SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » “Mənə dedi ki, icarə haqqını ödəməsən, sənin başına oyun açacağam” - HÜSEYN ABDULLAYEVİN MƏHKƏMƏSİNDƏN

“Mənə dedi ki, icarə haqqını ödəməsən, sənin başına oyun açacağam” - HÜSEYN ABDULLAYEVİN MƏHKƏMƏSİNDƏN

Tarix:

16-04-2019, 16:50

/ 959 dəfə oxundu.
“Mənə dedi ki, icarə haqqını ödəməsən, sənin başına oyun açacağam” - HÜSEYN ABDULLAYEVİN MƏHKƏMƏSİNDƏN

Bakı Hərbi Məhkəməsində 2018-ci ilin aprel ayında Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən, qanunsuz sahibkarlıq, dələduzluq, hədə-qorxu ilə tələb etmə və vergidən yayınma kimi əməllərdə ittiham olunan sabiq deputat Hüseyn Abdullayev və anası Zeynəb Abdullayevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, Abdullayevlərlə birgə məhkəmə qarşısına daha 7 nəfər – Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyev çıxarılıb. Adları çəkilən şəxslər arasında sərhədçilər də var.

Prosesdə zərərçəkmiş qismində dindirilən Bakı Autizm İdman və Yaşam Klubunun direktoru Elnur Məmmədov sabiq deputat tərəfindən hədə-qorxulara məruz qaldığını bildirib. O, H.Abdullayevə məxsus obyekti kirayə götürdüyünü, bir müddət icarə haqqını gecikdirdiyini, bu səbəbdən də sonuncunun ona Almaniyadan zəng vurub hədələdiyini deyib: “Mənə dedi ki, icarə haqqını ödəməsən, sənin başına oyun açacağam. Onun dediklərindən qorxuya düşdüm. Buna görə özümü zərərçəkən hesab edirəm. Sonradan icarə haqqını ödəmişəm".

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində maliyyəçi vəzifəsində işləmiş Rəcəb Rəcəbov H.Abdullayevdən şikayətçi olmadığını deyib. Sabiq deputat zərərçəkmişə sual vermək istəyib. Lakin hakim təqsirləndirilən şəxsə onun ifadə vermədiyini xatırladıb. Və bunu əsas gətirərək sözünü kəsib.

Məhkəmə prosesi aprelin 18-də davam edəcək.

Xatırladaq ki, Almaniyada sığınacaq almış H.Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanılaraq, Azərbaycana təhvil verilib.

İttihamda yazılıb ki, müxtəlif adamların şikayətləri əsasında 14 fevral 2018-ci ildə cinayət işi başlanıb. 2006-cı ildən H.Abdullayevin nəzarətində olan "Araz-İnşaat” ASC ilə bağlı araşdırma aprılıb, səhmdarlara yalan məlumat verilməklə, 1 milyon 374 min manatlıq gəlir mənimsənilib.

İttihama görə, Z.Abdullayevanın ölkədən çıxışına qadağa olmasına baxmayaraq, o, bacısının pasportu ilə bir neçə dəfə ölkədən çıxıb və bir müddət sonra geri qayıdıb. Cinayət məsuliyyətinə cəlb olunanlar arasında sərhədçilərlə yanaşı, Z.Abdullayevanı maşınla sərhəd məntəqəsinə aparmış N.Əliyev də var.

İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınır.

H.Abdullayev özünü təqsirli bilmir və siyasi sifarişlə həbs olunduğunu deyir.

Şərhlər

XƏBƏR LENTİ