SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Aqiyə Naxçıvanlı: “Xalidə Bayramovanın və direktorun intiharla bağlı davranışları müəmmalı və dəhşətlidir”

Aqiyə Naxçıvanlı: “Xalidə Bayramovanın və direktorun intiharla bağlı davranışları müəmmalı və dəhşətlidir”

Tarix:

23-04-2019, 08:52

/ 888 dəfə oxundu.
Aqiyə Naxçıvanlı: “Xalidə Bayramovanın və direktorun intiharla bağlı davranışları müəmmalı və dəhşətlidir”

“İcra başçısının müavininin orada olmasının səbəbi hələ də mənə aydın deyil”
Bakı şəhəri 162 saylı məktəbin şagirdi Elina Hacıyevanın məktəbdə intiharı, bu hadisənin ətrafında cərəyan edən hadisələr ölkə gündəmindən düşmür. Xatırladaq ki, artıq məktəb direktoru Sevin Abbasova Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilərək, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Hadisənin digər iştirakçısı, Səbayel Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova isə ona qarşı yönələn ittihamlarla bağlı yalnız ötən gün “Meydan TV”yə açıqlama göndərib. Məmur bu açıqlaması ilə direktoru ifşa etməsi ilə yanaşı, həm də baş verən hadisədə çoxlu sayda müəmmaların olduğunu bir daha sübut etmiş oldu. Məsələn, həmin açıqlamadan məlum olur ki, yeniyetmə qız intihar etdikdən sonra dərhal hadisə yerinə təcili tibbi yardım çağırılmayıb. İcra başçısının birinci müavini səlahiyyətlərinə aid olmayaraq məktəbə gəlib, ağır vəziyyətdə olan qıza yardım etmək əvəzinə, onu danışdıraraq videoya alıb. X.Bayramova öz açıqlamasında bu məsələni təsdiqləyib və qeyd edib ki, uzun illərdir ki, çətin vəziyyətlərdə videoçəkilişin aparılması praktikasına malikdir:

“... Belə etməklə məqsədim baş verən prosesin maksimum şəffaflığını təmin etmək, hadisənin sonrakı araşdırılması üçün faktları qeyd etmək olub. Xəstəxanada, sadəcə, müşahidə etmirdim, Elinanın həyata qaytarılması üçün lazım olan bütün tədbirlərin görülməsinin təmin olunmasına çalışırdım. Bu zaman keçirdiyim hiss və həyəcanları, ağrını və yanğını sözlə izah etmək mümkün deyil”.

Halbuki X.Bayramova bundan əvvəl mətbuata açıqlamasında həmin görüntülərin onun tərəfindən çəkilmədiyini demişdi. Beləliklə, məmurun açıqlaması hadisə barəsində gedən müzakirələri daha da qızışdırıb. Suallar ortalığa çıxıb ki, məlum videogörüntüdə “İnşallah sağ qalmaz” sözünü kim deyib və kimi nəzərdə tuturdu X.Bayramova Elinanın həyata qaytarılması üçün lazım olan bütün tədbirlərin görülməsinin təmin olunmasına çalışdığını bildirir, bəs niyə intihar edən qızı zəhərlənmə adı ilə Toksikologiya Mərkəzinə aparıblar? Bundan əvvəl açıqlamasında niyə videonun onun tərəfindən çəkilmədiyini bildirib? Bu azmış kimi, həmin videonun “hələ canlı, gözəl, ağıllı və xeyirxah qızdan qalan son xatirə” kimi anasına bağışlandığını deyib. Ən çox verilən sual isə budur: Bu qədər faktdan sonra icra başçısının birinci müavini məsuliyyətdən necə kənarda qala bilir?

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Aqiyə Naxçıvanlı məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb. Deputat həm məktəb direktoru, həm də icra başçısının birinci müavininin davranışlarında müəmma və uyğunsuzluqlar olduğunu bildirdi:

“Öncə bir sual ortalığa çıxır - necə olur ki, məktəb direktoru bu vaxta qədər öz səlahiyyətlərini, hüquqlarını bilmir?

Əgər məktəbdə o cür hadisə baş veribsə, ilk olaraq təcili yardıma, polisə, daha sonra isə Bakı Təhsil Şöbəsinə məlumat verilməli idi. Eyni zamanda digər müəmmalar da var. Hələ də başa düşə bilmirəm ki, direktor niyə icra başçısının müavinini hadisə yerinə çağırıb. Ümumiyyətlə, icra başçısının müavininin orada olmasının səbəbi hələ də mənə aydın deyil. Niyə o, məktəbə gedib? Niyə direktor aidiyyəti yerlərə deyil, ona müraciət edib? Niyə hər ikisi uşağın xilas olması, yaşaması üçün əllərindən gələni etməyiblər? Onlara çəkiliş lazım idi? Məgər icra başçısının müavini operatordurmu ki, çəkiliş aparır? Uşağın o halında video çəkmək nə dərəcədə insanlığa sığır? Bayramova açıqlamasında bildirib ki, videonu qızın anasına bağışlayıb. Faktiki olaraq uşağın anasına dağ çəkmək üçün belə edib. Halbuki intihar edən uşağa təcili yardım lazım idi. Hətta təcili yardım gəlməsə belə, onu dərhal xəstəxanaya çatdırmalı idilər. Bütün bunların hamısı həm müəmmalı, həm də dəhşətlidir. Şəxsən mənim üçün də maraqlıdır ki, hüquq-mühafizə orqanları sonda hansı nəticəyə gələcək, qərar verəcək.

Ümumiyyətlə, bu hadisə məni dəhşətə gətirir ki, niyə şəxslər öz tutduğu vəzifənin səlahiyyətlərini başa düşmür, lazım olmayan yerə gedir, lazım olmayan işləri görür, bununla da ictimaiyyətdə bir çaşqınlıq yaradırlar? Bu məsələdə doğrudan da uyğunsuzluq var. Eyni zamanda hadisədə çox günahkar görürəm.

Məlum olduğu kimi, Elinanın problemləri olub. Məktəb rəhbərliyi bu problemləri həll etməyib. Hətta qız həyatının son dəqiqələrində də qayğı görməyib. Bu nə dərəcədə insanlığa, mənəviyyata sığır? Bütün bu olanlar məni incidir. Yəni doğrudanmı cəmiyyətdə insanların bir-birinə qarşı mərhəmət hissi azalıb?"
Deputat Fərəc Quliyev isə məsələyə qısaca olaraq mövqe bildirdi: “Elinanın hadisəsi hər birimizi çox üzüb. Bu işin obyektiv araşdırılması hüquq-mühafizə orqanlarının işidir. Buna görə də indidən kiminsə haqqında fikir söyləməyimiz doğru olmaz. İstəyimiz yalnız bundan ibarətdir ki, obyektiv araşdırma aparılsın”.
“Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə isə məsələnin Elinanın deyil, digər şəxslərin üzərində fokuslanmasının doğru olmadığını bildirdi:

“Elinanın intiharı ilə bağlı məsələ bu gün də sosial şəbəkələrdə xeyli müzakirə edilir, müxtəlif fikirlər bildirilir. İlk gündən müraciət etmişəm ki, gəlin mülahizələrimizlə istintaqa mane olmayaq, səbirlə istintaqın nəticələrini gözləyək. Burada bir uşağın taleyindən söhbət getmir. Bu gün Elinanın timsalında nə qədər uşağın problemi ortaya çıxır. Biz məktəblərdə şagirdlərin gözümçıxdıya salınmasının qarşısının alınması, məktəb rəhbərliyinin valideynlərlə birgə iş aparması, icra hakimiyyətində mövcud olan müəyyən qurumların işlək vəziyyətə gətirilməsi məsələsini qabartmışıq. Günahkarları istintaq tapacaq. Şəxsən mən istintaqın nəticələrini gözləyirəm".

Kəmalə Ağazadə ilk gündən Elinanın ailəsinin yanında olduğunu vurğuladı: “Dəfələrlə ailə ilə görüşmüşəm, yanlarında olmuşam. Bu gün Elinanın kimlərinsə ambisiyasına qurban getməsini istəmirəm. Elina kənarda qalmasın, məsələnin onun üzərində fokuslanmasını istəyirəm. Əmin olun, əgər icra başçısının müavininin bu hadisədə günahı varsa, istintaq mütləq onu ortaya çıxaracaq”.

Qeyd edək ki, deputat Aydın Mirzəzadə X.Bayramova barəsində səslənən şərhləri pisləyib, ona qarşı ədalətsizliyin yolverilməz olduğunu bildirib...

“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ