SON DƏQİQƏ

XalqXəbər.Az
Yüklənir...

Ziya Məmmədova gələn il çətin olacaq - Əgər vəzifədə qalarsa...

Ziya Məmmədova gələn il çətin olacaq - Əgər vəzifədə qalarsa...
1-12-2016, 09:28184Oxunub.

 
Son bir ildə geniş səlahiyyətlərini itirən nəqliyyat naziri Ziya Məmmədovun yenidən əvvəlki nüfuzunu bərpa edəcəyini düşünənlərin sayı artıb.

Təbii ki, belə düşünənlər Ziya Məmmədovun oğlu Anar Məmmədovun biznes müttəfiqi Donald Trampın Amerika prezidenti seçilməsini əsas gətirirlər. Onlar hesab edirlər ki, Trapmın prezident seçilməsindən sonra hakimiyyətin Ziya Məmmədova münasibəti dəyişəcək, ona yönələn sərt baxışlar əvvəlki kimi xoş təbəssümlə əvəzlənəcək.

Amma gələn ilin ana maliyyə sənədi açıqlanarkən bəlli olub ki, Z.Məmmədova və onun rəhbəri olduğu nazirliyə əlavə hər hansı vəsait ayrılmayıb. Ölkənin nəqliyyat sektoruna ayrılan vəsaitin böyük hissəsinə isə Z.Məmmədov nəzarət edə bilməyəcək.

Qeyd edək ki, gələn il ölkənin üç böyük şəhərində sərnişindaşıma sektoruna ümumilikdə 49 milyon manata yaxın vəsait ayrılacaq. Bu barədə 2017-ci ilin dövlət büdcəsi layihəsində qeyd olunub.

Layihəyə görə, 2017-ci ildə Bakı, Gəncə və Sumqayıt şəhərlərində (avtomobil ilə) sərnişindaşıma sektorunun fəaliyyətinin təkmilləşdirilməsinə ümumilikdə 48 milyon 833 min manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu vəsaitin 2,3 milyon manatı qurumların saxlanmasına, 46,5 milyon manatı isə nəqliyyat sahəsində fəaliyyətlərin təşkilinə yönəldilməlidir. Bakı Nəqliyyat Agentliyinin saxlanmasına 2,1 milyon manat, Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinə 122,7 min manat, Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinə 117,7 min manatın ayrılması nəzərdə tutulub.

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyi, Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi və Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi 2016-cı ildə prezidentin fərmanı ilə yaradılıb. Bununla da hər üç böyük şəhərdə sərnişindaşıma Nəqliyyat Nazirliyinin əlindən alınıb.

Bilgiləndirən şəxs deyib ki, gələn ilin büdcəsində nəzərdə tutulan 50 milyon manat vəsait Ziya Məmmədovun əlindən çıxıb:

"Bu ilin əvvəllərində KİV-də belə məlumatlar dolaşırdı ki, Ziya Məmmədov sərnişindaşıma ilə bağlı ayrıca qurum yaradılmasını və həmin qurumun öz nəzarətində olmasını istəyir. Lakin o vaxt da vurğulanırdı ki, bu, inandırıcı deyil. Çünki artıq sərnişindaşıma xidməti şəhər və rayonların icra hakimiyyətlərinə verilib. Həmin səlahiyyətlərin onlardan alınması isə icra başçılarının və onların himayədarlarının ciddi narazılığına səbəb ola bilər".

Digər tərəfdən, ölkədə getdikcə dərinləşən maliyyə böhranı da buna imkan vermir. Hökumət indi nəinki bu sahə üzrə yeni qurum yaratmaq barədə düşünmür, hətta bəzi qurumların ləğvi ətrafında müzakirələr aparılır.

Onu da xatırladaq ki, hələ 2014-cü ildə paytaxtda sərnişindaşıma sahəsi Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılaraq Bakı Şəhər İcra Hakimiyyətinə verildi. Bununla Z.Məmmədov həm müəyyən səlahiyyətini, həm də böyük məbləğdə vəsaitə nəzarətini itirdi. Mövcud münasibətlər isə göstərir ki, Məmmədovun gücünü özünə qaytarması elə də asan olmayacaq.

Məlumat üçün qeyd edək ki, bu ilin may ayında Nazirlər Kabineti "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"nda dəyişiklik edib. Qaydaya əsasən, müsabiqənin təşkilinin məqsədi avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarında əhalinin tələbatının ödənilməsi, sərnişinlərə keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsi, azad sahibkarlıq və sağlam rəqabət mühitinin formalaşdırılması, nəqliyyat xidmətləri bazarının inkişafı və bu sahədə dövlət tənzimlənməsinin təkmilləşdirilməsidir.

Qaydaya görə, indiyə qədər müsabiqənin təşkilatçısı qismində şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə müntəzəm sərnişin daşımalarının dövlət sifarişçisi olan Nəqliyyat Nazirliyi çıxış edib. Dəyişiklikdən sonra isə Nəqliyyat Nazirliyi Bakı, Sumqayıt və Gəncə şəhərlərində bu sahədə səlahiyyətini itirib. Başqa sözlə, bundan sonra Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati əraziləri istisna olmaqla, Azərbaycanın digər ərazilərində müsabiqənin təşkilatçısı qismində şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə müntəzəm sərnişin daşımalarının dövlət sifarişçisi olan Nəqliyyat Nazirliyi çıxış edəcək. Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə sifarişçi qismində müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi və Gəncə Şəhər İcra Hakimiyyəti yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi çıxış edəcəklər.

Əldə etdiyimiz məlumatda bildirilir ki, sonuncu dəyişiklik də Ziya Məmmədovun əleyhinə işləyir. Belə ki, üç iri şəhərdə sərnişindaşıma üzərində nəzarətin əldən verilməsi ilə Nəqliyyat Nazirliyi olduqca iri məbləğdə dövlət vəsaiti üzərində nəzarətini itirib. Bunu ölkənin yuxarıda adları çəkilən üç böyük şəhərində avtomobil ilə sərnişindaşıma sektoruna ümumilikdə 49 milyon manata yaxın vəsait ayrılması da təsdiqləyir. "Əgər həmin şəhərlərdə sərnişindaşıma sektoru Ziya Məmmədovun nazirliyinin tabeliyində qalsaydı, yəqin həmin vəsaitlər də onun nazirliyinə yönəldiləcəkdi. Odur ki, Ziya Məmmədov və onun yaxın ətrafının yenidən güclənəcəyini və böyük məbləğdə büdcə vəsaitlərinə nəzarət edə biləcəklərini düşünənlər yanılırlar. Nəzərə alaq ki, ölkənin iqtisadi durumu ağırdır. Gələn il infrasturuktur layihələrinə böyük məbləğdə vəsaitlərin ayrılması da nəzərdə tutulmur, belə olduqda, Məmmədovun yenidən milyonlara hökm etməsini gözləmək sadəlövhlükdür",-deyən mənbəmiz qeyd edib ki, Trampın Amerika prezidenti seçilməsinin Məmmədovlara "yaşıl işıq" yandıracağını düşünənlər müəyyən mənada yanılırlar: "Həmin şəxslər Nəqliyyat Nazirliyinin səlahiyyətinin daha da məhdudlaşdırıldığını görəndə yanlış düşüncədə olduqlarını anlayacaqlar".
 
"Reyting.az"
 

XƏBƏR LENTİ
GÜNDƏM
KÖŞE YAZARLARI
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ