SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » AYB-nin adı bu dəfə striptiz-şou qalmaqalında hallanır - təfərrüat

AYB-nin adı bu dəfə striptiz-şou qalmaqalında hallanır - təfərrüat

Tarix:

16-05-2019, 10:04

/ 2 273 dəfə oxundu.
AYB-nin adı bu dəfə striptiz-şou qalmaqalında hallanır - təfərrüat

Azərbaycan Yazıçılar Birliyinin balansında yerləşən, kafe kimi icarəyə verilən məkan ətrafında yenidən qalmaqal yaranıb. Saytlarda yazılan məlumatlara görə, hazırda “Hot Room Club” adı altında fəaliyyət göstərən məkanda axşam saatlarında striptiz-şou nümayiş etdirilir. Bu barədə yazan unikal.org saytı məlumatı təsdiqləyən video da yayıb. Bütün bunlardan sonra sosial şəbəkələrdə Azərbaycan Yazıçılar Birliyi (AYB) yenidən qınaq obyektinə çevrilib.

“Yeni Müsavat”ın əməkdaşı ərazidə olub, mövcud vəziyyətlə maraqlanıb. Kafenin bağlı olduğunu müşahidə etsək də, bir sıra məlumatlar ala bildik.

Məlumatlara keçməzdən öncə həmin məkanın yaxın tarixi ilə bağlı qısa xatırlatma edək. Yada salaq ki, bu kafe 2017-ci ildə “26" kafesi kimi fəaliyyət göstərirdi. Həmin zaman AYB-nin rəhbərliyi məkanı icarəyə vermişdi. O vaxt Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutan Hacıbala Abutalıbov kafeni bağlatdırdı. Sabiq mer bildirirdi ki, kafenin bağlanma səbəbi adının ”26" olması ilə əlaqədardır. H. Abutalıbov əsas gətirdi ki, kafenin adı “26 Bakı komissarı”nın ismi ilə bağlıdır. Abutalıbov deyirdi ki, sözügedən məkan əvvəllər fəaliyyət göstərmiş Məmməd Arif Dadaşzadə adına kitabxanaya, eyni zamanda görkəmli Azərbaycan şair və yazıçıları olan Hüseyn Cavid, Səməd Vurğun, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Rəsul Rza və digər bu kimi dahi şəxsiyyətlərin tarixi izlərinin olduğu “Natəvan” klubuna aiddir: “Belə bir yerdə əxlaqsız gecə klubu olan ”26-lar” kafesinin fəaliyyət göstərməsi bu dahi şəxslərin ruhuna və Azərbaycan xalqına hörmətsizlikdir", - deyə Abutalıbov gileylənmişdi. Nəticədə kafe fəaliyyətini dayandırdı.

***

Yuxarıda da qeyd etdiyimiz kimi, biz ərazidə olduğumuz zaman kafenin qapıları bağlı idi. Gecə fəaliyyət göstərən kafenin gündüz saatlarında bağlı olması əslində normaldır. Kafenin fotolarını çəkən zaman AYB-nin qapısında mühafizəçi kimi dayanan yaşlı kişilər bizə maneə yaratmağa çalışdılar. Bildirdilər ki, kafe heç də mətbuat səhifələrində yazıldığı profildə fəaliyyət göstərmir. Sözlərindən belə anlaşıldı ki, məkan bütün qaydalara əməl edir.

AYB-yə daxil olub qurumun mətbuat xidmətinin rəhbəri Xəyal Rza ilə görüşdük. X. Rza bildirdi ki, məlumat yayıldıqdan sonra kafeni icarəyə götürən şəxslərlə söhbət aparılıb: “Biz oranı işlədən şəxslərlə icarəyə müqaviləsi bağlamışıq ki, həmin məkan restoran kimi fəaliyyət göstərsin. Orada əgər profil dəyişdirilibsə, xəbərlərdə deyildiyi kimi, hansısa formatda fəaliyyətə cəhdlər olunubsa, təbii ki, icarəyə götürən şəxslərə xəbərdarlıq olunacaq. Ancaq məkan heç də striptiz klub kimi fəaliyyət göstərmir. Dediyim kimi, biz oranı müqavilədə kafe olaraq icarəyə vermişik. Əgər xəbərdarlıqdan sonra yenidən icarə götürənlər fəaliyyətlərində hansısa etik normalara əməl etməyəcəklərsə, müqavilə dayandırılacaq. Ancaq indiki halda hələ ki həmin şəxslərlə olan müqavilənin bitmə vaxtına 4 ay qalıb. Bütün proses Çingiz Abdullayevin nəzarəti altındadır. Onların gündüz fəaliyyət göstərib-göstərməməsi ilə bağlı məlumatım yoxdur. Biz saat 17:00-a qədər burada çalışırıq. Həmin məkan, sadəcə olaraq, AYB-nin balansındadır. Biz oranı icarəyə vermişik və aldığımız vəsaitlə də burada maaşı az olan əməkdaşlara yardım edir, yazıçıların kitab təqdimatlarına, çaplarına və digər bu kimi işlərə dəstək oluruq. Yəni maaşları az olan insanlara əlavə yardım lazım olan zaman həmin vəsaitdən istifadə edirik. Burada aylıq maaşı 180 manat olan insanlar var. Elə mənim özüm də oradan gələn puldan yardım alıram. 2017-ci ildə ”26" kafesi bağlandıqdan sonra biz icarəyə verməyə şəxs tapana qədər maddi problem yaşadıq".

Onu da qeyd edək ki, məlumatlar yayılıb ki, AYB daxilində mövcud olan “Natəvan” klubundan da qazanc yeri kimi istifadə edir. Qeyd olunur ki, bura icazəyə verilməsə də klubda kitab təqdimatları keçirilən zaman satılan hər kitabdan müəyyən məbləğ AYB-yə çatır. Yəni əgər yazıçı 5 manat qiymətində kitab satırsa, onun 1 manatı AYB-nindir.

Xəyal Rza isə bildirdi ki, həmin klub, sadəcə olaraq, kitab təqdimatları və digər bu kimi tədbirlər üçün istifadə edilir: “Ora icarəyə verilməyib”.

Kafeyə gəlincə isə müqavilə bitdikdən sonra ya uzadılacaq, ya da dayandırılacaq. Bu, onların necə fəaliyyət göstərmələrindən asılıdır.

AYB-nin Təsərrüfat şöbəsinin müdiri Əlibala Əliyev unikal.org saytına bildirib ki, klubun icarəsindən 8 min manat qazanırlar: “Bizim o klubla bu ilin noyabr ayına kimi müqaviləmiz var. Müqavilənin aylıq qiyməti 8000 manatdır. Biz videoda olan halların aradan qaldırılması üçün klubun icarədarına xəbərdarlıq etdik. Bu cür halların bir də təkrarlanmamasını tapşırdıq”.

Bu klubun sahibinin Roşka Roş adlı reper olduğu bildirilir. “Hot Room Club”da açıq-saçıq geyinən qızlar müştəriləri əyləndirib, striptiz şoualar göstərirlər.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevsə məsələdən xəbərdar olmadığını və bu işlə AYB-nin katibi, yazıçı Çingiz Abdullayevin məşğul olduğunu bildirib. Çingiz Abdullayev isə məsələ ilə bağlı bunları deyib: “Mən bilirəm orada oynayanlar var. Amma obyektdə striptiz şounun nümayiş etdirilməsindən xəbərsizəm. Əgər həqiqətən də belə bir fakt olarsa, biz icarə müqaviləsinə xitam verəcəyik. Baxmayaraq ki, müqavilənin bitməsinə 4 ay vaxt qalıb”.

Şərhlər

XƏBƏR LENTİ