oğurlanan pulların məhkəmə qaydasında geri qaytarılmasına qalxsa, bu suallara cavab verməli olacaq. Əslində real vəziyyət də belə olub. Cahangir Hacıyevin arxasında Eldar Mahmudov dayanırdı. O da nə Maliyyə Nazirliyini, nə də Mərkəzi Bankı Beynəlxalq Banka yaxın buraxıb. Avropada isə belə izahatlar keçmir. London məhkəməsindən belə izahlarla ölkənin xeyrinə qərar almaq çətin ki, mümkün olsun".
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ